Rusiyanın ilk prezidenti Boris Yeltsinin adı ilə bütöv bir epoxa bağlıdır – SSRİ-nin dağılması, iqtisadi reformalar, Çeçen müharibəsi və s. Amma müasirləri onu yalnız siyasət adamı kimi deyil, həm də qəribə adam kimi xatırlayırlar.
Lent.az öz mətbuatlarına istinadla Rusiyanın ilk prezidenti Boris Yeltsinin həyatından bir neçə faktı təqdim edir:
Üçbarmaq
Sol əlinin iki barmağı olmayıb. Yeltsin özünün “Mövzu üzərində gəlişmələr” kitabında yazır ki, əlində qumbara partlayıb və barmaqlarını itirib.
Hadisə müharibə vaxtı olub. O vaxt yeniyetmələr, cavanlar hamısı cəbhəyə can atırmış, onunsa 10 yaşı olduğundan gedə bilməyib. Yoldaşlarıyla qərara alırlar ki, silah-sursat tapıb onunla rəftar edə bildiklərini sübuta yetirsinlər. Gecəylə kilsəyə girib orda gizlədilmiş silahların içindən iki ədəd əl qumbarası tapıb çıxır. Gələcək prezident yoldaşları ilə meşəyə qaçıb qranatın üzərində təcrübə keçmək istəyirlər. O da Yeltsinin əlində partlayır. Yoldaşları huşlarını itirib yıxılırlar, Boris isə barmaqları ilə vidalaşmalı olur.
Balta məsələsi
İxtisasca tikinti mühəndisidir. Ural Politexnik İnstitutunu bitirəndən sonra tikinti trestində sahə rəisi işləyib.
Bir dəfə onun sahəsinə məhkumları gətiriblər işləməyə. Naryadı yazmaq lazım gələndə Yeltsin işləməyən məhkumun naryadını yazmaqdan imtina edib. Məhkum baltanı götürüb cumub onun üstünə. Boris heç tükü də tərpənmədən etinasızcasına “yazmayacam” - deyib. Məhkum binəvanın baltanı atıb geri çəkilməkdən başqa əlacı qalmayıb.
Sonralar Boris Yeltsin Sverdlovsk Evtikmə Kombinatında mühəndis işləyib.
Beşilliyin sonunda ona Lenin Ordeni verilməli imiş, amma baş tutmayıb. Ordenin təsdiqi ərəfəsində tikdiyi beşmərtəbə çöküb, daha doğrusu çökərək dağılıb.
Baş tutmayan təyinat
1985-ci ildə M.Qorbaçov Yeltsini Moskva şəhər Partiya Komitəsinin Birinci Katibi qoymaq istəyib. Həmin dönəmdə Yeltsin Qorbaçovu yenidənqurmanı ləng aparmaqda qınayıb və tənqid edib.
1987-ci ildə isə Qorbaçovu şəxsiyyətə pərəstiş etməkdə günahlandırıb.
Bundan sonra onu Moskva Şəhər Komitəsindəki işindən çıxarıblar. Hadisələrin belə gedişatı onun psixologiyasında ağır iz buraxıb və Boris Yeltsin əsəbi gərginlikdən xəstəxanaya düşüb. Xəstəxanada isə intihara cəhd edib.
Göydə qəza
1990-cı ildə Yeltsin Avropaya işgüzar səfəri vaxtı göydə fikrini dəyişib İspaniyaya getmək istədiyini deyib. Getməyə gediblər, amma təyyarə eniş edəndə problem yaranıb. Məlum olub ki, təyyarənin təkərləri açılmır.
Bütün cəhdlərə baxmayaraq təyyarə bir neçə saat göydə manevr etməli olub, eniş alınmayıb. Nəhayətdə çətinliklə də olsa, təyyarə sərt eniş edib. Silahdaşlarının dediyinə görə, bütün bu çətinlik və təhlükə müddətində Boris Yeltsinin qaşı belə çatılmayıb, üzündə qorxu deyilən ifadə yaranmayıb.
Kazanova
Birinci prezidentin qadın düşkünü olması barədə əfsanələr var. Şəxsi mühafizəçisi Aleksey Çalovun dediyinə görə, “arvadları sevirəm” ifadəsi onun sevimli etirafı imiş.
1989-cu ilin sentyabrında Yeltsinin başına qəribə əhvalat gəlib. Seçiciləri ilə görüşdən sonra dostu S.Başilovun Moskva ətrafındakı bağında dincəlməyə gedib.
Özü danışıb ki, maşından çıxıb bağın darvazasına yaxınlaşanda kimsə onun başına kisə keçirib naməlum istiqamətə aparıb körpüdən çaya atıblar. Bir sözlə, onu qaçırdıblar. Həmin vaxt isə şayiə gəzirdi ki, Yeltsin həmin bağda xidmətçi qadınla olub. Qadın Yeltsinin simpatiyasını etiraf edib, amma həmin axşam onunla olmadığını deyib.
Körpüdən çaya düşməsi məsələsi isə təsdiqlənib, yalnız onu kimsə atmayıb, o özü içkinin təsirindən körpüdən çaya aşıb.
Prezidentin katibələrinə də xüsusi diqqəti olub. Bir dəfə rəsmi tədbirdə katibələrindən birinin arxasından tutması canlı yayıma düşmüşdü.
İçki düşkünü
1989-cu ildə ABŞ-a səfərində Baltimorda təyyarədən trapa düşüb, sonra geri qayıdıb təyyarənin təkərinə yaxınlaşıb, şalvarının düyməsini açıb təbii ehtiyacını yerinə yetirəndən sonra heç nə olmayıbmış kimi düyməsini bağlayıb və yoluna davam edib.
Bunlar da hamısı onu qarşılayan mətbuatın kameralarına düşüb.
Dövlət başçısı kimi ilk səfəri Qazaxıstana olub. Ziyafət vaxtı çox içir, başlayır oxuyub oynamağa. Hətta əlindəki qaşıqla yanında oturanın keçəlləşmiş başında ritm tutub. Yanında oturan isə Qırğızıstan prezidenti Əskər Akayev olub.
1995-ci ildə ABŞ-da səfəri zamanı gecə alt paltarında içkili vəziyyətdə küçəyə çıxıb taksi çağırırmış. Xüsusi orqanların işçiləri onu saxlayıblar, deyib ki, sadəcə, könlümə pitsa düşüb. Bill Klintona bu barədə xəbər verəndə deyib: “Unutmayın, içkili Yeltsin, içməyən digər namizədlərdən daha yaxşıdır”.
Şəxsi mühafizəçiləri onun səhər tezdən içməyə başladığını deyirlər. “Onu gecə saat 10, 11 radələrində evə gətirə biləndə çox sevinirdik ki, yatıb bir də səhər içməyə başlayar. Yəni gətirə bilməsək, səhərə qədər də içirdi”.
O vaxt Moskva qəzetləri xəstə və içkili dövlət başçısının ölkəni idarə edə bilməməsindən yazırdılar...