Yeni ilin qeyd olunmasına cəmi bir neçə həftə qalıb. Bu isə o deməkdir ki, Yeni il gecəsini planlaşdırmaq üçün vaxt getdikcə azalır. Saatlar gecə yarısını göstərən anda harada olacağınızı indidən müəyyənləşdirmək üçün ən uyğun dövrdür.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, səyahətçi və yazıçı Deyna Kamilleri Klark dekabrın 31-ni Avropanın 10 fərqli şəhərində keçirib və Yeni ili qarşılamaq üçün ən yaxşı şəhər kimi Madridi seçib.
İspaniyanın paytaxtı əyləncəyə son dərəcə ciddi yanaşır və Yeni il də istisna deyil. Klarkın sözlərinə görə, gecə yarısı əslində yalnız “isinmə mərhələsi”dir. Əsas əyləncə isə səhərə qədər davam edən böyük gecə şənliyidir. Üstəlik, iştirakçılar saat 01:00-da ikinci gerisayımda da yer ala bilirlər. Bu, Kanar adalarının materik İspaniya ilə vaxt fərqini “yaxalamasının” qeyd olunması ilə bağlıdır və kifayət qədər unikal təcrübə hesab olunur.
Hadisələrin mərkəzi Puerta-del-Sol meydanı olsa da, şəhərin demək olar ki, bütün restoranları, barları və gecə klubları öz Yeni il məclislərini təşkil edir və ziyarətçilərə geniş seçim imkanı yaradır.
Lakin Madriddə Yeni il təkcə əyləncə demək deyil. Burada yerli sakinlər üçün xüsusi mənəvi əhəmiyyət daşıyan ənənələr də var. Onlardan biri 12 şans üzümüdür. Bu yüzillik ispan ənənəsinə görə, insanlar gecə yarısı saatın hər zərbəsində bir üzüm yeyir və bunun yeni ildə uğur gətirdiyinə inanırlar.
Reytinqdə Avropada 2026-cı ilin qarşılanması üçün ikinci yeri Berlin, üçüncü yeri isə Milan tutub. Hər iki şəhər özünəməxsus ab-havası və bayram ruhu ilə seçilir.