ABŞ prezidenti Barak Obama and içdi. İkinci dönəm prezident seçkilərinin qalibi Barak Obama dünən Ağ Evdə keçirilən özəl mərasimdə rəsmən and içərək vəzifəsinə başlayib.
Lent.az-ın «Amerikanın səsi»-nə istinadən məlumatına görə, Amerikanın 57-ci andiçmə mərasimini senator Çarlz Şumer açıq elan edib. ABŞ-ın dəyərləri,maraqları və məqsədlərindən danışan senator Amerikanın daimi irəliləyiş yolunda olduğunu vurğulayıb.
ABŞ konstitusiyasına əsasən prezidentlər yanvar ayının 20-də and içməlidirlər. Bu il tarix bazar gününə təsadüf etdiyindən ənənəvi ictimai mərasim yanvarın 21-i keçirilib.
Amerikanın 44-cü prezidenti ABŞ-ın baş hakimi Con Roberts qarşısında, birinci xanım Mişel Obamanın ailəsinə məxsus İncil üzərində and içib.
Obama vətəndaşlara müraciətində amerikalıları birləşdirən dəyələrdən –yaşantı, azadlıq və xoşbəxtliyə can atmaqdan danışıb.
O, qeyd edib ki, ABŞ iqtisadiyyatı bərpa olunur: «Ölkənin çiçəklənməsi ilk növbədə orta təbəqədən asılıdır».
«Amerikanın imkanları qeyri-məhduddur, çünki bizdə uğur qazanmaq üçün hər şey mövcuddur»-deyə, Obama Kapitoli təpəsindəki tribunadan bəyan edib.
O, orta təbəqəni dəstəkləmək üçün əlindən gələni edəcəyini bildirib: «Orta təbəqənin rifahı bütün ölkənin rifahının əsasıdır. Əhalinin ən az müdafiə olunmuş təbəqələrinə qayğı göstərmək vacibdir, çünki xoşbəxtlik kiçik bir hissəyə məxsus olmamalıdır».
Obama ABŞ-ın istehsalçıları dəstəkləyəcəyinə və qlobal istiləşmə ilə mübarizə aparacağına da söz verib.
«Biz bütün dünyada müttəfiqlərimizlə münasibətlərimizi möhkəmləndirəcəyik»- deyə, Obama bildirib.
O ,əlavə edib ki, ABŞ həmçinin bütün dünyada demokratiyanı dəstəkləyəcək, çünki Amerika həmişə «azadlıq istəyənləri dəstəkləyib».
Bügünkü mərasimin keçən dəfə ilə müqayisədə o qədər də möhtəşəm olmayıb. Obamanın ilk andiçmə mərasiminə 2009-cu ildə 2 milyona yaxın insan toplaşmışdı. Bu il iştirakçıların sayı 800 min nəfər olub.