“İslam qaz kəməri”: gerçəklikdən çox arzu - ŞƏRH
26 iyul 2011 13:37 (UTC +04:00)

“İslam qaz kəməri”: gerçəklikdən çox arzu - ŞƏRH

İran informasiya vasitələrinin məlumatına əsasən, tanınmış beynəlxalq araşdırma institutlarının hesablamalarına görə, Avropanın təbii qaza olan ehtiyacı hər il 1 faiz artır. Hazırda Avropa bir il ərzində 500 milyard kub metr “mavi yanacaq” istehlak edir.
Bu tələbatın ildə 1 faiz artdığını nəzərə alsaq, 2030-cu ildə bu ehtiyacın ildə 700 milyard kubmetrə çatacağı gözlənilir.

Bu tələbatı ödəmək üçün üç qaz xətti layihəsi – “Nabucco”, “Şimal axını” və “Cənub axını” mövcuddur. Rusiya və İran mütəxəssisləri hesab edir ki, “Şimal axını” istisna olmaqla, o biri iki layihənin qazla tam təmin olunması şübhəlidir.

İranlıların qənaətincə, İranın “Nabucco”-ya qoşulmaması (daha doğrusu, bu layihəyə yaxın buraxılmaması) layihə üçün “Axilles dabanı”dır. Onlara görə, İslam Respublikasının təbii qaz ehtiyatı 33,1 trilyon kubmetrdir.

“Nabucco”-dan kənarda saxlanıldığına görə, Tehran hakimiyyəti “mavi yanacağı” yeni bir xətlə Avropaya çıxarmaq niyyətindədir. İyulun 25-də İranın Üsuliyyə şəhərində “Pars” özəl iqtisadi bölgəsində təbii qazın tranziti və ixracına dair İslam Respublikası, Suriya və İraq arasında ilk rəsmi anlaşma imzalanıb.

İran informasiya vasitələrinin məlumatına görə, İraqın neft naziri Abdulla Kərim Laibi və Suriyanın neft və mineral ehtiyatlar naziri Sufyan əl-Əlao ilə təbii qazın ötürülməsinə dair üçtərəfli müqavilənin imzalanması barədə fəal yazışmalar aparılır.

İran, İraq və Suriya arasında 2009-cu ildə sözügedən layihəyə dair Tehran, Dəməşq və Bağdadda və üç üçtərəfli görüş keçirilib. Həmin görüşlərdən sonuncusunda “mavi yanacağın” ötürülməsinə, tranzitinə və ixracına dair layihənin ümumi prinsipləri ilə bağlı razılaşma əldə edilib.

Ehtimal olunur ki, bu layihədə İranın “Cənubi Pars” yatağındakı qazın İraq, Suriya, Livan və daha sonra Aralıq dənizi sahilləri ilə Avropa bazarına çıxarılması bu layihədə nəzərdə tutulub. Əldə edilmiş razılaşmaya əsasən, 56 düym diametrində olan borular vasitəsi ilə 5,6 min km uzunluğunda tikiləcək bu kəmərlə sutkada 110 milyon kubmetr qaz vurulacaq.

Qaz kəmərinin tikintisinə 10 milyard dollar maliyyə vəsaiti lazımdır. İran mənbələrinin bildirdiyinə görə, Avropanın bir sıra şirkətləri bu layihəni maliyyələşdirmək istəklərini artıq bildiriblər.

Adı çəkilən dövlətlər isə bəyan ediblər ki, yetərincə maliyyə vəsaiti olacağı halda 2013 və 2014-cü ildə bütün tərəflərin iştirakı ilə layihənin istismarına başlamaq mümkündür.

Tehranın “islam kəməri” adlandırdığı bu xəttə 2020-ci ilədək İraqın gündəlik 10 milyondan 15 milyonadək, Suriyanı 15-20, Livanın isə 5-7 milyon kub metr təbii qaz ötürəcəyi planlaşdırılıb. Ehtimal olunur ki, gündəlik 65-70 milyon kub metr həcmində təbii qaz ixracı Avropa Birliyinin “mavi yanacağa” olan tələbatını ödəyəcək.

İran mənbələri bu kəmərin “Nabucco”ya alternativ və ya rəqib olacağını gizlətmir. (Yada salaq ki, Bakı-Ceyhan-Tbilisi əsas neft ixracı kəmərinin tikintisi zamanı da İran və Rusiya hay-küy salmışdı). Ancaq məsələ sabitlikdə, istiqrarda və iqtisadi risk dərəcəsindədir. Layihəni gerçəkləşdirmək niyyətində olan tərəflər bu baxımdan şərtlərə cavab vermir.

Atom-nüvə proqramı və başqa bu kimi məsələlərlə bağlı İran hakimiyyəti ciddi iqtisadi və siyasi sanksiyalara məruz qalıb. İraqda isə vəziyyət hələ də bu sayaq irimiqyaslı layihələrin həyata keçirilməsi üçün sərfəli sayıla bilməz. Suriyada da siyasi sabitlik mövcud deyil. Livanda iranyönlülərin, Qərbin terrorçu olaraq tanıdığı “Hizbullah”çıların hökumət başına gəlməsi bu ölkədə riskin böyük olduğunu təsdiqləyən amillərdəndir.

Heç şübhəsiz, bu layihənin təşəbbüskarı Tehran hakimiyyətidir. Belə qənaətə gəlmək olar ki, müqaviləni müzakirə edən tərəflər həmin xətt vasitəsi ilə Qərblə əməkdaşlığı genişləndirmək və nəticədə özlərini bölgədə gedən çeşidli “təhlükələrdən” sığortalamaq niyyətindədirlər.

Sadaladığımız şərtlərə - istiqrar, risk azlığı, siyasi sabitlik, habelə terrorçuluğa qarşı mübarizə və s. cavab versə idi, o zaman İranın “Nabucco”ya qoşulması müzakirə belə edilməzdi. Yaxud Bakı-Tbilisi- Ceyhan Əsas Neft ixrac kəməri bu ölkənin ərazisindən keçərdi.

Bundan başqa, 6 milyard dollar maliyyə vəsaiti tələb edən bu layihəni həmin dövlətlərin indiki vəziyyətində çətin ki, xarici şirkət və ya dövlətlər maliyyələşdirsin. İran mənbələrinin yaydığı “Avropanın bir sıra şirkətləri bu layihəni maliyyələşdirmək istəklərini artıq bildiriblər” xəbəri isə daha çox “blefə” oxşayır. Əks halda, layihənin təbliğatı və ona maliyyə qoyuluşunu tezləşdirmək məqsədi ilə həmin şirkətlərin adları açıqlanardı. Onda belə bir qənaət yaranır; görünür, Tehran hakimiyyəti bu layihəni qaçaq maliyyə vəsaiti hesabına meydana çıxarmaq istəyir.

Məsələnin başqa tərəfi isə Avropa ölkələrində Atom Elektrik Stansiyalarının enerjisindən (Almaniyada bəzi AES-lərin qapadılması) qismən də olsa imtina edilməsidir. Ona görə də ehtimal etmək olar ki, bu vəziyyəti nəzərə alan Tehran hakimiyyəti həmin xətt vasitəsi ilə Avropanın “mavi yanacağa” olan ehtiyacını ödəyəcəyini və ya onların bu xəttə ciddi ehtiyacının olacağını zənn edir.

Odur ki, İranın ortaya çıxardığı “İslam qaz kəməri” xətti iiştirakçı ölkələrin indiki durumunda, eləcə də bölgənin indiki şəraitində gerçəklikdən çox xəyala oxşayır…

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 419

Oxşar yazılar