Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampın Avropadan ABŞ-a uçuşların dayandırılması barədə qərarı ilə bağlı bəyanat yayıb.
APA-nın xəbərinə görə, Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və Aİ Şurasının Prezidenti Şarl Mişelin birgə bəyanatı təşkilatın rəsmi internet səhifəsində yerləşdirilib.
Bəyanatda bildirilib ki, koronavirus qlobal təhlükə yaratdığından onunla mübarizədə birtərəfli deyil, razılaşdırılmış addımlar atılmalıdır.
“Koronavirus qlobal böhrandır və bu bir qitə ilə məhdudlaşmır. Böhranın həlli birtərəfli addımlar yox, əməkdaşlıq tələb edir. Avropa İttifaqı ABŞ-ın məsləhətləşmələr aparmadan, birtərəfli şəkildə uçuşlara qadağa qoymasını qınayır. Avropa İttifaqı koronavirusun yayılmasını məhdudlaşdırmaq üçün güclü addımlar atır”, - deyə bəyanatda qeyd olunub.
Xatırladaq ki, COVID-19 pandemiyası ilə əlaqədar ABŞ Prezidenti D. Tramp martın 13-ü gecə saat 12-dən etibarən 30 gün ərzində Avropadan ABŞ-a bütün sərnişin təyyarələrinin uçuşlarına qadağa qoyub.