Misir piramidalarını kimin nə zaman tikdiyi MƏLUM OLDU
07 avqust 2025 15:37 (UTC +04:00)

Misir piramidalarını kimin nə zaman tikdiyi MƏLUM OLDU

Son dövrlərdə Böyük Piramidanın tarixləndirilməsi və tikinti mənşəyi ilə bağlı yeni sübutlar üzə çıxır və bu da bu əfsanəvi abidənin qədim misirlilər tərəfindən deyil, daha əvvəl mövcud olmuş bir sivilizasiya tərəfindən inşa edilmiş ola biləcəyi ilə bağlı mübahisələri alovlandırır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, britaniyalı yazıçı Qrehem Hankok iddia edir ki, geoloji və astronomik məlumatlar Böyük Piramidanın təxminən 4500 il əvvəl firon Xufunun deyil, 12 500 il əvvəl yox olmuş bir sivilizasiyanın əsəri olduğunu göstərir.

Onun fikrincə, qədim misirlilər sadəcə bu abidənin tikintisini tamamlayıb, əvvəlki bir ənənəni miras alıblar.

Hankokun əsas arqumentlərindən biri Böyük Sfenksin eroziya izləridir. O, bu cür dərin aşınmaların yalnız uzun müddət yağan leysan yağışlar nəticəsində yarana biləcəyini deyir. Halbuki Qahirə ətrafında bu cür yağıntılar sonuncu Buz dövrünün sonunda, yəni təxminən 12 000 il əvvəl müşahidə olunub.

Bu fikirlərə cavab olaraq məşhur misirşünas Zahi Həvass iddiaları rədd edib. O, XIII əsrə aid işçi məzarlarını tapdığını və Sfenksdəki aşınmaların minilliklər boyu əsən güclü küləklərlə əlaqəli olduğunu bildirib. Həvass onu da vurğulayıb ki, o və həmkarı Mark Lenner 50 ildir Giza platosunda qazıntı aparır və tapdıqları hər şey Dördüncü Sülaləyə aiddir.

Qrehem Hankok Böyük Piramidanın 23 ilə tikildiyi fikrini də “absurd” adlandırır və bu monumental tikilinin yüz illər, hətta minilliklər ərzində inşa oluna biləcəyini iddia edir. O həmçinin piramidaların altındakı təbii qaya platformalarının çox daha qədim olduğunu və onların “Zep Tepi” adlanan qədim misir mifologiyasında “İlk Zaman” kimi tanınan itmiş dövrlə əlaqəli ola biləcəyini düşünür.

Astronomik dəlillərə də toxunan yazıçı, piramidaların Orion kəməri ulduzlarına uyğun düzülüşünün yalnız 12 500 il əvvəl dəqiq uyğun gəldiyini, o zaman isə Sfenksin günəşin doğmasına qarşı Şir bürcünə baxdığını qeyd edir.

Lakin Zahi Həvass bu fikirləri elmi əsaslardan uzaq sayır. O, “Vadi əl-Carf papirusları”nın misirlilərin piramidanın inşasını necə sənədləşdirdiyini göstərdiyini bildirib. Bu papiruslarda Merer adlı bir nəzarətçinin yazıları var – o, Xufu tərəfindən işə götürüldüyünü və 40 işçidən ibarət qrupa rəhbərlik etdiyini qeyd edib. Papiruslarda, həmçinin, Tura daş karxanasından incə ağ əhəngdaşının çıxarılması və daşınması prosesi də təsvir olunub.

Həvass yekunda bildirib: “Misir tarixində piramidaların 12 000 və ya 20 000 il əvvələ aid edilməsinə əsas verən heç bir boşluq yoxdur. O dövr epipaleolitik dövr idi, yəni sivilizasiyanın formalaşmağa yeni başladığı, bu miqyasda abidələrin inşasına imkan verməyəcək qədər ibtidai bir dövr”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 793

Oxşar yazılar