Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY
05 sentyabr 2026 20:35 (UTC +04:00)

Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY

0

Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir.

Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, Şuşa Azərbaycanın tarixini, milli-mədəni kimliyini və dövlətçilik ənənələrini özündə yaşadan unikal şəhərdir: “Bu baxımdan şəhərin hər bir daşına, qayasına və tarixi məkanına münasibət xüsusi həssaslıq tələb edir. Tarixi əhəmiyyət daşıyan qayaların üzərinə müxtəlif yazıların yazılması yolverilməzdir və belə hallar Şuşanın tarixi simasına hörmətsizlik kimi qiymətləndirilməlidir. Şuşanın işğaldan azad olunmasından sonra şəhərin bərpası və tarixi-mədəni irsinin qorunması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Dövlət tərəfindən bu ərazilərin qorunmasına böyük diqqət göstərildiyi bir zamanda ayrı-ayrı şəxslərin düşünülməmiş davranışlarla tarixi və təbii obyektlərə zərər vurması qəbuledilməzdir.

Milli sərvətə şəxsi münasibətlə zərər vurmaq olmaz

Müşfiq Cəfərov qeyd edib ki, hər bir vətəndaş müəyyən edilmiş qaydalara eyni dərəcədə əməl etməli və ictimai, milli sərvətə məsuliyyətlə yanaşmalıdır:

“Şuşaya gələn hər bir insan bu şəhərin sadəcə, turizm məkanı olmadığını anlamalıdır. Burada Azərbaycanın tarixinin, mədəniyyətinin və milli yaddaşının mühüm izləri qorunur. Ona görə də qayaların, divarların və digər tarixi səthlərin üzərinə ad, yazı və müxtəlif işarələr həkk etmək heç bir halda xatirə və ya şəxsi ifadə vasitəsi kimi qəbul edilə bilməz. Belə müdaxilələrin aradan qaldırılması da əlavə risklər yaradır. Yazıların təmizlənməsi zamanı tarixi və təbii səthlərə əlavə zərər dəyməsi mümkündür. Buna görə əsas məqsəd artıq baş vermiş halların nəticələrini aradan qaldırmaqdan daha çox, belə halların əvvəlcədən qarşısının alınması olmalıdır.

Şəhidlərin xatirəsi ləyaqətlə yaşadılmalıdır

Deputat şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məsələsinə də toxunub. O bildirib ki, şəhidlərin adlarının qayalara, daşlara və digər tarixi səthlərə yazılması onların xatirəsini yaşatmağın düzgün üsulu deyil:

“Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi dövlət səviyyəsində yaradılmış abidələr, xiyabanlar, memorial komplekslər və digər layiqli məkanlarda həyata keçirilməlidir. Şəhidlərimizin adını yaşatmaq istəyərkən tarixi irsimizə zərər vurmaq olmaz. Əksinə, onların uğrunda canlarından keçdikləri torpağa, tarixə və milli dəyərlərə ən böyük ehtiram həmin irsi qorumaqdır . Bu məsələdə yalnız hüquqi məsuliyyət deyil, həm də cəmiyyətin maarifləndirilməsi mühüm əhəmiyyət daşıyır. Hər bir şəxs anlamalıdır ki, Şuşanın qorunması təkcə dövlət qurumlarının deyil, şəhəri ziyarət edən hər kəsin mənəvi borcudur”.

Milli Məclisin deputatı Fatma Yıldırım APA-ya açıqlamasında deyib ki, Şuşa Azərbaycanın tarixini, mədəniyyətini və milli yaddaşını özündə yaşadan xüsusi bir şəhərdir:

"Burada hər bir abidənin, hər bir daşın və qayanın öz tarixi dəyəri var. Ona görə də tarixi əhəmiyyət daşıyan qayaların üzərinə yazı yazılması, təbii ki, yolverilməzdir və belə hallara laqeyd yanaşmaq olmaz.

Aidiyyəti qurumların bu halları müəyyən etməsi və qanunvericiliyə uyğun tədbirlər görməsi mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, belə ərazilərdə təmizləmə və bərpa işləri aparılarkən xüsusi həssaslıq göstərilməli, proses mütəxəssislərin iştirakı ilə və tarixi-təbii obyektlərin qorunması prinsiplərinə uyğun həyata keçirilməlidir.

Hesab edirəm ki, burada nəzarət mexanizmləri ilə yanaşı, maarifləndirmə işlərinin də gücləndirilməsi vacibdir. Şuşaya gələn turistlərə tarixi və mədəni irsimizin əhəmiyyəti barədə əvvəlcədən məlumat verilməsi, həssas ərazilərdə xəbərdarlıq nişanlarının və nəzarət imkanlarının artırılması belə halların qarşısının alınmasına kömək edə bilər".

Millət vəkili vurğulayıb ki, məsuliyyət məsələsində qanunvericiliyin tələblərinə əməl olunması əsasdır: "Burada məqsəd yalnız cəza tətbiq etmək yox, insanlarda tarixi irsimizə qarşı məsuliyyətli münasibət formalaşdırmaqdır. Şuşanın bərpası və qorunması istiqamətində həyata keçirilən işlər ölkəmizin tarixi-mədəni irsimizə verdiyi yüksək dəyərin göstəricisidir. Əsas məqsədimiz bu zəngin irsi olduğu kimi qoruyaraq gələcək nəsillərə çatdırmaqdır. Düşünürəm ki, Şuşaya gələn hər bir insan da bu tarixi məsuliyyəti dərk etməli və şəhərimizin qorunmasına öz töhfəsini verməlidir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 146

Oxşar yazılar