Tehran inqilab küləyindən qorunmağa çalışır
31 may 2011 19:40 (UTC +04:00)

Tehran inqilab küləyindən qorunmağa çalışır

“MIGnews”in məlumatına əsasən, Küveytdə çıxan “əl-Siyassah” qəzeti yazıb ki, İran və Livandakı “Hİzbullah”a işləyən casus şəbəkəsi aşkarlanıb.

Bu xəbər mətbuata iki ay sonra sızıb. Küveytin hərbi tribunalı başqa bir casus şəbəkəsinin üzvü olan iki iranlının məhkəməsindən sonra bəlli olub. 2010-cu ildə aşkarlanan bu şəbəkənin üzvlərinə edam hökmü çıxarılmışdı.

“Əl-Siyassah”ın yazdığına görə, bu cinayət işi son dərəcə gizli şəkildə aparılır. Şəbəkə ilə bağlı məlumatda yalnız o bildirilir ki, tutulanlardan biri Küveyt kəşfiyyatının zabitidir. Həmin şəbəkəyə İran, Suriya, Livan və Küveyt vətəndaşları daxildir. Həmin qrupun həm də Livan “Hizbullah”ına işlədiyi aşkar edilib.

Qəzet daha sonra yazıb: “Şəbəkənin üzvləri Bəhreyndə xaosun və vətəndaş savaşının başlamasını gözləyirmiş. Həmin vaxt qrup Küveytdə də qiyam və qarışıqlıq təşkil etməliymiş. Axtarış zamanı əldə edilən materiallara əsasən, şəbəkə üzvləri Küveytin həyati vacib obyektlərdə və ticarət mərkəzlərində bir neçə terror aksiyası keçirməyi planlaşdırıbmış. Onların hədəflərindən biri də ölkə əhalisini kütləvi terror məruz qoymaq olub. Tutulanların etirafına əsasən, şəbəkənin fəaliyyəti Küveytlə məhdudlaşmırmış. Onlar Körfəz Ölkələri Əməkdaşlıq şurasının üzvü olan dövlətlərdə də terror aksiyası gerçəkləşdirmək niyyətində olublar.

Misirdə Hüsnü Mübarək dövrünün başa çatmasından İran hakimiyyəti də sevinirdi. Misir və İran məlum olaylardan sonra ikitərəfli əlaqələri genişləndirəcəkləri barədə bəyanatlarla çıxış edib.

Ancaq həftənin sonunda iranlı diplomat Seyid Kazım əl-Hüseyninin casusluqda şübhəli bilinərək, həbs edildiyi haqda məlumat yayılıb. Misirdə çıxan “əl-Yaum əs-Sabiyyə” qəzetinin yazdığına görə, diplomat Misir və körfəz dövlətlərinin iqtisadi, siyasi və hərbi vəziyyətinə dair məlumatlar toplayıb, onları Tehrana ötürürmüş.

“Əl-Ərəbiyyə» telekanalının yaydığı xəbərə əsasən, İran son zamanlar Misirdə yaranmış qarışıqlıqdan yararlanaraq, casusluq fəaliyyətini artırıb. Dindirmə zamanı prokurorluq
əl-Hüseyninin qurduğu casusluq şəbəkəsinə daxil olanları müəyyənləşdirməyə çalışıb.

Qeyd edək ki, Misirlə İran arasında diplomatik əlaqələrin pozulması 30 ildən artıqdır. Bunun çeşidli səbəbləri olduğu bildirilir. Onlardan biri İsraili Misirin tanınması göstərilir. Son iki ildə isə Tehranla Qahirə arasında müəyyən “istilənmənin” olduğu görünməkdədir.

Bu xəbərdən sonra İran ETTELAAT-ının başçısı Heydər Müslehi məsələyə dair açıqlama verib. Onun sözlərinə görə, Misir hakimiyyəti iranlı diplomatı sərbəst buraxıb, hətta üzr də istəyib.

Ən maraqlısı isə ETTELAAT başçısının Misirdəki casus şəbəkəsi ilə bağlı yaranmış qalmaqala əlavə olaraq toxunmamasıdır.

Qahirə rəsmiləri isə bir müddət öncə bildirmişdi k, əl-Hüsyeni “arzuolunmaz şəxs” kimi 24 saat ərzində Misirdən çıxarılacaq.

Tehran hakimiyyəti yalnız Küveyt və Misirlə kifayətlənməyib. O, Suriyada etiraz aksiyalarını yatırılması üçün bu ölkəyə təlimatçı və avadanlıq göndərib.

“The Washington Post”un məlumatında bildirilib ki, Suriyada hakimiyyət qarşı çıxışların davam etməsi ilə əlaqədar İslam Respublikası bu ölkəyə tərkibində İnqilab Keşikçiləri Qvardiyasının üzvləri olan çoxlu sayda təlimatçılar yollayıb.

Qəzetin yazdığına əsasən, bundan başqa İran Suriyaya çoxlu sayda silah və yüksək texnologiyaya malik müşahidə qurğusu göndərib.

Mənbə bildirib ki, müxalifətin ölkədən çıxarılması üçün iranlı mütəxəssislər Suriyanın xüsusi xidmət orqanlarına yardım edirlər. İranın istifadə etdiyi avadanlıq nəticəsində müxalif düşüncəlilər “Facebook” və “Tiwtter” kimi ictimai şəbəkələrdən aşkarlanıb, ölkədən çıxarılır.

Amerikalı mütəxəssislərin məlumatlarına görə, İnqilab Keşikçiləri Qvardiyasının xüsusi taqımı, “əl-Qüds” Suriyada müxalifətin keçirdiyi aksiyaların qarşısının güc yolu ilə alınmasında xüsusi fəallıq göstərib.

Livan parlamentinin üzvü Muin əl-Mərxabinin sözlərinə görə, “Hizbullah” yaraqlıları Livandan Suriyanın şimalına yola düşüb.

Tehran hakimiyyətinin davranışı onu göstərir ki, rejim bölgədə baş verənlərə islam “oyanışı” adı qoymaqla, əslində həmin ölkələrə bu və ya şəkildə müdaxilə etmək üçün siyasi-ideoloji əsas hazırlayır. Casus şəbəkələri, qvardiyanın yardımı və başqa belə “yardımlar”la İran rəhbərliyi həm də Afrikanın Quzeyindən əsən inqilab küləyindən özünü qorumağa çalışır…

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562

Oxşar yazılar