Amerikalı mühəndis düzgün üsuldan istifadə etməklə, demək olar ki, istənilən materialdan ev tikməyin mümkün olduğunu sübut edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mühəndis Ellis F. Stenman 1922-ci ildə ABŞ-nin Massaçusets ştatının Rokport şəhərində yay evi tikməyə başlayıb. Evin karkası, döşəməsi və damı ağacdan hazırlansa da, divarlar üçün olduqca qeyri-adi materialdan, köhnə qəzetlərdən istifadə olunub.
Stenman əvvəlcə qəzetləri sınaq məqsədli istilik izolyasiyası kimi nəzərdə tutub. O, köhnə qəzetləri toplayıb, dostları və qonşularından alıb, daha sonra onları qalın təbəqələr şəklində bir-birinə yapışdırıb. Bunun üçün un və sudan hazırladığı, tərkibinə alma qabığı və digər yapışqan maddələr əlavə etdiyi xüsusi qarışıqdan istifadə edib. Hazır panellər xarici təsirlərdən qorunması üçün lakla örtülüb.
Evin tikintisinə təxminən 100 min qəzet sərf olunub. Divarların bəzi hissələrində kağız təbəqələrinin sayı 215-ə çatır. Mühəndis əvvəlcə qəzet divarlarının üzərini taxta ilə örtməyi planlaşdırıb. Lakin yapışdırıldıqdan və laklandıqdan sonra divarların kifayət qədər möhkəm olduğunu görərək bu fikrindən daşınıb.
Stenman həyat yoldaşı ilə birlikdə 1930-cu ilə qədər evdən yay iqamətgahı kimi istifadə edib. Sonradan tikiliyə geniş dam örtüyü olan eyvan əlavə edilib. Bu da kağız divarların yağış və digər xarici təsirlərdən daha yaxşı qorunmasına kömək edib.
Materialın möhkəmliyinə əmin olan mühəndis qəzetlərdən mebel hazırlamağa da başlayıb. Qəzet vərəqləri sıx şəkildə bükülərək kağız kötüklərə çevrilib və onlardan müxtəlif əşyalar düzəldilib. Bəzi mebellərin adi karkası olsa da, üzəri qəzetlərlə örtülüb. Hətta evdəki pianonun xarici səthi də kağızdan hazırlanıb.
Bu mebellər zamanla ötən əsrin özünəməxsus arxivinə çevrilib. Masalardan birinin üzərində Çarlz Lindberqin 1927-ci ildə Atlantik okeanı üzərindən uçuşu, digərində isə Herbert Huverin 1928-ci il prezident seçkiləri kampaniyası barədə xəbərlər qorunub. Evdəki qədim saatın hazırlanmasında isə həmin dövrdə ABŞ-ın mövcud olan 48 ştatının paytaxtlarında nəşr edilmiş qəzetlərdən istifadə olunub.
1920-ci illərin sonlarından etibarən qeyri-adi ev ziyarətçilərin diqqətini çəkməyə başlayıb və sonradan muzeyə çevrilib. Hazırda Rokportdakı “Kağız ev” ailənin şəxsi mülkiyyəti və muzey kimi fəaliyyət göstərir.
Kağız səthlərin bir hissəsi zamanla köhnəlsə də, taxta karkas, qoruyucu lak və sonradan əlavə olunan dam örtüyü sayəsində ev 100 ildən artıqdır ayaqda qalır.