Azərbaycan işğal altında qalmış torpaqlarını azad etdikcə, həmin torpaqlarda illərdir qanunsuz qazanc əldə edən şirkətlər təşvişə düşüb.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, belə şirkətlərdən biri də bölgədəki qızıl ehtiyatlarının 99 faizinə nəzarət edən Rusiyanın GeoProMining Gold şirkətidir. Bildirilir ki, antiterror əməliyyatından qorxuya düşən şirkət, milyardlarla dollarlıq qızıl ehtiyatına nəzarəti itirməmək üçün bölgəyə çox sayda silah və muzdlu silahlı yığmağa başlayıb: "Rusiya şirkətinin təbii ehtiyatlarla zəngin bölgədə milyardlarla dollarlıq qızıldan asanlıqla əl çəkməyəcəyi iddia edilir. Uzun illərdir işğal altındakı Kəlbəcərdə qızıl yataqlarını istismar edən şirkətin, külli miqdarda silah və muzdlu toplayaraq, bölgənin tam azad olmasının qarşısını almağa çalışdığı iddia edilir”.
Yazıda daha sonra qeyd olunur ki, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsi müxtəlif yeraltı sərvətlər baxımından zəngin ərazidir.
Bölgədə qızıl, mis, sink və dəmir kimi qiymətli metalların 150-dən çox yatağının olduğu, bu yerlərin qanunsuz olaraq işlədildiyi və məhsulların bir çox ölkəyə ixrac edildiyi vurğulanır.
Qeyd olunur ki, Dağlıq Qarabağ bölgəsindəki qızıl ehtiyatlarının həcmi 112 tondan çoxdur və bu ehtiyatın 99 faizi Rusiya şirkətləri tərəfindən istismar olunaraq, dünya bazarına çıxarılır.
Yazıda vurğulanır ki, şirkətlərdən ən böyüyü olan GeoProMining Gold hərbi əməliyyatların şiddətlənməsindən sonra təhlükəsizlik səbəbi ilə mədənlərdə istehsalı dayandırıb və işçiləri müddətsiz məzuniyyətə göndərib.