ABŞ-da həkim arvadını onunla şəkil çəkdirməkdən imtina etdiyi üçün uçurumdan atmağa çalışıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə martın 24-də Havay adalarının Oahu adasında baş verib. 46 yaşlı Gerhard Koeninq həbs edilib və həyat yoldaşını öldürməyə cəhddə ittiham olunub. Müstəntiqlər müəyyən ediblər ki, kişi Pali Lukut ərazisində dağ cığırında gəzinti zamanı birlikdə şəkil çəkdirmək istəyib, lakin arvadı bundan imtina edib.
Bundan sonra Koeninq onu döyüb, daşı götürərək üzünə bir neçə dəfə vurub. Sonra isə onu gəzinti yolunun keçdiyi uçurumdan itələməyə çalışıb. Hadisə şahidi olan digər turistlər polisə müraciət ediblər. Zərərçəkən sağ qalıb və ağır kəllə-beyin travması ilə xəstəxanaya aparılıb.
Koeninqin vəkili bildirib ki, müvəkkilinin hərəkətlərinin motivləri aydın deyil. O, həmçinin qeyd edib ki, Koeninq əvvəllər heç vaxt qanunu pozmayıb.