ABŞ prezidenti Donald Tramp açıqlanan Epşteyn sənədlərinə daim diqqət yetirilməsinin respublikaçıların nailiyyətlərini kölgədə qoymağa yönəldiyini bildirib və əlavə edib: "Mən Epşteyni Mar-a-Laqodan qovdum. Yeri gəlmişkən, mən heç vaxt Epşteynin adasında olmamışam".
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, prezident Tramp bu sözləri Florida ştatının Palm-Biç şəhərindəki Mar-a-Laqo malikanəsində keçirilən tədbirdə deyib.

"Klintonun fotolarının sayından təəccüblənirsiniz?”
Tramp həmçinin "Epşteynin sənədlərindəki Bill Klintonun fotoşəkillərinin sayından təəccübləndinizmi? İlin sonuna qədər bütün sənədləri tam şəkildə açıqlamağa öhdəlik götürəcəksinizmi?" sualına da cavab verib.
Tramp, bir çox insanın Epşteynin sənədlərinin demokratların təzyiqi səbəbindən açıqlanmasından qəzəbli olduğunu iddia edib: "Düşünürəm ki, bu, dəhşətlidir. Mən Bill Klintonu sevirəm. Mən Bill Klintonla həmişə yaxşı yola gedirdim. Onun fotolarının yayılmasını xoşlamıram, amma demokratların istədiyi məhz bu idi".
Epşteynin çox sosial çevrəsinin olduğunu və hamının onunla dost olduğunu qeyd edən Tramp əlavə edib: "Harvardın rəhbəri Epşteynin ən yaxın dostu idi. Bill Klinton onun dostu idi, əslində hamı onun dostu idi".

"Mən Epşteyn məsələsinin bağlandığını düşünürəm”
Özünün də bir vaxtlar Epsteyn ilə yollarının kəsişdiyini bildirən Tramp deyib: "Mən onu Mar-a-Laqodan qovdum. Bura dünyanın ən məşhur yerlərindən biridir, Floridanın ən populyar yeridir. Hamı buraya gəlirdi. Amma biz həqiqətən də Epsteyni qovduq".
Bill Klintonun Epsteynlə şəkillərinin dərc olunmasından məmnun olmadığını təkrarlayan Tramp əlavə edib: "Düşünürəm ki, bu, çox pis bir şeydir. Bill Klinton əla insandır, o, bunun öhdəsindən gələ bilər".
İllər əvvəl Ceffri Epşteynlə görüşlər keçirən çox hörmətli bankirlərin, vəkillərin və digər tanınmış şəxslərin olduğunu xatırladan Tramp, "Yəqin ki, başqa insanların da şəkilləri var" deyib.
Epşteyn məsələsini gündəmə gətirməyin yeganə məqsədinin respublikaçıların nailiyyətlərini kölgədə qoymaq olduğunu iddia edən Tramp, "Biz dünyanın ən böyük gəmilərini tikirik və onlar məndən Ceffri Epşteyn haqqında soruşurlar. Mən onun bağlandığını düşünürdüm" deyərək reaksiya verib.

“Çox insan onun adasına gedib”
Demokratlar Epşteyn məsələsini qaldırsalar da, Epşteynlə əlaqələndirilmək istəmədiyini iddia edən Tramp deyib: "Onlar Epşteyn haqqında danışmaq istəyirlər, amma problem ondadır ki, Larri Sammers kimi bir çox demokrat bu şəbəkəyə cəlb olunub. Larri Harvardın rəhbəri idi və indi tərkibində olduğu bütün idarə heyətlərindən istefa verməli olub. O, tez-tez Epşteynin adasına gedirdi. Yeri gəlmişkən, mən heç vaxt Epşteynin adasına getməmişəm. Xoşbəxtlikdən, bu yaxşıdır. Amma çox insan gedib".