Rusiya Prezidenti Vladimir Putin koronavirusla bağlı yenidən xalqa müraciət edib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiyanın dövlət başçısı indiyə kimi yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri barədə məlumat verib. O, əhalinin yaşlı təbəqəsini ev təcridində qalmağa çağırıb: "Xüsusilə yaşlı insanlardan xahiş edirik ki, bu müddət ərzində evdə qalmaları çox vacibdir. Atılan bu addımlar sizin sağlamlığınızın təhlükəsizliyi üçündür. Xahiş edirik ki, evdə qalasız".
Rusiya Prezidenti ötən həftə ərzində ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısını almağa nail olduqlarını söyləyib. Moskva və Moskva ətrafında ev təcridi rejiminin tətbiq olunmasını düzgün addım adlandıran Putin paytaxt sakinlərinə müraciət edərək onları məsuliyyətli olmağa, özlərinin və ətrafdakılarının sağlamlıqlarına diqqət yetirməyə çağırıb.
V. Putin koronavirusun yayılmasına qarşı görülən tədbirlər çərçivəsində dövlət orqanlarının ayıq-sayıq olmalı, bir-biri ilə koordinasiya şəraitində fəaliyyət göstərməli olduğunu söyləyib.
Qeyd edək ki, Rusiya ərazisində indiyə kimi 1836 nəfər koronavirusa yoluxub. COVİD-19 virusuna yoluxanların 1226 nəfəri Moskva şəhərinin payına düşür.
Rusiyada 66 nəfərin sağaldığı, 11 nəfərin isə bu virusdan öldüyü bildirilir.