Koronavirus təhlükəsinə görə rusiyalı deputatın Dövlət Dumasına girişi qadağan edilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Sergey Katasanov bir müddət öncə Fransada səfərdə olub.
O, Fransada səfərdə olmasını gizlədərək iki həftə ev şəraitində karantin qaydalarına riayət etməyib.
Bu barədə Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinosvki Dövlət Dumasının plenar iclasında bildirib. O, deputatın Fransadan qayıtması ilə bağlı məlumatı "Şeremetyevo" aeroportundan aldıqlarını söyləyib. Məlum olub ki, Fransadan qayıdan S. Katasonov Dövlət Dumasında keçirilən iclaslara qatılıb. Onun hətta konstitusiyaya dəyişikliklərlə bağlı Prezident Vladimir Putinin də çıxış etdiyi plenar iclasa qatıldığı da məlum olub.
Spiker Vyaçeslav Volodinin təklifi ilə S. Katasonovun Dumaya girişi iki həftəlik ləğv olunub.
V. Volodinin sözlərinə görə, deputatın köməkçiləri və onunla təmasda olanlar barədə də bu cür qərar qəbul edilməlidir: “Bunu anlayışla qarşılayın. Katasonovun əyləşdiyi sıra, həmin sıranın alt və üst tərəfindəki sıralar hamısı karantinə alınmalıdır. Onunla təmasda olan həmkarlar da karantinə alınmalıdırlar".
Qeyd edək ki, Moskva meri Sergey Sobyanin martın 5-də koronavirus təhlükəsinin yüksək olduğu ölkələrdən (Fransa da bu ölkələrin siyahısına daxildir) gələn şəhər sakinlərindən iki həftəlik ev təcridində qalmaları, işə və ictimai yerlərə getməmələri haqda sərəncam imzalayıb.