ABŞ prezidenti Donald Tramp hökumətin maliyyələşdirilməsini nəzərdə tutan müvəqqəti büdcə haqqında qanunu imzalayıb.
APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında deyilir.
Bundan əvvəl sənəd səsvermə yolu ilə Konqresin hər iki palatasında təsdiqlənib.
Beləliklə, federal hökumət üç günlük fasilədən sonra fəaliyyətini bərpa edə biləcək. Sənəd fevralın 8-ə qədər qüvvədə olacaq. Bu, 2017-ci ilin oktyabrından etibarən qəbul edilən sayca 4-cü müvəqqəti büdcədir. Buna Konqresdə Respublikaçılar və Demokratlar arasında xüsusən immiqrasiya ilə bağlı məsələlərə dair fikir ayrılığı səbəb olub.
***
ABŞ Konqresinin Nümayəndələr Palatası fevralın 8-dək hökumətin maliyyələşdirilməsinin davamına səs verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, müvafiq qətnamənin lehinə 266, əleyhinə isə 150 Palata üzvü səs verib.
Bundan əvvəl ABŞ Senatı müvəqqəti büdcənin lehinə səs verib. Qanun layihəsi Nümayəndələr Palatası və Senatda qəbul edildikdən sonra imzalanmaq üçün prezidentə göndəriləcək. Beləliklə, Federal hökumət üç günlük fasilədən sonra fəaliyyətini bərpa edə biləcək.
Yanvarın 19-da ABŞ Konqresində 2018-ci il üçün büdcə qəbul olunmayıb. Federal hökumət şənbə günündən etibarən bir sıra funksiyaların yerinə yetirilməsini dayandırıb. ABŞ azsaylı ölkələrdən biridir ki, hökumət büdcə olmadan tam fəaliyyət göstərə bilmir.