ABŞ prezidentinin müşaviri İranda olub
11 iyun 2014 22:42 (UTC +04:00)

ABŞ prezidentinin müşaviri İranda olub

0

ABŞ prezidentinin mənəvi müşaviri Coel Hanter İran İslam Respublikasında səfərdə olub, bu ölkədə konfransa qatılıb və bir sıra rəsmilər, ruhanilər, alimlərlə görüşlər keçirib.

 

Lent.az-ın  “Media forum”-a istinadən məlumatına görə, İran tərəfi və Coel Hanter bu xəbəri təsdiqləyib.

 

Coel Hanter keşişdir. O, mayın 26-da Tehranda “İbrahimi dinlər baxımından radikalizmdən və zorakılıqdan kənar bir dünya” mövzusunda keçirilən konfransda iştirak edib. Coel Hanteri Tehran səfərində ABŞ-ın din xadimlərindən ibarət heyət müşayiət edib.

 

Bir həftə İranda qalan Coel Hanter və heyət üzvləri İran parlamentinin sədri Əli Laricani, ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamneyinin müşavirləri, Qum dini dairəsinin yüksək titullu ruhaniləri, İran Elmlər Akademiyasının rəhbərləri, xristian və yəhudi icmasının başçıları ilə görüşərək danışıqlar aparıb. Danışıqlarının əsas mövzusunun dini tolerantlıqla bağlı olduğu bildirilib.

 

ABŞ prezidentinin mənəvi müşavirinin İrana səfəri əvvəlcə gizli saxlanıb. Yalnız səfər başa çatandan bir neçə gün sonra xəbər mediaya sızıb.

 

İyunun 11-də İran hökumətinin sözçüsü Məhəmmədbağır Nobəxt jurnalistlərə açıqlamasında Coel Hanterin İrana səfər etdiyini təsdiqləyib.

 

Jurnalistlərlə söhbətdə ona “deyilənlərə görə, Coel Hanter İran prezidenti Həsən Ruhanidən ABŞ prezidenti Barak Obamaya bir mesaj aparıb. Bu haqda nə deyə bilərsiniz” sualı da verilib. Məhəmmədbağır Nobəxt sualı belə cavablandırıb: “Biz heç nəyi xalqdan gizlətmirik. Obamanın mənəvi müşaviri Ruhanidən ona heç bir mesaj aparmayıb. Güman edirəm ki, buna ehtiyac da yoxdur. Ölkə prezidentinin bütün söhbətləri və mesajları açıqdır”.

 

Məsələ ilə bağlı Coel Hanterin də açıqlaması yayılıb. O, deyib ki, İrana bu ölkənin dini rəsmilərinin dəvəti ilə gedib. Coel Hanter Tehranda konfransa qatıldığını və İranda bir sıra görüşlər keçirdiyini söyləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 893

Oxşar yazılar