Britaniya kraliçası II Elizabetin dəfn mərasimi başa çatıb.
Lent.az-ın xəbərinə görə, bu gün Kraliça II Elizabetin Londonda keçirilən dövlət dəfn mərasimindən sonra, onun tabutu Vindsor Sarayına gətirilib.
Kraliçanın qurğuşun tabutu bu axşam dəfn edilməzdən əvvəl kilsənin zirzəmisindəki Krallıq Məqbərəsinə endirilib. Bununla da Kraliçanın dəfn mərasiminin ictimaiyyətə açıq tərəfi başa çatıb.
Kraliça Vindsor Sarayındakı VI Georq Memorial Kapellasında dəfn ediləcək. Burada o, valideynləri, VI Georq və anası Elizabet və 2002-ci ildə vəfat edən bacısı Şahzadə Marqaretlə birlikdə olacaq.
Qeyd edək ki, Kraliçanın həyat yoldaşı Edinburq hersoqu Filip keçən il aprelin 9-da vəfat etsə də, onun cəsədinin Kraliçanın ölümünə qədər dəfn olunmayacağı elan edilmişdi.
Bununla da, Edinburq Hersoqunun cənazəsi Kraliçanın dəfn mərasimindən sonra Kral Məqbərəsindən daşınaraq Kraliçanın yanında dəfn ediləcək.