İran – çalxalanan hakimiyyət
30 iyun 2011 17:23 (UTC +04:00)

İran – çalxalanan hakimiyyət

İranda hakimiyyət daxili ziddiyyət yenə baş qaldırıb. Aprel-may aylarında İranda ölkə prezidenti Mahmud Əhmədinejada qarşı təzyiqlərin davamı olaraq, hökumət başçısına qarşı basqılar yenə artıb.

“İTAR-TASS”ın məlumatına əsasən, M.Əhmədinejad yüksək səlahiyyətli hökumət məmurlarının həbsini “siyasi təxribat” adlandırıb: “Bu hal davam edərsə, o zaman prezident hakimiyyətinin bütün səlahiyyətlərindən yararlanaraq, məsələni ümumxalq müzakirəsinə çıxarmağa məcbur olacağam. Hökumətə qarşı ciddi təzyiqlər var. Biz susmuşuq və susmaqda davam edəcəyik. Ancaq bunun da bir “qırmızı xətti” var. Nazirlər kabinetini müdafiə etmək mənim borcumdur. Saxlanan bəzi həmkarlarıma qarşı müxtəlif ittihamlar irəli sürülüb. Bu həbslərin özünə də ciddi iradlar var. Mən bunlarla bağlı iradlarımı İran Məhkəmə Sisteminin rəisinə bildirmişəm. Hər gün yayılan şayiələr hökumətin fəaliyyətinə mənfi təsir göstərir. Həm insanlar, həm də həmkarlarım məndən baş verənləri soruşur, bunların sonun nə zaman bitəcəyini bilmək istəyir. Bunların siyasi motivli olduğu bizə aydındır. Belə hərəkətlər və təzyiqlər ölkəmizə mütləq ziyan vuracaq”.

Son iki ayda İranda Prezident aparatının rəhbəri və Əhmədinejadın qudası İsfəndiyar Rəhim - Məşai və ona yaxın 25 nəfərdən çox adamın saxlandığı barədə məlumatlar yayılıb. Onların əksərinin kimliyi barədə mediaya açıqlama verilməyib.

İran İslam Respublikasının ali rəhbəri ayətulla Xamneyinin İnqilab Keşikçiləri Qvardiyasındakı keçmiş nümayəndəsi Müctaba Zolnur jurnalistlərə açıqlamasında hakimiyyət daxilində “yolunu azmış cərəyandan” danışıb.

Onun sözlərinə görə, hakimiyyət belələrinin fəaliyyətini tam nəzarətdə saxlayır: “Sistem hazırda bu cərəyanın qol-qanadını budayıb və onun xərçəng kimi yayılmasının qarşısını alıb. Belə ki, sistem hazırda bu cərəyanla bağlı saxladığı şəxslərdən etiraf almaqla pərdə arxasındakı bir sıra məsələləri öyrənməyə çalışır. Bu cərəyan özünü sistemdəki bir sıra şəxsiyyətlərə bağlayıb. Elə buna görə də biz ağıl və təmkinlə tərpənməliyik. Çünki onları (Əhmədinejad və Məşaini nəzərdə tutur - S.S.) bir-birindən ayırmaq istəsək, bu sistem üçün baha başa gələ bilər”.

O, bir həftə əvvəl də jurnalistlərlə görüşündə Əhmədinejadla Məşaini bir neçə il əvvəl cərrahiyyə əməliyyatında vəfat edən məşhur iranlı siam əkizləri Lalə və Ladənə bənzətmişdi: “Bəziləri deyirlər ki, Əhmədnejadla Məşaini bir-birindən ayırsaq hər şey düzələr. Lakin mən hesab edirəm ki, onlar cərrahiyyə əməliyyatında ikisi də ölən siam əkizləri Lalə və Ladən kimidirlər”.

Ölkə informasiya vasitələrinin məlumatına əsasən, bir neçə gün öncə İran parlamentinin yüz deputatı prezidentə etimadsızlıqla bağlı məclisin rəyasət heyətinə müraciət edib.

Bu sənəd Əli Mütəhhəri adlı deputatın təşəbbüsü ilə hazırlanıb. Etimadsızlıq layihəsində M.Əhmədinejada 11 sual ünvanlanıb. Suallardan 3-ü iqtisadi vəziyyətə, 3-ü qanun pozuntularına, 3-ü siyasi, 2-si isə mədəniyyət sahəsinə aiddir.

Rəyasət Heyətinin üzvü Məhəmməd Dehqan layihəyə baxıldığını və uyğun qərarın çıxarıldığını bildirib. O, ölkənin indiki həssas durumunda bu məsələnin yenidən ortaya çıxması hökumətlə parlament arasında əlaqələri zəiflədər, bu isə ölkəmizin xeyrinə deyil: “Rəyasət Heyəti üzvlərinin çoxu ölkənin indiki həssas durumunu nəzərə alaraq prezidentə etimadsızlığı göstərilməsini məqsədəuyğun saymadı. Onların fikrincə, bu, indiki şəraitdə ölkəmizin xeyrinə deyil. Bu səbəbdən də qərara alındı ki, sənədin müəllifi Ə.Mütəhhəri ilə görüşüb, vəziyyət ona bir daha izah edilsin. Ondan prezidentə etimadsızlıq məsələsini parlamentin gündəliyinə çıxarılması xahiş ediləcək”.

“Reutersin”in məlumatında bildirilib ki, əgər bir ay ərzində deputatlar tələblərini geri götürməsə, o zaman hökumət onlar qarşısında hesabatla çıxış etməlidir. Suallar arasında Tehran metro tikintisinə məclis tərəfindən təsdiqlənmiş maliyyə vəsaitinin vaxtında çatdırılmaması, idman nazirinin təyinatının gecirkdirilməsi də var.

Mayda isə deputatlar Əhmədinejadı ölkə Ana Yasasını 50 dəfə pozmaqda ittiham etmişdilər. Onda 90 deputat prezidentin hesabatını dinləmək üçün imza toplamışdı. Məclis üzvləri ilk növbədə İranın ali rəhbəri ayətullah Xamneyi ilə M.Əhmədinejad arasında olan fikri ayrılığına hökumət başçısının aydınlıq gətirməsini tələb edirdilər.

Hələ cari ayın əvvəlində parlamentin sədri Əli Laricani prezidentə ünvanladığı özəl məktubda M.Əhmədinejada nazirlər kabinetinin 26 qərarının ölkə qanunvericiliyi ilə ziddiyyət təşkil etdiyini bildirmişdi. Hökumətin həmin qərarlarından biri neft məsələləri üzrə işçi qrupun qanunsuz olaraq, yaradılmasıdır. Bu qrup M.Əhmədinejadın özəl nümayəndəsi sayılır. Odur ki, parlament sədri onu 26 qərarda düzəliş etməyə çağırmışdı.

Məktubun surəti ölkə rəsmilərinə, eləcə də məhkəmə sisteminin başçısına yollanmışdı.

2010-cu ilin noyabrında da oxşar cəhd olmuşdu. Ancaq indiyə kimi Əhəmdinejad onların tələbi əsasında parlamentə hesabat verməyib.

Bununla belə hökumət yaxın sayılanlar qarşı təqib və basqılar davam edir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 747

Oxşar yazılar