Ukrayna Silahlı Qüvvələri ilk dəfə “Global Firepower” (GFP) reytinqində dünyanın ən güclü 15 ordusuna daxil olub. Reytinq hərbi hissələrin sayı, maddi-texniki təchizat imkanları, maliyyələşmə, coğrafiya və digər xüsusiyyətlər barədə məlumatlara əsaslanır.
Lent.az-ın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, Ukrayna ölkədə təsdiqlənmiş kömür ehtiyatlarının sayına görə səkkizinci, YARS və özüyeriyən artilleriya qurğularının sayına görə onuncu yerdədir. Həmçinin, Ukrayna dəmir yolunun əhatəsi, müdafiə büdcəsi, donanmanın şəxsi heyətinin və limanların sayı baxımından ilk 20 ölkə arasındadır.
Ümumilikdə GFP siyahısında 145 ölkə iştirak edir. Birinci yeri ABŞ ordusu, ikinci yeri Rusiya, üçüncü yeri Çin tutur, lakin reytinq tərtibçiləri Rusiya ilə Çin arasında fərqin getdikcə azaldığı barədə xəbərdarlıq ediblər. İlk onluğa Hindistan, Böyük Britaniya, Cənubi Koreya, Pakistan, Yaponiya, Fransa və İtaliya da daxildir. Ukrayna Türkiyə, Braziliya, İndoneziya və Misirə uduzaraq 15-ci yeri tutub.
Ötən il Ukrayna Silahlı Qüvvələri 22-ci yeri tutmuşdu.