“Barselona” futbol klubu Kataloniyada baş verən son hadisələrlə bağlı hər hansı rəsmi bəyanatla çıxış etməyəcək.
APA-nın məlumatına görə, bu barədə “Marca” xəbər verib.
“Barselona”nın prezidenti Xosep Mariya Bartomeu bəyan edib ki, klub ümumilikdə Kataloniya hökumətinin tərəfində olsa da, onların atdığı bütün addımları dəstəkləmir. Bartomeu Kataloniya hökuməti və rəsmi Madridi konstruktiv dialoqa çağırıb.
“Barselona” klubunun baş məşqçisi Ernesto Valverde isə mövzunu şərh etməkdən imtina edərək bildirib ki, onu yalnız futbol maraqlandırır.
Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya bölgəsində müstəqillik referendumu keçirilib. Ötən gün Kataloniya parlamentində regionun müstəqilliyi barədə Bəyannamə qəbul edilib. İspaniya Senatı Kataloniyanın muxtariyyətini ləğv edib, hökumət isə Kataloniya parlamentini buraxıb.