Suriya qaçqınları, “quyruqlu” ələvilər, yekəqarın erməni və Hatay künəfəsi... - REPORTAJ
29 iyun 2011 12:25 (UTC +04:00)

Suriya qaçqınları, “quyruqlu” ələvilər, yekəqarın erməni və Hatay künəfəsi... - REPORTAJ

Hatay budəfəki Türkiyə səfərimin sonuncu dayanacağı oldu. Yaşıllığı, təbiəti, qərb yönümlü mədəniyyəti, məşhur “kişilik” lətifəsi və şabalıd şirnisi ilə ad alıb, san çıxaran Bursadan doyub, Türkiyənin ən şərqində yerləşən, ərəb nəfəsi qoxan şəhərə - Hataya getməyi planlaşdırdım.

Tatulu kürdlər

12 saatlıq Bursa-Hatay yolunda şahid olduqlarımdan ən maraqlı, nə qəribə ki, həm də ən yorucusu indiyə qədər sadəcə filmlərdən gördüyüm kürd əşirəti nümayəndələri ilə bərabər yolculuq etməyim oldu. Onlar yalnız sol yanaqları və çənələri ilana bənzər tatu ilə döyməli, xəyallardakı “Kürdüstan” bayrağının rənglərini xatırladan itələyici görkəmli geyimləriylə diqqət çəkmirdilər. Öz aralarında qışqıra-qışqıra danışan bu ailənin avtobusa mindiyi andan etibarən yolçuluğumun həddən ziyadə “hərəkətli” olacağını anlamışdım.
Urfadan olmalarına baxmayaraq, ailə türk dilində tək bir söz də danışmırdılar. Durmadan bir şeylər anlatmağa çalışır, onu anlamayan gənc “konduktor”a “uf-puflanır”, ehtiyac fasilələrində həyətə düşərək asfaltın üzərində halqa boyunca bardaş quraraq oturub, özləriylə gətirdikləri qazan yeməklərindən ortaya töküb yeyir, yuxu saatında ayaqqabılarını yastıq əvəzi başlarının altına qoyaraq, avtobusun döşəməsinə uzanıb yatırdılar. Bu qədərini türk filmində görsəm, “qaralama kampaniyası”dır deyib, mübaliğələrə gülərdim. Amma bu artıq film deyildi...

Səsli-küylü yolçuluğum səhərin ilk işıqlarının yayılması ilə yekunlaşdı. Bir zamanlar Hatay dövlətinin mərkəzi olan Antakyaya addımımı basdığımda ilk olaraq qəribə qoxusu olan havası, ardından yaxınlaşıb nəzakətlə “yardıma ihtiyacınız varmı” deyənlərin davranışları məni xoşhal elədi. Alışılan mənzərədən çox fərqli mənzərəydi bu: bizdə və Türkiyənin bəzi yerlərində olduğu kimi taksi sürücüləri sərnişinlərin üstünə şığımır, sadəcə, kübarca soruşurlar. Hataylı dostum məni qarşılamasaydı, bu taksilərin birinə məmnuniyyətlə oturardım...

Ancelina Colini 20 gün qabaqladım

6 ildir görmədiyim arxadaşımla ayaqüstü dərdləşdikdən, hal-əhval tutduqdan sonra maşına oturub, evlərinə yola düşdük. Yolda elə həvəsli-həvəsli “Erkan, burdan da Suriyaya keçib gəzə bilərikmi” deyə soruşmuşdum ki, aldığım cavabla həvəsim qursağımda qaldı. Sən demə, bir neçə gün bundan qabaq Suriyada olan siyasi iğtişaşlardan yaxa qurtarmaq istəyən suriyalılar Hataya qaçmağa başlayıblarmış. Özü də nə hikmətdisə, qaçqınlar qonaq gedəcəyim evin çox yaxınlığında bir ərazidə məskunlaşdırılıb. Günlərdir televiziya, radio, mətbuatdan uzaq düşməyimin nəticəsi idi ki, bu olaylardan ancaq Hatayda olduğum zaman xəbər tuta bildim. Ancaq buna baxmayaraq, mən Ancelina Colidən daha erkən vaxtda ziyarət etdim qaçqınları... Zarafat deyil, xoşməramlı və xoş çöhrəli səfiri təxminən 20 gün qabaqlamışdım...

1 saat sonra Yayladağ adlı şirin bir qəsəbəyə çatdıq. Qarşılamalar, söhbətləşmələr, bir az dincəlmələrin ardından Antakyanı kəşfə çıxdıq. Planımız bu gəzidə mənə rəhbərlik edəcək dostum tərəfindən verilmişdi. İlk görəcəyimiz yerlər mərkəzdən başlayırdı. Düzünü desəm, Hatay hər zaman maraq dairəmdə olan şəhər olduğu üçün müəyyən məkanların, abidələrin adlarını bilirdim. Ən çox da tərsinə axan Asi çayını görmək istəyirdim...

Tərs axdığı üçün “Üsyankar” adı alan Asi çayının ikiyə böldüyü Antakyanın mərkəzi palma ağacları ilə bəzəkli, tarix və müasirlik nümunəsi olan tikililərdən ibarət idi. Əlimdə fotoaparat gördüyüm hər yeri çəkməklə məşğulkən, dostum da bir yandan Hatayla bağlı tarixi gerçəkləri anlatmaqdaydı. Antakyanın tanınmış “Uzun çarşı”sına gəldik. Görüntüsündən əsl şərqlilik yağan çarşının uzun-uzun küçələrini gəzərkən, bir anlıq qeyri-adi hissiyyat keçdi içimdən: “Şərqli olmaq qərbli olmaqdan heç də geri sayılmayacaq bir üstünlükdür”.

Erməniyə “dejurnı” təbəssüm

“Mühitin ab-havası məni vəcdə gətirdi deyəsən” dedim və bir an öncə görməyə can atdığım süryani kilsələrinə gedən yolu tutdum. Səs-küy, bir-birinə qarışan yemək, ədviyyat qoxuları, qulağıma sürtüşüb keçən ərəbcə sözlərin müşayiətilə hər tərəfindən səliqə yağan Ortodoks kilsəsinə çatdıq. Mən ömrümdə cəmi-cümlətanı iki kilsə görmüşəm: Bakıdakı Rus Pravoslav, bir də Tiflisdə Şevardnadzenin tikdirdiyi kilsəni. Ancaq bu kilsə onlardan bir xeyli fərqlənirdi. Elə təkcə həyəti digər kilsələrdə görmədiyim gözəllikdəydi. Kilsənin həyətində 2 kişi oturmuşdu. Bağlı olan kilsə qapısını açmaqda israrlı davrandığımızı görüncə kişilərdən biri yaxınlaşıb təbəssümlə və erməni vurğusunu andıran ləhcəsiylə “ayin başladı, kiliseye girmek yasaktır” dedi. Belə bir abidənin sadəcə həyətini görməklə yetinəcəyim üçün üzüntülü halda oradan çıxıb getməyə hazırlaşarkən kişi arxadan yenə bizi səslədi. Bizə yaxınlıqdakı katolik kilsəsində hələ ayinin başlamadığını və əgər istəsək ora getməyimizin yaxşı ola biləcəyini məsləhət verdi. Mən kişinin bəstə boyunu, nağara kimi qarnını, bir az əyri belini, ətli burnunu incələyib adamın hansı milliyyətə məxsus olduğunu tapmağa çalışarkən, o da mənim üzümə baxaraq xoşluqla nələrsə deyirdi. Dedikləri içərisində dərk elədiyim tək şey katolik kilsəsinin zəngi ilə yaxınlıqda yerləşən məscidin minarəsinin qoşa olduğunu söyləməsi oldu. Bunu eşidər-eşitməz uzun incələmələrimdən sonra erməni olduğunu yəqin bildiyim adamın üzünə, necə deyərlər, “dejurnı” təbəssüm edərək ordan ayrılıb, katolik kilsəsinə tələsdim. Qədim Antakyanın “İçəri şəhər”ə şükür dedirdən dar-dolanbac küçələri ilə gəzib, namı-dəyər katolik kilsəsini tapdıq. Balaca-balaca xristian uşaqlar ibadətə gəlirdilər. Kilsəyə yaxınlaşanda balacanın biri bizə tərəf boylanıb sevincək “hoş geldiniz” dedi. Yunanmıydı, gürcümüydü, ermənimiydi – bunu araşdırmaq könlümdən keçmədi belə. Sevimliydi, mehribandı və uşaqdı...

Mənim kimi hər şeyi görməyə maraqlı olan insanlar üçün o məşhur görüntünü fotoaparatla ölümsüzləşdirdim. Deyildiyi kimi, kilsənin zəngi ilə məscidin minarəsi eyni çərçivədə yer alırdı.

“Devletin başına Devlet gelecek”...

Çeşidli dil, din, irq, məzhəb fərqliliyinə rəğmən birlikdə yaşamağın ən gözəl örnəyini verir Hatay. İslamı, xristianı, yəhudisi, ələvisi, süryanisi ilə birgə bütünləşmiş, gördüyüm şəhərlər içərisində ən gözəl şəhərdi. Mədəniyyətlərin bir-birinə bu qədər yaxın, iç-içə, qardaşca yaşadığı başqa xoşgörü şəhər vardırmı, bilməm, amma mənim üçün bir ilk oldu bura.

Gördüklərimdən mənən doyurdum, ancaq fiziki aclıq da öz sözünü deyirdi. Rəhbərlik dostumun əlində olduğu üçün “ağa”nın növbəti seçimini izləməli oldum. Şəhər mərkəzindən bir az kənarda bir restorana gəlib çıxdıq. Yemək seçimlərini Erkana həvalə etdim. Hərçənd, gələr-gəlməz şərəfimizə açılan masada bir neçə Hatay yeməyi ilə artıq tanış olmuşdum. Kilolarını qəbul etdiyi arıqlama dərmanları ucbatından aldığını bizlərə inandırmağa çalışan totux-motux xalanın hazırladığı “içli köfte”ni yeyəndən sonra dərmanların məsum olduğunu anlamağım, özümün də kompleks etdiyim kökəlməyi-filanı unudub ardı-ardına köftələri yeməyim bu məmləkətin ağız dadından məni hali etmişdi.
Erkan sifarişləri sadalayarkən dediyi bir yeməyin adı məni yamanca tutdu - “abqanuş”. Bir anlıq “Aykanuş”la bir əlaqəsinin olub-olmadığını düşündüm. Xörəklər gəldiyində yeməyə ilk “abqanuş”dan başladım. Bu “abqanuş” nə olan şeymişsə, yedikcə-yeyirsən. Həm də gözünü sevdiyimin məmləkətində hər şey o qədər acıdı ki, istiotun verdiyi təsirdən insan bir xeyli “duyğulanır”. Ərəb mənşəli olduğunu öyrəndiyim “abqanuş”la daha sonra yenidən “görüşəcəyimi” ümid edərək, digər yeməklərə əl atdım. Restorandan çıxanda damağımda qalan ləzzət uzun müddət məni tərk eləmədi. Ancaq sən demə, hələ mərkəzdə bizi künəfə keyfi də gözləyirmiş. “Bu doymuşluğun üzərinə həyatda bir loxma daha yeyə bilmərəm” deyib mızıldanarkən, dostumun israrı üzərinə açıq havada bir yerdə oturduq. Türkiyəyə gəldiyim gündən etibarən görməkdən və duymaqdan bezdiyim partiya təbliğatçıları da biz oturduğumuz məkanda öz işlərini görməklə məşğuldular. “Mavi boncuk dizişine, ölürüm Türkiye” deyə bar-bar bağıran mahnının sədaları altında bir tərəfdən isti künəfələri dadır, bir tərəfdən də MHP-li gənclərin canfəşanlıqlarını izləyirdim. “Devletin başına Devlet gelecek” deyə çığır-bağır salan turançıları olduğum digər şəhərlərdə də görmüşdüm. Ən qatıları da Kayseridəydi. Davalarına könül vermiş bu gənclərin bu qədər enerjini hardan aldıqları məni olduqca maraqlandırır. Dərsin, işin yanında bir də vicdan borcunu yerinə yetirmək üçün toplantılar keçirmək, broşurlar hazırlamaq, xalqın içində dolaşıb inandıqları başqanın üstünlüyünü qarşısına çıxan iki nəfərdən birinə anlatmaq, nə bilim, ən bəsiti, yaxasına partiyasının emblemini taxmaq yormurdu görən onları?! Baxırsan ki, hamısı da boylu-buxunlu, növrəstə cavanlardı. Bəs bunların metroda, marşrutda “bluetooth”la “qız tutmağa”, çayxanada oturub laqqırtı vurmağa, hava qaranlıqlayan kimi “Jiquli”ni iki təkər üstünə qaldırmağa vaxtları necə çatırdı?! Bizim gerizəkalıların düşüncəsincə, yəqin ki, cavanlıqlarını yaşaya bilmirlər Türkiyə gəncləri...

Nəsə, künəfə həqiqətən ləzzətliydi. Yolu Hataya düşə biləcək şirniyyat sevən oxuyucuya deyirəm ki, künəfəsiz geri dönməsin.

Artıq hava qaranlıqlamışdı. Suriya qaçqınlarını görmək sabaha qaldı...

“Hataydan son durum...”

İnsan başqa məmləkətdə olanda gecələr sanki qısa, yuxular da dadsız-duzsuz olur. Bir də insan mənim kimi gəzməyə, görməyə maraqlıysa daha betər. Səhər gözünü açmamış mən gözlərimi açıb, nənəm demişkən, qonqudum. Artıq dadına alışdığım acı türk çayından yudumlaya-yudumlaya televizorda səhər xəbərlərini izləyirdim ki, xəbər spikeri təlaşla “Hataydan son durum” dediyində “aha, indi nəsə olacaq, mənim qaçqınlar yaşayan yerə gedə bilməyim mümkünsüzləşəcək” dedim.

Qaçqın sayının hər saat artdığını, çadır şəhərciyi olan ərazinin get-gedə genişləndiyini, rəsmi Ankaranın Antakya üçün qırmızı siqnal yandırdığını ardı-ardına bir nəfəsə sıralayan “xəbərçi” qızı dinləyəndən sonra ciddi bir jurnalist ədasına bürünərək, fotoaparatı boynuma keçirib, olay yerinə yollandım. Avtomobillə bir neçə dəqiqə sonra sərhədə - Suriya giriş qapısına çatdıq. Bütün bu həngamələr, sən demə, lap burnumuzun dibində baş verirmiş. Uzaqdan sərhədi keçməkdə olan bir neçə qaçqın dəydi gözümə. Qapqara peçəli çadrada, çemodanı bizim talışlar fason başının üstünə almış iki qadın, iki uşaq və bir kişi. Sərhəd keşikçiləri onlara yaxınlaşıb müvafiq prosedurları həyata keçirərkən biz ordan aralanıb, çadır şəhərciyinə getdik.

Yolun sol tərəfində kənarları dəmir torlarla əhatələnmiş bir düzənlikdə göz işləyincə ağ çadırlar görünürdü. Yolun sağ tərəfində isə səki kənarlarına oturub günəşdə qovrula-qovrula gözləyən jurnalist ordusu, ortalıq yolda da nərmənazik türk polisləri. Hər cür çəkiliş yasaqlanmışdı. Maşını yolun jurnalistlər olan tərəfinə verib saxladıq. Müasir texnologiyaların canı sağ olsun – fotoaparatla “zoom” edib uzaqları yaxınımıza gətirməyə nə var ki?!

Elə təzəcə pəncərənin şüşəsini endirib, fotoaparatı çölə çıxarıb çəkməyə başlamışdım ki, bir əcnəbi jurnalist xatun içəri boylanıb hələ də heç cür öyrənə bilmədiyim andıra qalmış ingilis dilində nələrsə dedi. Daha doğrusu, intonasiyadan hiss elədim ki, soruşdu. İngiliscə bildiyim tək cümləni dedim: “I dont knew english”, yəni, “mən ingiliscə bilmirəm”. Baxışından, duruşundan qərbliyə oxşatdığım xanım bu dəfə də ərəbcə danışmağa başladı. Bu məqamda da dostum ərəbcə dilləndi: “nəhnu rəfi ərəbiyyən” – “ərəbcə bilmirik”. Deyəsən, onun da ərəb dilindən bildiyi tək cümlə buydu. Qız əl-qolla yenə bir şeylər anlatmağa başladı. Üzümdəki ifadədən “anam-bacım, əl çək dəə” dediyimi öz dilində anladı hər halda ki, nəhayət, çıxıb getdi.

Qaçqın elə qaçqındı...

2-3 şəkil çəkdikdən sonra çadırlar arasında dolaşan qaçqınları çəkməyə başladım. Obyektivim çox diqqətçəkici mənzərəni yaxaladı. İki ağac arasına sallama beşik düzəldib körpəsini yatırdan bir ana, ağacın dibində oturan, mənim onları çəkdiyimi görüb, obyektivimə gülərək barmaqları ilə sülh işarəti edən balaca oğlan uşaqları... Kaş ki, sülhü o balaca barmaqları ilə gətirə bilsələr...

Jurnalistlər oturan səkiyə oturdum...

Mənə köndələn-köndələn baxan polisə süni təbəssüm edərək, oğrun-oğrun 1-2 şəkil daha çəkdim. Yerli, əcnəbi, tanınmış, tanınmamış bütün mətbu orqanları görmək olurdu burda. Kimisi yolun kənarından mənim üsulumla kameranı “zoom” edərək çəkir, kimisi fonda qaçqın çadırları “stəndap” edir, kimisi də elə maşının içindəcə telefonla son xəbərləri çatdırırdı. Mənsə oturub sadəcə qaçqınları, yardım dağıdan Kızılay maşınlarını izləyirdim. Yanımda oturan bir jurnalist söhbətə tutdu məni. “Üzücü mənzərədir” dedim. “O kadar da üzülme” dedi mənə. “Bunlar sizin Qarabağ qaçqınları kimi qaçqınlar deyil”. “Nədən?” deyə soruşdum. Adamın dediklərinə inanılarsa, aldığı bəzi məlumatlara görə, Suriyadakı olayların daha faciəvi görünməsində maraqlı olan bəzi qüvvələr yerli ərəbləri “müəyyən üsullarla” razı salaraq Türkiyəyə göndərirlərmiş ki, dünyanın bu ölkədə baş verənlərə diqqəti çoxalsın. Yəni, insanlar Qarabağdakı kimi güllə-boranın altından, qətl olunaraq zorən yurd-yuvalarından didərgin düşmürdülər.

Adamın Suriyadakı olaylar və suriyalı qaçqınlar barədə söylədiyi versiyaya inandım, ya inanmadım, məncə fərq etməz: qaçqın elə qaçqındı. Bunu çadırların arasında dolaşıb özünə yer tapa bilməyən yaşlı kişiləri, qucağında uşağını sakitləşdirən yorğun qadınları, ortalıqda qaçıb-oynayan dünyadan bixəbər balaca uşaqları görəndə anlamaq çətin deyildi...

Hatayın “Ağsu perevalı”

Qaçqınları, jurnalistləri, hüznü arxada qoyub Erkanın bəh-bəhlə anlatdığı “Qaramağara”ya doğru yol aldıq. “Ağsu perevalı”nın onunla müqayisədə toya getməli olduğu bir dağ yoluna girdik. İlan kimi qıvrıla-qıvrıla ensiz yolla düz 40 dəqiqə dağ qalxdıq. Arada maşının pəncərəsindən aşağıya baxıb, “vəssalam, ölümümüz burdan olacaq” deyib hay-həşir salırdım. Təmkinli dostum mənə aldırmadan yoluna davam edirdi. Qorxumun ciddiyyətini anlayanda isə “bu yollarda əsla qəza olmaz, görmürsən parke daşları ilə döşənib” dedi. Onda anladım ki, “Ağsu perevalı”nda niyə bu qədər qəzalar olur. Türkiyənin çox yerində görmüşdüm bunu – təhlükəli dağ yollarında asfalt yol yerinə kiçik parke daşlarından döşənmiş yollar çəkilib. Normal olaraq da yağışda, qarda, hətta adi vaxtda belə bu cür yollar sürüşkən olmur və maşın hündürə rahatlıqla qalxır-enir. Bizdə də hər yağışda axıb-sürüşən “Ağsu perevalı”nın yolunu bu cür etsələr, qəzaların sayı azalsa, kimin nəyi əskik olacaq görəsən?!

Maşından endiyimdə bu təhlükəyə qatlanmağıma dəydiyini anladım. Mənzərə tək kəlməylə - möhtəşəmdi. Bura dənizlə yaşıllığın, dağla səmanın qovuşduğu tam bir şair məkanı idi. Bir saat otur, şair ol, qayıt. Bu mənzərəni şəkildə görsəm, əminliklə “fotoşopda rənglərin üzərində işləyiblər” deyərdim.

Ağdənizlə heç cürə vidalaşa bilmirdim. Dostum “hələ gedəcəyimiz yerlər var” deyib məni tələsdirməsəydi, şair olmağa niyyətlənmişdim...

“Hataydan səsləri CHP alar”?

Yolumuz Anadolunun ilk kilsəsi olan “Saint Pierre” kilsəsinə və Anadolunun ilk məscidi olan “Habibi Neccar” məscidinə idi.

Kiçik, kasıb bir kəndin içindən keçib gedirdik. İki evdən birinin pəncərəsindən CHP bayrağı asılmışdı. Dostum tanıtmaq üçün “alevi köyü” dediyinə peşman oldu. Tez maşını saxlatdırıb aşağıya endim. Ələvilər maraqlı idi mənə. Antakyaya gəldiyim gün bir ələvi ilə söhbətləşmək şansım olmuşdu. Danışdıqlarından ənənələrində bizlərə oxşar bəzi şeylər tutmuşdum. Daha çox da bizim fars meylli qatı şiələrimiz kimi yaşayırlar bir çox şeyi.
Ələvi mövzusunda Türkiyənin bir neçə il bundan öncəki vəziyyətini xatırlayıram. Ələvilərə az qala başqa planetdən gəlmiş adamlarmış kimi baxırdılar. Ələvi, ələvi olduğunu rahatca söyləyə bilmirdi. Həmsöhbət olduğum ərəb ələvisi də demişdi: “Bize alevinin kuyruğu var diyorlar”.

Anadolunun hər yerində ələvilərə rast gəlmək olur. Ancaq Hatay ələviləri digər Anadolu ələvilərindən məqsəddə və inancda bir az fərqlidirlər. Bəzi qaynaqların iddialarına rəğmən Hatay ələviləri özlərinin türk soyundan olduqlarına inanırlar. Yaxşı demişdi o ələvi qara oğlan: “Biz keçmişin sıxıntı, əziyyətlərinə deyil, gələcəyin xoşbəxtlik və barışına baxırıq”.

Kəndin içində yeniyetmələr aksiya keçirirdilər. Hərəsi əlinə bir CHP bayrağı alıb yellədə-yellədə öz aləmlərində Kamal abilərinə dəstək verirdilər. Kılıçdaroğlunun da ələvi olması bunları nəyəsə ümidləndirirdi...

“Hataydan səsləri CHP alar” dedim dostuma. Nəticələr açıqlananda Bakıdaydım. Mən yox, dostum haqlı çıxdı – Hatayın əksəriyyətinin CHP tərəfdarı olmasına baxmayaraq, AKP burda da öz “sultanlığı”nı elan elədi...

Nərmənazik katolik keşişləri

Adı dillər əzbəri olan məşhur “Saint Pierre” kilsəsinə çatmışdıq. Xristianlıq tarixi dönəmində dörd böyük patriklik mərkəzindən biri olmuş dünyanın ilk Katolik kilsəsinin içinə daxil olanda qəribə bir soyuqluq sardı bədənimi. Dindarlar başqa tərəfə yozmasın, lütfən, bunun dini inancla-filan əlaqəsi yoxdur. Sadəcə, kilsə mağarada yerləşir. Özü də elə-belə mağara deyil. Kilsənin içində mağaranın düz təpəsinə qalxmaq üçün gizli dar bir yol var. İstədim o yolla yuxarıya qalxım, görüm yuxarıda həyat necədi, heyf ki, bu yerdə “ölçülərim” məni pəjmürdə elədi...

Zamanında arıqlamadığım üçün özümü xeyli danladım, amma bir işə də məəttəl qaldım – o dönəmin keşiş, rahibləri, lap elə rahibələri görəsən bu dar yoldan keçəcək qədər nərmənazik olublar?! Nəsə, bir zamanlar rahiblərin oturduğu mərmər oturacaqda əyləşdim. Qeyri-adi hisslər yaşayacağımı gözləyirdim. Zarafat deyildi, bu daşın üzərində əsrlər əvvəl ilk katoliklər oturublar. Ancaq daşın sərinliyinin verdiyi xoşluqdan başqa nəsə hiss eləmədim, düzü. Di gəl, ortamdakı hüzur inkar edilməyəcək qədər idi. Müsəlmanlar yığışıb məni güllələsələr də, səmimi deyəcəm, vallah-billah, kilsələrdə insanı elit olmağa dəvət edən maraqlı bir aura var... Mənə görə, inancların hamısı eyni qapıya çıxır deyə dinlər bir-birindən fərqsizdi, amma kilsəyə ibadətə gedən açıq, başı yuxarı, azad şəkildə davranan xristian ilə, məscidə ibadətə gedən qapalı, başı aşağı, qısıq şəkildə davranan müsəlmanın arasında fərq var. Azadlıqsa tamam başqa gözəllikdir!

“Saint Pierre” deyildiyi qədər görülməyə dəyər, tarixin hər üzünə şahid olmuş bir kilsədir. Hatayı, bu daş kilsəni mənə xatırladacaq bir hədiyyəm də oldu - kilsənin girişində aldığımız “St.Pierre” xaçı...

Anadolunun ilk tikili müsəlman ibadətgahı

Hər şeydə bərabərliyi sevən biriyəm mən. Anadolunun ilk kilsəsini görüb, Anadolunun ilk məscidini görməmək haqsızlıq olardı, bu da mənim solçu ruhuma yaraşmaz...

“Habib-i Neccar Camii” Anadolunun ilk tikili müsəlman ibadətgahı sayılır. Quruluşu digər türk məscidlərindən bir o qədər də fərqlənmir, ancaq içərisi olduqca gözəl, fərqli idi. Məscidə günün elə saatında gəlib çatmışdıq ki, içəridə bir bəni-adəm yox idi. “Fürsət bu fürsət” deyib ayaqlarımı soyunub qırmızı xalı ilə döşəli məscidə girdim. Bu cür məscidlərdə başını azcana yuxarı qaldırmağın kifayətdir ki, möhtəşəm sənət nümunələri ilə tanış olasan. Həqiqətən məscidin hər köşəsində əsl sənətkarlıq vardı. İslam mədəniyyətinin təməl sənətlərindən olan xəttatlıq işinə isə söz ola bilməzdi. Bir zamanların həvəskar, guya xəttatlığını eləmiş biri kimi heyranlıqla incələdim hər küncü-bucağı. Fotoaparatımın enerjisini təmiz “öldürdükdən” sonra, nəhayət, məscidlə xudahafizləşdik.

İlham Tumas demiş, Hatay Türkiyə səfərimin “kişmişi” oldu. “Hələ görə bilmədiyim nələr qaldı” deyə düşünə-düşünə avtobusun pəncərəsindən baxıb, yaşlı Antakyayla sağollaşanda, bu geniş qəlbli şəhərə vurulduğumu anlamışdım...

Aysel Əli

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1153

Oxşar yazılar