Qumarxana sahibəsi necə “Fransa şahzadəsi” oldu?
12 mart 2011 16:21 (UTC +04:00)

Qumarxana sahibəsi necə “Fransa şahzadəsi” oldu?

Bu qadın Fransa tarixinə fırıldaqçı və “Fransa şahzadəsi” kimi düşüb. Lent.az-ın məlumatına görə, hər şey isə əvvəllər qumarxana sahibi olan bu xanımın Fransa kralının İrana yeni təyin etdiyi səfir Jan Batist Fabrla tanışlığından sonra başlayır. Beləliklə, 1705-ci ildə əyninə kişi paltarı geyinmiş bu qadın Fransanın fövqəladə səfiri Fabrla birlikdə İrana yola düşür. Səfirin ölümündən sonra özünü Fransa səfirliyinin başçısı elan edərək səyahətini davam etdirir. Nəticədə Peti Fransa diplomatik missiyasının qarşısında duran əsas məqsədi reallaşdıra bilir. O, İran şahı ilə ticarət müqaviləsinin imzalanmasına nail olur.

Qumarxana sahibəliyindən diplomatik missiyaya

Bu hadisədən əvvəl, 1702-ci ildə 27 yaşlı çox gözəl və cazibədar madmazel Mariya Peti Parisdə Mazarini küçəsində fəaliyyət göstərən qumarxananı idarə edirdi. Bir dəfə qumarxanaya 50 yaşında bir kişi gəlir. Əslən marselli və böyük ticarətlə məşğul olan Jan Batist Fabr öz söhbətləri ilə gənc sahibəni inandırır ki, onun ailəsi Türkiyə ilə ticarəti öz əlində saxlayır. O isə 1675-ci ildə İstanbulda özünün ticarət nümayəndəliyini açıb: «Mən böyük vəzir və bütün paşalarla tanışam. Əlbəttə ki, səfirlə də. Cənab Ferol mənim dostumdur. O, hələ təyinat almamşıdan əvvəl mən onun vəzifələrini yerinə yetirirdim, daha sonra işlər idarəsinin başçısı vəzifəsini tutdum. Çünki Versalda məni çox qiymətləndirirlər».


Fabrın dediklərinin hamısı həqiqət idi. Lakin o bir məqamı qeyd etməyi unutdu. Deməli idi ki, İstanbulda böyük miqdarda borcu var və kreditorlar onun qayıtmağını səbirsizliklə gözləyirlər. Onu da demirdi ki, arvadı cənab de Ferolun sevgilisidir...


Fabr öz evini - Paris zənginlərinin sarayından geri qalmayan imarətini təsvir edir və Mariyaya deyir ki, Fransa səfiri qismində İran şahı ilə görüşmək niyyətindədir.
Bu hekayələrdən məftun olmuş gənc xanım xahiş edir ki, Fabr onu da özü ilə səyahətə aparsın. Sevgilisi ilə uzaq yola çıxmaq ideyası Fabrın da xoşuna gəlir və o, razılaşır. Lakin o, Mariyanı xəbərdar edir ki, özü ilə az miqdarda pul götürəcək, çünki sarayda xoş olmayan rəy yarada bilər. Bu da onların İrana səfərini sual altında qoya bilər.


Gənc qadın çox fikirləşmədən yığdığı bütün pulları, o cümlədən qumarxananın satışından aldığı pulu da Fabra verir: «Mənim pulum sənə uğur qazanmağa kömək edəcək. Buna görə heç nəyə təəssüflənməyəcəyəm, sənə söz verirəm».
O, Fabrı sevir və etibar edirdi. Ona görə də bu günəcən Xarici İşlər Nazirliyinin arxivində saxlanan iltizamı yazır: «Mən, bu iltizamı imzalayaraq söz verirəm ki, J.B. Fabrı İstanbulda və kralın xidmətləri, ya da öz şəxsi işləri üçün gedəcəyi digər yerlərdə müşayiət edəcəyəm. Ona bütün işlərində qarşılıq gözləmədən, təmənnasız hər cür yardım edəcəyəm və heç bir şərt altında da onun ardınca getməkdən imtina etməyəcəyəm».


Madmazel Peti bu iltizamı imzalayarkən düşünürdü ki, nəhayət, həyatı qaydasına düşəcək. O, yanılmırdı, amma qarşıda onu gözləyən macəraları ağlına belə gətirmirdi.


Bir ilə hazırlanan səfər

1703-cü ilin yanvarında Fabr İrana yol düşmək üçün rəsmi təlimat alır. Madmazel Peti təcili surətdə yola hazırlaşmağa başlayır. O, öz sandığını qablaşdırmağa bağlayarkən, XIV Lüdovik də İran şahına göndərəcəyi hədiyyələrin siyahısını tuturdu: 3 ədəd divar saatı, 24 ədəd qol saatı (onlardan 12-si zəngli idi), 6 ədəd büllur qablı çaxır, 3 atlas, 2 şamdan, bir neçə tablo, o cümlədən monarxın təsviri olan başqa əşyalar. Bütün bu əşyaları toplamaq üçün bir il vaxt lazım oldu.


1705-ci il martın 5-də isə göyərtəsində cənab Fabr və diplomatik missiya olan «Tuluza» gəmisi Fars körfəzinə yola düşür.
Aprelin 8-də səfir və qumarxanının keçmiş sahibəsi İsgəndəriyyəyə çatır, oradan isə Hələbə yola düşürlər. Aprelin 7-də Hələbə çatsalar da, XIV Lüdovikin nümayəndəsinin öz sevgilisi ilə səfərə çıxması yerli əhali tərəfindən müsbət qarşılanmadı. Bu zaman Fabr Mariyanı missiyanın baş majordomu (Avropada saray naziri) cənab Amelyanın arvadı kimi təqdim edir.



1705-ci ilin oktyabrında Fabr və Peti Hələbi tərk edirlər. Onlar dəniz yolu ilə İstanbula yola düşürlər. Orada Fabr eşidir ki, İstanbul xanı fransızları sevmir. Bu zaman Mariya özünün ən gözəl paltarını geyinir və xanın sarayına gedərək onu başdan çıxarır. Bununla da bütün çətinliklər tədricən aradan qalxmağa başlayır. Bir həftə sonra Fabr İsfahandan bildiriş alır ki, etimadnamələr qəbul edilib və səfirin yolunu gözləyirlər.


Yeni səfirin ömrü uzun olmur

Lakin bir müddət sonra Fabr xəstələnir, avqustun 16-da isə vəfat edir. Elə bu zaman Mariyanın ağlına bir fikir gəlir. Ölmüş sevgilisinin üstünü axtaran Mariya onun sandıq və mücrülərinin açarlarını tapır, kral tərəfindən səfirin təsdiq olunması ilə bağlı gizli sənədləri üzə çıxarır. Bütün bu sənədlər imkan verirdi ki, o özünü Fransa səfirliyinin başçısı elan etsin.
Fransa diplomatik missiyasının səfərindən xəbər tutan İran xristianlarının başçısı monsenyor Pidu de Sen-Olon İsfahana gedən yolun mühafizəsini təmin edən Təbriz xanına məktub göndərir. Eyni zamanda məktubda qeyd olunur ki, yalnız mərhumun qardaşı oğlu gənc Jozef Fabr özünü Fransa səfiri kimi qələmə vermək hüququna malikdir. Peti anlayır ki, onu böyük təhlükə gözləyir və dərhal İsfahana gedərək orada toxunulmazlıq alır. Orada onu Fransa kralının nümayəndəsi kimi tanıyır və hər yerdə fəxri qarovul müşayiət edirdi.


Bu müddətdə madmazel Peti Fabrın təlimatını xatırlayaraq, şahla ticarət müqaviləsi imzalamağı düşünür. Bu qəribə qadın müqavilənin bütün bəndlərini böyük məharət və diplomat peşəkarlığı ilə ayrı-ayrılıqda müzakirə edərək uzun-uzadı danışıqlar aparır. Nəticədə şah onu qəbul edir. Şahın qarşısında o, XIV Lüdovikin hədiyyələrini təqdim edir, kralın ünvanına təriflər söyləyir, Versal, Paris, fransız adət və ənənələrindən danışır.


Dönüş

İyun ayının sonunda o əşyalarını toplayır, çoxsaylı sevgililəri ilə görüşür və geriyə - Fransaya yola düşür. Ora çatdıqda oğurluqda ittiham edilərək həbs olunur, lakin sonradan məhkəmədə bəraət alır. 1715-ci ildə İran səfiri Parisə gəldiyi zaman Peti hələ İranda olarkən tanıdığı səfirlə görüşür və yenə də həbs olunur. Fırıldaqçı Mariya Petinin sonrakı taleyi barədə heç bir məlumat yoxdur. Ehtimal olunur ki, İran səfiri geri qayıtdıqdan sonra o azad olunur.



Petti öz memuarlarını nəşr etdirmək istəyirdi. Bu işləri görmək üçün o, Lesajı (tanınmış fransalı satirik və roman yazarı) dəvət edir. Lesaj sənədləri toplamağa başlayır, lakin Petinin düşmənlərinin qəzəbinə gəlməkdən qorxur. Beləliklə də memuarlar çap olunmur. Deyilənə görə, «fransız şahzadəsi»nin düşmənlərinin intriqaları buna mane olur…

Yaqut Əliyeva
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 679

Oxşar yazılar