“Ən pisi odur ki, desantçılara skinhedlər də qoşulur” - AÇIQLAMA
02 avqust 2012 15:55 (UTC +04:00)

“Ən pisi odur ki, desantçılara skinhedlər də qoşulur” - AÇIQLAMA

Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bu gün Rusiyanın hər yerindən, eləcə də qonşu MDB ölkələrindən on minlərlə keçmiş desantçı Rusiya paytaxtına axışacaq.

Desantçılar üçün Moskva meriyası xüsusi bayram proqramı da hazırlayıb. Onlar Qızıl Meydanda olacaq, müxtəlif park və meydanlarda estrada ulduzlarının konsertlərinə baxacaq, habelə qaynar nöqtələrdə həlak olmuş desantçıların məzarlarını ziyarət edəcəklər. Desantçılara hətta Moskva şəhərini bütün fəvvarələrində çimməyə belə icazə verilib.

Amma bütün bunlara baxmayaraq hər il avqustun 2-də keçirilən Desantçılar Günü Rusiyada, xüsusi ilə də Moskvada qeyri-slavyanlara qarşı aqressiv münasibətlərlə də yadda qalır. Məhz avqustun 2-də günortadan sonra miqrantların, xüsusən də azərbaycanlıların çalışdıqları bazarlara sərxoş desantçıların hücumları olur, insidentlər yaşanır.

Moskva şəhər Baş Polis İdarəsinin yaydığı məlumata görə, paytaxt polisi adi günlərdən fərqli bu gün gücləndirilmiş iş rejimində işləyəcək. Bütün park və meydanlarda polis naryadının sayı artırılacaq. Hətta hərbi və polis məktəblərinin müdavimləri belə küçələrdə növbə çəkəcək.

Moskvada yaşayan həmyerlimiz, “Yeni Sabah” təşkilatının sədri Teymur Hüseynlinin Lent.az-a bildirdiyinə görə, insidentlər adətən günortadan sonra, axşama doğru baş verir. “Çünki həmin vaxt onların çoxu içkili olurlar, yol kənarında qarpız, yemiş satan həmyerlilərimizə hücum çəkirlər. Bəzən bazarlara da soxulurlar. Ən pis məqam isə ondan ibarətdir ki, bir çox hallarda skinhedlər də onlara qoşulur. Həmyerlilərimiz də necə deyərlər öz ehtiyatlarını bəri başdan tuturlar. Məsələn, mən indi Dubrovka tərəfəyəm, burdakı azərbaycanlılar deyir ki, günortadan sonra işləməyəcəklər. Ümid edirəm ki, heç bir ciddi insident qeydə alınmaz. Çünki polis də gücləndirilmiş iş rejimdə çalışır “ - deyə Hüseynli bildirib.

Səbuhi MƏMMƏDLİ
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2114

Oxşar yazılar