Avropa İttifaqı (Aİ) koronavirus böhranının nəticələrinin aradan qaldırılması üçün həssas ölkələrə daha 4.9 milyard avro yardım ayırıb.
APA-nın Aİ Komissiyasının saytına istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının Prezidenti Ursual von der Leyen deyib.
"Bu pandemiya o zaman sona çatacaq ki, o, dünyanın hər yerində dəf ediləcək. Bu isə harada yaşamasından, necə görünməsindən asılı olmayaraq dünyanının hər yerində insanların testlərə, müalicələrə və peyvəndlərə sahib olması deməkdir. Bunun üçün, görünməmiş sürətdə və miqyasda vaksinlərin istehsalına sərmayə qoymalıyıq. Bu isə yalnız dünya öz qüvvələrini birləşdirərsə baş verə bilər. Birlikdə çalışmaq üçün ən yaxşı elm adamlarımıza ehtiyacımız var. Qlobal səhiyyə təşkilatlarımızın güclərini birləşdirməsi lazımdır. Hökumətlər, iş adamları və xeyriyyəçilər addım atmalı və maliyyə ehtiyaclarını təmin etməlidirlər".
Ursual von der Leyen deyib ki, on milyardlarla vəsait tələb olunur: "Buna görə mayın 4-də dünya liderlərini bir araya gətirmək üçün dəstək marafonuna başladım. Demək olar ki, 10 milyard avro topladıq və maliyyə dəstəyi verənlərə çox minnətdaram. Ancaq daha çoxuna ehtiyacımız var. Buna görə Avropa Komissiyası "Qlobal Vətəndaş" hərəkatı və sənət adamları ilə birləşdi. Mən insanları bir araya gətirmək, onların enerjisini səfərbər etmək və dəyişikliyə təkan vermək üçün hərəkatın və sənət adamlarının gücünə inanıram.
Koronavirusun ciddi zərbələr vurduğu cəmiyyətləri ədalətli şəkildə bərpa etməliyik.
Buna görə də "Avropa Komandası"nın həssas ölkələrin pandemiyanın vurduğu zərbələrdən sağalmasına dəstək vermək üçün daha 4.9 milyard avro ayırmasını elan etməkdən məmnunam" deyən Avropa Komissiyasının Prezidenti bildirib ki, bu, Avropa Komissiyası və Avropa İnvestisya Bankının yaxın əməkdaşlığı nəticəsində mümkün olub.
O, peyvəndin istifadəsində çoxtərəflilik prinsipinə inandığını bildirib. Onun sözlərinə görə, digərlərinə laqeyd yanaşaraq yalnız öz xalqını peyvənd etməklə bu virusu məğlub edə biləcəyinizi düşünmək tamamilə səhvdir.
"Biz əlaqəli bir dünyada yaşayırıq. Digərləri virusa qarşı mübarizə apararkən heç bir ölkə normala qayıda bilməz. Beləliklə, əvvəlcə bir peyvənd tapmaq lazımdır və daha sonra bu peyvəndi hər kəs üçün əlçatımlı etmək lazımdır.
Bunun üçün mən yüksək gəlirli ölkələri vaksinləri təkcə özləri üçün deyil, həm də aşağı və orta gəlirli ölkələr üçün rezerv etməyə inandırmağa çalışıram. "Qlobal Məqsəd - Gələcəyimiz üçün Birləşək" kampaniyamızın məramı da budur. Bu həmrəylik üçün stres testidir.
Bu böhran başlayandan bəri çox şeyə nail olmuşuq.
Koronavirusa ortaq cavab vermək üçün dövlətlərin, qlobal səhiyyə təşkilatlarının, xeyriyyəçilərin şəbəkəsini qurmuşuq. Qlobal bir cavab üçün maliyyə vəsaiti yığmağa başlamışıq. Bu mübarizəyə qoşulan bütün oyunçuların səylərini əlaqələndirən bir sistem yaratmışıq", - deyə Avropa Komissiyasının Prezidenti vurğulayıb.