ABŞ-da vəkil Stefen Aronsun cinayət işi üzrə apellyasiya müraciətində süni intellekt tərəfindən yaradılmış saxta polis və şahid ifadələrindən istifadə etdiyi üzə çıxıb.
Lent.az xəbər verir ki, Nyu-Meksiko Ali Məhkəməsi vəkilin təqdim etdiyi məlumatların düzgünlüyünü yoxlamadığını müəyyən edib.
Sənədlərdə heç vaxt mövcud olmayan şahidlərin ifadələri, eləcə də hadisə zamanı hücum edən şəxsin geyimi ilə bağlı uydurma məlumatlar yer alıb.
Məhkəmə Aronsu məhkəməyə hörmətsizlikdə təqsirli bilərək 5 min dollar cərimələyib və işinin vəkillərin intizam kollegiyasına göndərilməsinə qərar verib.
Arons bildirib ki, ötən il müvəkkilinin apellyasiya işini hazırlayarkən məhkəmə prosesini ümumiləşdirmək üçün “ChatGPT”dən istifadə edib.
O, süni intellektin mövcud olmayan məlumatları həqiqi faktlar kimi təqdim edə bilməsinin miqyasını tam anlamadığını deyib və baş verənlərə görə peşman olduğunu bildirib.
Vəkilin müvəkkili Oskar Rene Sandoval uşaqlarının anasını öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib. Sandoval ittihamı qəbul etmir. Məhkəmə isə bu hadisənin süni intellektin hüquq sahəsində yaratdığı problemlərin daha bir nümunəsi olduğunu vurğulayıb.