Braziliyada turist narkotik kartelinin ərazisinə daxil olduğu üçün öldürülüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Rio-de-Janeyroda baş verib. Şəhərə gələn turist yolda səhv edib və təsadüfən yerli favelalardan birinə daxil olub. O, əraziyə nəzarət edən narkotik karteli tərəfindən vurulub.
Jundiay şəhərindən olan 34 yaşlı turist Diali Silva Milad bayramını qeyd etmək üçün üç dostu ilə Rioya uçub. Əşyalarını kirayə götürdükləri mənzildə qoyandan sonra sahilə gediblər. Orada Diali "Salam, Rio" başlığı ilə bir fotoşəkil yayımlayıb və bu, onun son paylaşımı olub.
Axşam saat 21 radələrində dostlar şəhərin cənub hissəsindəki əyləncəyə gediblər. İki taksi çağırıblar, hər birində iki nəfər oturub. Bir taksi sürücüsü GPS istiqamətlərini izlədiyini və təsadüfən şəhərin qərbindəki kiçik bir favelaya girdiyini söyləyib.
Taksi favelaya girən kimi o, narkotik kartelinə bağlı silahlı şəxslərin hədəfinə çevrilib. Yerli polisin məlumatına görə, avtomobilə bir neçə güllə atılıb. Diali ölümcül yaralanıb - güllə onun boynuna dəyib. Qadın yerindəcə dünyasını dəyişib. Taksi sürücüsü arxadan vurulsa da, qaça bilib və sağ qalıb. Digər sərnişin isə xəsarət almayıb.
Taksi sürücüsü güllələrin haradan gəldiyini fərq etmədiyini və bu səbəbdən cinayətkarların tapılmasını çətinləşdirdiyini deyib.
Dialinin çimərlikdə yerləşdirdiyi son fotonun altındakı şərhlərdə bir çox yerli sakinlər şəhərin digər hissələrinə yayılan favelalarda şiddətin dözülməz səviyyədə olmasından məyus olduqlarını bildiriblər. Cəmi iki həftə əvvəl Argentinadan olan bir turist də oxşar səbəblərdən Rioda güllələnib.