Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-lı həmkarı Donald Trampla telefonla danışığı zamanı Vaşinqtonu PKK terror təşkilatının Suriyaqolu PYD/YPG-ni silahla təchiz etməyə son qoymağa çağırıb.
APA-nın xəbərinə görə, bu barədə “Milliyet” məlumat verib. O həmçinin vurğulayıb ki, Suriya ərazisində keçirilən əməliyyatın məqsədi Türkiyənin milli təhlükəsizliyini təmin etmək və Afrin bölgəsini terrorçulardan təmizləməkdir. “Afində həyata keçirilən hərbi əməliyyat beynəlxalq hüquq normaları, o cümlədən BMT Konvensiyasının özünümüdafiə hüququnu nəzərdə tutan 51-ci maddəsinə uyğundur və terrorizmə qarşı mübarizə istiqamətində növbəti addımdır”, deyə Türkiyə prezidenti vurğulayıb.
Öz növbəsində, ABŞ prezidenti Suriyanın Afrin bölgəsində artan gərginlikdən narahat olduğunu ifadə edib.
“Hazırkı vəziyyət ABŞ və Türkiyə arasındakı əlaqələrin pisləşməsi risklərini daşıyır”, Ağ Evin məlumatında bildirilib. Tramp həmçinin rəsmi Ankaranı Suriyada türk və amerikalı qüvvələr arasında münaqişəyə səbəb ola biləcək hərəkətlərə yol verməməyə çağırıb.
***
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub.
APA-nın məlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər verib.
Məlumata əsasən, söhbət zamanı Suriyada son vəziyyət və "Zeytun budağı" əməliyyatı müzakirə olunub.
Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı hərbi əməliyyat keçirir.