ABŞ kəşfiyyat xidməti üçün hazırlanan “ICREACH” adlı axtarış proqramı minlərlə insanın şəxsi həyatına daxil olaraq onlara aid məlumatları əldə edib. Lent.az-ın analitik.az-a istinadən məlumatına görə, Amerika Milli Təhlükəsizlik Xidmətinə aid məxfi sənədləri yayandan sonra Rusiyada sığınacaq alan ABŞ xüsusi xidmət əməkdaşı Edvard Snouden bu dəfəki açıqlamasında müxtəlif ölkə vətəndaşlarının izləndiyini bildirib.
Bu proqram vasitəsilə şəxsi məlumatlar toplanaraq əldə edilir. İddia edilir ki, ABŞ-ın fərqli adlar altında fəaliyyət göstərən 23 təhlükəsizlik təşkilatına xidmət edən “ICREACH” hətta bununla bir çox vətəndaşın şəxsi həyatını alt-üst etmək gücünə malikdir. Məlumatda o da bildirilir ki, bu sistem hazırlanarkən hədəf əsasən insanların dini inancları və siyasi mövqelərinə dair məlumatları toplamaq olub. Bununla da əldə olunan informasiyalar sayəsində izlənən insanların gələcək addımları və hədəfləri ABŞ tərəfindən müəyyənləşdirilir.