Venesiyada bir qadın kuryer çatdırılma xidmətinə məxsus yük gəmisini qaçıraraq tam sürətlə şəhərin ən məşhur körpülərindən biri olan Rialto körpüsünə çırpılıb. Hadisə Böyük Kanalda baş verib.
Lent.az xarici mediaya istinadla bildirir ki, gəmi körpünün dayağındakı üç sütuna dəyib. Toqquşma nəticəsində mərmər balyustrada zədələnib, dağıntılar ciddi hesab olunur. Daşınan bağlamaların bir hissəsi suya düşüb.
Toqquşmadan sonra qadın sahilə çıxaraq qaçmağa cəhd edib, lakin polis əməkdaşları tərəfindən operativ şəkildə saxlanılıb. Onun bu addımı atmasının səbəbləri və vurulan ziyanın mümkün məbləği barədə hələlik rəsmi məlumat verilməyib. İlkin məlumata görə, xəsarət alan yoxdur.
Hüquq-mühafizə orqanları baş verən hadisənin bütün təfərrüatlarını araşdırır və qadının xidməti qayığı necə ələ keçirdiyini yoxlayır. Hadisə Venesiyanın tarixi abidələrinin su üzərində baş verən qəzalar səbəbindən tez-tez zərər görməsi fonunda geniş rezonans doğurub.