Pakistan məhkəməsi bu gün keçmiş baş nazir İmran Xan və onun həyat yoldaşı Buşra Bibini korrupsiya işi üzrə hər birini 17 il müddətinə azadlıqdan məhrum edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə məhkəmə və Xanın vəkilləri məlumat veriblər.
Qeyd edək ki, İmran Xan 2023-cü ilin avqustundan həbsdədir və 2022-ci ildə vəzifədən kənarlaşdırıldıqdan sonra ona qarşı korrupsiyadan tutmuş terrorçuluq əleyhinə qanunların pozulması və dövlət sirrləri ilə bağlı ittihamlara qədər onlarla cinayət işi açılıb.
Məhkəmənin qərarına əsasən, cütlük Pakistan Cinayət Məcəlləsi üzrə etibardan sui-istifadə maddəsi ilə 10 il ağır rejimli həbs, korrupsiyaya qarşı qanunvericilik üzrə isə əlavə 7 il həbs cəzası alıb. Bundan başqa, hər biri üçün 16,4 milyon rupi məbləğində cərimə təyin olunub.
İş Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman tərəfindən rəsmi səfərlər zamanı İmran Xana hədiyyə edilmiş bahalı qol saatları ilə bağlıdır. Prokurorların iddiasına görə, Xan və həyat yoldaşı bu hədiyyələri dövlət qaydalarını pozaraq xeyli endirimli qiymətə dövlətdən satın alıblar.