Tarixin “Dəmir Ledi” əfsanəsi - HƏYAT HEKAYƏTİ
02 dekabr 2010 19:16 (UTC +04:00)

Tarixin “Dəmir Ledi” əfsanəsi - HƏYAT HEKAYƏTİ

O, XX yüzilliyin son 20 ilinə öz möhürünü vuran və beynəlxalq aləmdə ən çox tanınan liderlərdən biridir!

“Financial Times” qəzetinin keçirdiyi sorğuya görə, o, 20-ci əsrin son 25 ilində Avropa qitəsinin inkişafına ən böyük təsir göstərən insanlar arasında 3-cü yeri tutub.

O, ölkəsinin tarixində ilk qadın baş nazir oldu!

O, Böyük Britaniya tarixində Lord Liverpuldan sonra ən uzun müddət iş başında qalan, Lord Palmerstondan sonra isə ardıcıl üç seçkidə (1979, 1983, 1987) qələbə çalan Baş nazir oldu! Bir qadın olaraq isə o, ölkəsinin tarixinə hər iki istiqamətdə İLKLƏRİ yazdı!

Baş nazirliyi dövründə dövlətin iqtisadi sahədəki rolunu minimuma endirmək üçün tətbiq etdiyi, öncə xalqın müəyyən çətinliklərlə üzləşməsinə səbəb olan, ancaq daha sonra uğur qazanan özəlləşdirmə və bilavasitə vergiləndirmə kimi iqtisadi siyasəti ilə, öz adıyla adlandırılan yeni bir iqtisadi fəlsəfənin yaranmasına səbəb oldu: “Tetçerizm”!

Azad bazar iqtisadiyyatının zənginliyin ayrılmaz bir hissəsi olduğunun (mübahisə edilməyəcək dərəcədə) qəbul edilməsi, dünyanın demək olar ki, hər yerində dövlətin ictimai həyata daha az müdaxilə etməsi kimi dəyişikliklərin (inqilabi mahiyyətdə dəyişikliklərin) baş (qadın!) qəhrəmanı oldu!

O, Bosniya və Herseqovinada müharibə gedərkən, NATO-nu serblərə qarşı hərəkətə keçməyə çağırdı (serblərin etdiklərini faşistlərin fəaliyyətinə oxşatdı) və Bosniyada soyqırımı olması ehtimalını gündəmə gətirən ilk siyasi liderlərdən biri oldu!

İrlandiya Vətəndaş Ordusu tərəfindən təşkil edilən bombalı sui-qəsddən təsadüfən xilas oldu. Beş nəfərin həyatını itirdiyi sui-qəsdə baxmayaraq, hadisənin baş verdiyi bölgədəki proqramını dəyişdirmədi!

Daim aborta, edam cəzasının ləğvinə və boşanmanın asanlaşdırılmasına qarşı çıxış etdi…

“Şeytan imperiyası” SSRİ-nin süqut etdirilməsində, Səddam Hüseynin Küveytdən çıxarılmasında və Avropa Birliyinə etirazda cəbhəyə hamıdan öncə o can atdı...

Heç bir seçkidə məğlub olmasa da, partiya daxilindəki dəstəyi azalan kimi istefa verdi və Baş nazirlikdən əl çəkdi! Beləliklə, ölkəsinin tarixində daha bir İLKin də müəllifi oldu.

Söhbət güzəştsiz siyasəti ilə öncə öz ölkəsində, sonra isə bütün dünyada adı hər kəsin dilində əzbər olan bir qadından –dünyanın “Dəmir ledi” kimi tanıdığı Marqaret Tetçerdən gedir...

“Nəfəsini saxlayıb, medianın dediyi kimi, 180 dərəcə dönməyimi gözləyənlərə bir sözüm var: Siz istəyirsinizsə, dönün, Ledi dönməyəcək”.
Marqaret Tetçer
(onun iqtisadi siyasətini tənqid edənlərə cavab verərkən)



Kapitalizmin sosialist üsul-idarəsi üzərində qələbəsinin ilhamvericisindən biri oldu və azad bazar ticarətinin sivil inkişafın ayrılmaz hissəsi olduğunu əməli hərəkətləri ilə sübut etdi. SSRİ-nin çökdürülməsində, Küveyti işğal edən İraq qoşunlarının oradan çıxarılmasında xüsusi rol oynadı. Avropa Birliyi əleyhdarı qüvvələri həmişə dəstəklədi və ABŞ-AB münasibətlərində Vaşinqtonun sadiq müttəfiqi kimi çıxış etdi. Heç vaxt güzəştə getmədi və buna görə də dünyanın hər yerində "Dəmir ledi" ləqəbi ilə məşhur oldu. Dəmir iradəsi ilə ən görkəmli siyasətçiləri və dövlət xadimlərini özünə heyran qoyan bu qadın Böyük Britaniyanın baş naziri Marqaret Tetçer idi!

Onun “Dövlət sənəti” kitabı ən maraqla oxuduğum kitablardan biridir. Onu böyük maraqla müxtəlif dövrlərdə iki dəfə oxumuşam. Mənə elə gəlir ki, siyasətlə maraqlanan bütün insanlar üçün çox maraqlı bir kitabdır və hər kəsə oxumağı böyük məmnuniyyətlə tövsiyə edə bilərəm. Təkcə siyasətlə maraqlananlar deyil, hər kəs üçün…

Onun “Gücə Gedən Yol” və “Dovninq Strit İlləri” adlı xatirələrini də böyük maraqla oxumuşdum. 1993-cü ildə BBC televiziyasında yayımlanan “Dovning Strit İlləri”ndə Tetçer, baş nazirlikdən istefa etməsinə səbəb olan partiyadaxili prosesləri "üzü gülən xəyanət" kimi təsvir etdi.

“Sakit dövr”də doğuldu, amma sakit durmadı...

O, iki dünya müharibəsinin arasındakı “sakit dövr”də doğulmuşdu. Bütöv adı Marqaret Hilda Roberts Tetçer olan Marqaret 1925-ci il oktyabrın 13-də Linkolnşir Qraflığının Qrenhem şəhərciyində adi bir baqqal ailəsində anadan olub. Anası bir dükanda satıcı işləyirdi, atası isə meyvə-tərəvəz satırdı. Ailənin ikinci övladı olan Marqaret hələ kiçik yaşlarından davranışları, kitablara olan marağı, dərrakəsi ilə həmyaşıdlarından seçilirdi. Anası Beatris sadə bir evdar qadın olduğu üçün qızına yalnız şəfqətli ana olmağı bacarıb, atası Alfred Roberts isə qızının formalaşmasında böyük rolu oynayıb. Uşaq yaşlarından qızına "müstəqilliyin doktrina"sını öyrədən ata qızını inandıra bilmişdi ki, kütlənin ardınca getmək deyil, kütləni ardınca aparmaq şərtdir. Çox sonralar, Marqaret Tetçer karyerasının ən parlaq zamanında əldə etdikləri üçün atasına minnətdar olduğunu dönə-dönə deyəcəkdi. Buna hələ çox vardı…

O dövrdə İngiltərədə çalışqan olmayanların həyatda qalmaq şansları az idi və Marqaret Hilda Roberts bir çox gənclərdən fərqli olaraq çox çalışqan idi. Valideynlərinin təsiri ilə inanclı bir xristian kimi böyüyən Marqaret dünyanın ən yaxşı universitetlərindən biri olan Oksford Universitetinə kimya ixtisası üzrə daxil olur. Tezliklə universitet tələbələri arasında seçilməyə, siyasi, iqtisadi dünya görüşləri və bununla əlaqədar qızğın diskussiyalara girməsi ilə tanınmağa başlayır. Elə bu siyasi fəallığı da onun universitetdə fəaliyyət göstərən mühafizəkarlar dərnəyinin rəhbəri seçilməsi ilə nəticələnir. Bu da onun gələcək həyat yolunu qəti şəkildə müəyyən edir!

Kimya sahəsindən yüksək göstəricilərlə məzun olan Marqaret universiteti qurtarandan sonra bir müddət kimya sektorunda işləyir. Dondurmanın ərimədən saxlanılmasına imkan verən texnologiyanı hazırlayan heyətin tərkibində o da var idi!

Həmin illərdə 26 yaşlı Marqaret uğurlu bir seçim edərək seçkilər zamanı tanış olduğu Denis Tetçer (Sir Denis Thatcher) ilə ailə həyatı qurur, onun soyadını götürür və onların iki əkiz oğlu Kerol və Mark dünyaya gəlir. Zəngin iş adamı olan Denis Tetçer hər zaman maddi və mənəvi dəstəyi ilə bir siyasətçi, bir lider olan xanımının yanında oldu və ona böyük dəstək verdi! Lakin o özünü bütünlüklə ailəyə həsr etmək haqqında düşünmürdü. Hələ kiçik yaşlarından böyük maraq göstərdiyi siyasət onu maqnit kimi özünə cəlb edirdi. Və zamanın siyasi prosesləri ilə yaxından maraqlanır, elə bu sahədə də onda yeni ideyalar yaranırdı. Çox keçmir ki, Marqaretin bu yolda uğurları başlayır. O, 1950-51-ci illərdə keçirilən seçkilərdə Mühafizəkarlar Partiyasından namizəd kimi iştirak edir.

Onun həyatı ilə tanış olanda bu qadının iradəsinə, əzmkarlığına, sözün yaxşı mənasında inadkarlığına və zəhmətsevərliyinə heyran qalırsan. O, 2 körpə əkiz uşağın anası olmasına baxmayaraq hüquq təhsili də almağa başlayır və 1954-cü ildə hüquqşünas diplomu alır. Vəkillik təcrübəsinə yiyələnir, vergi hüququ üzrə ixtisaslaşır. Bir neçə il sonra isə Mühafizəkarlar partiyasından ilk dəfə olaraq, parlamentə seçilir. 1959-cu ildə parlamentə seçiləndə onun cəmi 35 yaşı var idi. Lakin o, daha da irəli getmək üçün çalışırdı. Marqaret istəyirdi ki, bir vaxtlar böyük ölkə olan Böyük Britaniyanın tənəzzülünə son qoyulsun!

“Mühafizəkar islahatçı”…

Mühafizəkarlar Partiyası 1970-ci ildə keçirilən seçkidə zəfər qazandı və Tetçer, Baş Nazir Edvard Hitin hökumətində elm və təhsil katibi vəzifəsini tutdu. O sürətlə fikirləşir, “pulemyot kimi” danışır, ətrafındakıları özünə heyran qoyurdu!

44 yaşında təhsil naziri kimi hökumətin tərkibində yer tutanda, hamı elə fikirləşirdi ki, Tetçer siyasi karyerasının zirvəsinə çatıb. Amma onlar səhv edirdilər, həm də çox böyük bir səhv! Bu, hələ yalnız başlanğıc idi…

…Marqaretin həmişə bəxti gətirirdi. Kasıb ailədə doğulmasına baxmayaraq, hara gedirdisə bəxti üzünə gülürdü. Ən çətin görünən işi belə asanlıqla yerinə yetirirdi. 1975-ci ildə o heç kimin gözləmədiyi halda Mühafizəkarlar Partiyasının rəhbərliyi uğrunda keçirilən seçkilərdə Edvard Hitin rəqibi oldu. Hit heç bunu gözləmirdi. Çünki partiya daxilində özünə rəqib ola biləcək bir insan görmürdü. Ona görə də Tetçerin partiya rəhbərliyinə namizədliyini verməsini müəyyən qədər etinasız qarşıladı və özünün növbəti dəfə partiya liderliyinə seçiləcəyi inamı ilə seçkilərə getdi. Amma qarşısındakının bəxti gətirən bir insan olduğunu unutmuşdu. Bundan əlavə, Hit Tetçerin siyasi çevikliyini və əlinə düşən şansını qaçırmamaq qabiliyyətini, heç vaxt düşünülməmiş addım atmadığını da unutmuşdu. Həmin dövrdə partiya daxilində sağ qanadı təmsil edən namizəd son anda partiya rəhbərliyinə verdiyi namizədliyini geri götürmüşdü. Bunu görən Tetçer vəziyyəti dərhal düzgün qiymətləndirərək namizədliyini irəli sürdü. O, bu qərarını Hitə bildirəndə sonuncu başını belə qaldırmadan: “Onsuz da uduzacaqsan, yaxşı yol”, - demişdi. Amma məşhur fransız yazıçısı Viktor Hüqonun da dediyi kimi, “heç bir insan bəxti gülən yoxsul qədər güclü ola bilməz”. Həmin dövrdə Hitin ölkənin iqtisadi siyasətində bəzi uğursuzluğa düçar olması onun partiya daxilində nüfuzunu müəyyən qədər düşürmüşdü. 70-ci illərin ortalarında Mühafizəkarlar Partiyasının bir çox tərəfdarı Hitdən və onun “dilçək effekti” (müvəqqəti bir iqtisadi təzyiq səbəbiylə qiymətlər və ya maaşlar qaldırıldığında, təzyiq azalandan sonra qiymətlərin və ya maaşların azalmasının mümkün olmadığını müdafiə edən iqtisadi görüş) ilə nəticələnən dövlətçi siyasətindən bezmişdi. Ona görə seçkilərin ilk turunda partiya daxilində Tetçer daha çox səs topladı və Hiti qabaqlayaraq hamını təəccübləndirdi. Hit bunun bir təsadüf olduğunu düşünərək, ikinci turda rəqibinə ağır zərbə vuracağı qənaətində idi. Amma seçkilərin ikinci turunda Tetçer rəqibini daha çox üstələyərək Mühafizəkarlar Partiyasının rəhbəri seçildi. Bununla da onun Böyük Britaniyanın baş naziri postuna gedən yolu açılmış oldu!

Marqaret partiyanın rəhbəri seçiləndən sonra daxildə ortaya çıxan bütün problemlərin dərhal aradan qaldırılmasına xidmət edən tədbirlər həyata keçirməyə başladı ki, bu da ona partiya daxilində böyük nüfuz gətirdi. Eyni zamanda ölkə üçün önəmli məsələlərin həllinə daha diqqətlə yanaşmağa başladı. Onun ölkənin iqtisadi və siyasi gələcəyi ilə bağlı söylədiyi fikirlər İngiltərədə və dünyada maraqla qarşılandı. Bu da Tetçerə 1979-cu ildə keçirilən seçkilərdə qələbə çalmağa və beləliklə, baş nazir vəzifəsində ölkəni idarə etməyə imkan verdi!

Mühafizəkarlar 1979-cu ildə keçirilən seçkilərdən qalib çıxaraq hakimiyyətə gəldilər. Və bu, dəmir iradəli ledi ölkənin baş nazir postuna tutdu və İngiltərənin ilk və hələlik yeganə qadın Baş naziri oldu!

***

Daxili siyasət sahəsində onun seçkiqabağı proqramının məqsədi (xanım Tetçerin öz təbirincə desək), bir vaxtlar böyük ölkə olmuş Böyük Britaniyanın tənəzzülünə son qoymaq idi!

XX yüzilliyin 70-ci illəri Britaniyada iqtisadi və siyasi sarsıntılar dövrü idi. Bunun da ən rəmzi təcəssümü “narazılıq qışı” adını almış il idi. O zaman ölkə boyu kütləvi tətillər elə bir səviyyəyə çatmışdı ki, Trafalqar Meydanı zibil içində itib-batmışdı. Hətta bəzi yerlərdə ölənləri dəfn etməkdən belə imtina edirdilər...

Onun hakimiyyətə gəldiyi dövr çox pis vaxta təsadüf etmişdi. Ölkədə iqtisadi böhran tüğyan edirdi. Hamı tətillər edirdi: şaxtaçılar, zibilyığanlar, sanitarlar. Heç kim inanmasa da, 11 illik hakimiyyəti ərzində bu 3 uşaq anası Britaniyaya keçmiş imperiya qüdrətini qaytara bildi!

***

Yeni Britaniya və ümumiyyətlə, Avropa klassik sosial kinosunun atası sayılan Loac 1970-80 illərdə ekranlasdırdığı sosial-tənqidi filmlərdə ingilis yoxsullarının, fəhlələrinin, haqqı pozulanların həyatından çəkirdi. Marqaret Tetçer baş nazir olandan sonra ölkəni ağır iqtisadi durumdan çıxardı və Loacın filmlərində qaldırdığı problemlər də öz aktuallığını itirdi. Amma “bizim demokratik borcumuz hakimiyyəti tənqid etməkdir” deyən Loac təslim olmadı, diqqəti Britaniya cəmiyyətinin başqa problemlərinə, o cümlədən, beynəlxalq mövzulara yönəltdi.

***

Tetçer inanırdı ki, ölkədəki vəziyyət yeni iqtisadi münasibətlərin yaranmasını tələb edir və böhrandan çıxmaq üçün ölkədə dərin, radikal islahatlar aparmaq lazımdır. Onun baş nazir vəzifəsində ilk işi bazar iqtisadiyyatının inkişafına geniş meydan verməsi oldu. Və özünü bütün ölkəyə dövlət inhisarında olan müəssisələrin özəlləşdirilməsinə, həmkarlar təşkilatlarında islahatların keçirilməsinə, vergilərin və dövlət büdcəsindən sosial xərclərin azaldılmasına tərəfdar lider kimi təqdim etdi. Baş nazir öncə Həmkarlar İttifaqlarını cilovlamağa nail oldu. (Bu barədə qarşıda danışacağıq, hələlik yalnız onu deyək ki, bunun üçün o, Qərb standartlarına görə ən sərt antitətil qanunlarının qəbul edilməsini gerçəkləşdirdi) Kommunal xidmətlər özəlləşdirildi.

Marqaret problemlərə diqqətlə yanaşırdı. Diqqətli olduğu kimi, qətiyyəti də yerində idi. Baş nazir karyerasının ilk dövründə çarpışa-çarpışa müdafiə etdiyi məsələlər, vaxt keçdikcə onun sarsılmaz bir liderə çevrilməsinə səbəb olacaqdı. Onun uğurunun sirri çox sadə səbəbə söykənirdi: azad bazar iqtisadiyyatı, mübahisələrdə yüksək səviyyədə müqavimət (göstərmək) qabiliyyəti və sadiq müttəfiqlər…

Siyasi mübarizəyə qoşulduğu ilk cəbhə, İngiltərədə artıq nəzarətdən çıxmış və arxa-arxaya üç hökuməti iflasa uğratmış olan fəhlə həmkarlar ittifaqlarına qarşı mübarizə cəbhəsi idi. Tetçer, xalqın həmkarlar ittifaqlarına diş qıcamasından yaranan enerjini parlamentdə məntiqli bir sonluğa bağlamağa nail oldu və həmkarlar ittifaqlarına edilən güzəştləri bir-birinin ardınca ləğv edən qanunlarla, İngiltərədə bu problemi birdəfəlik həll etdi. Bu arada o, ağıllı bir manevrlə öncədən kömür ehtiyatı görərək, elektrik enerjisinin verilməsində yarana biləcək fasilələrin qarşısını almış və beləliklə, şaxtaçıların tətillərinin təsirini minimuma endirmişdi. Eyni zamanda, tətilə qoşulanların qoşulmayanlara təzyiq göstərdiyini sübut edən fotoşəkillərin mətbuata çıxmasına şərait yaratmış, xalqda tətilçilərə qarşı mənfi fikirlər yaranmasına nail olmuşdu. Bəli, o çox ağıllı, tədbirli bir qadın idi! Bu, Tetçerin çox çevik və bacarıqlı bir siyasətçi olduğunu bir daha sübut etmiş oldu. Həmkarlar ittifaqlarına qarşı mübarizədə tez-tez istifadə etdiyi və o dövrdə çox dəbə düşmüş: “İngiltərəni kim idarə edir?” sualının cavabı isə 1980-ci ildə bütün dünyaya birmənalı olaraq məlum idi: İngiltərəni Tetçer idarə edirdi!

Həmkarlar, mən Sizə göstərərəm!..

Tetçer həmkarlar ittifaqlarının kürəyini yerə vuran kimi, ağır durumda olan iqtisadiyyatın hər sahəsində islahatlar keçirmək ehtiyacı göründü. Ölkədə vəziyyət təhlükəli həddə çatmışdı. O, dövlət sərmayələrinə və cəmiyyətin ehtiyaclar üçün sərf olunan xərclərə sərt nəzarət tətbiq etməklə inflyasiyanın qarşısını aldı. Tetçer bəyan etdi ki, millət dövlət tərəfindən hədsiz vergilər və yersiz nəzarətlə yüklənib. O, Böyük Britaniya sənaye iflasının qarşısını yalnız xalqın əməyini yüksək qiymətləndirməklə və azad sahibkarlıqla məşğul olmağa şərait yaratmaqla əldə etmək mümkün oduğunu anladı və anlatdı. O, əsl azad iqtisadi mühit yaratdı!

Həmin dövrdə Avropanın başı “sosializm, yoxsa kapitalizm üsul-idarəsi qalib gələcək?” sualına cavab tapmağa qarışmışdı. Marqaret Tetçer bu məsələdə tərəddüd etmədi və bütün diqqətini ölkə iqtisadiyyatında yeni islahatların keçirilməsinə yönəltdi. Avropanın bir hissəsi sosializm və dövlət mülkiyyəti kimi qavramlarla məşğul olanda, Tetçer o vaxta qədər toxunulmaz qəbul edilən dövlətin iqtisadi müəssisələrini qazanc gətirib-gətirmədiyinə baxmadan özəlləşdirməyə girişdi.

Halbuki bu islahatların ilk dövründə bəzi fəsadların ola biləcəyini çox yaxşı anlayırdı. Buna baxmayaraq, Tetçer iqtisadi islahatlar məsələsində qətiyyətli idi. Həmin dövrdə İngiltərədə iqtisadi sahədə müəyyən durğunluq əmələ gəlmişdi və bu sahədə artıq islahatların keçirilməsi qaçılmaz görünürdü. Dövlətin nəzarəti altında olan bir çox şirkətlərdə iqtisadi inkişaf xeyli zəifləmişdi. Bu şirkətlərin rəhbərləri işlərini yeni qaydalara uyğun qurmaq istəmirdilər. Çünki onlar işin necə getməsindən asılı olmayaraq, maaşlarını vaxtlı-vaxtında alır və özlərini əlavə çətinliyə salmaq istəmirdilər. Belə bir vəziyyətdə Tetçer həmin şirkətlərin dövlət tərəfindən özəlləşdirilməsi barədə qərar qəbul etdi. İlk işi ölkənin ən böyük şirkəti olan “British Airvays”ı özəlləşdirməsi oldu.

Onun atdığı ox hədəfə dəydi. Xidmət səviyyəsinin aşağı olması ilə hamını utandıran və çox nadir hallarda qazanc gətirən milli havayolu şirkəti “British Airways” özəlləşdirildi və qısa müddətdən sonra dünyanın ən yaxşı (və qazanclı) şirkətlərindən biri oldu. Digər tərəfdən, xüsusilə dövlət mülkiyyətində olduğu son dövrlərdə bir milyard funt-sterlinqdən artıq ziyanla işləyən polad istehsalı şirkəti “British Steel” də özəlləşdiriləndən sonra Avropanın ən böyük polad istehsalı şirkətinə çevrildi. Bunun ardınca Tetçer ölkənin daha bir iri şirkəti olan “British Telecom”u da özəlləşdirdi. Bu şirkət də tezliklə nəinki borclarını ödədi, həm də dövlət xəzinəsinə külli miqdarda vergi ödəyən ən iri müəssisələrdən birinə çevrildi. Bunun ardınca növbə öz fəaliyyətlərini sivil, iqtisadi tələblərə uyğun qura bilməyən və durğunluq dövrü yaşayan digər dövlət şirkətlərinə çatdı. Onların dövlət tərəfindən özəlləşdirilməsi və işlərini yeni qaydada qurması nəticəsində ölkə yeni iqtisadi çiçəklənmə dövrünü yaşamağa başladı. Tetçerin özəlləşdirmə siyasəti İngiltərədə yüz minlərlə yeni iş yerinin açılmasına, istehsalın sürətlə inkişaf etməsinə, əhalinin maddi durumunun sürətlə yaxşılaşmasına gətirib çıxardı. Tetçer hakimiyyətə gəldiyi zaman tüğyan edən inflyasiyanın, işsizliyin azalmasını təmin edə bildi…

Tetçer tam bir özəlləşdirmə açılımı, iqtisadi inqilab etmişdi! Topsuz-tüfəngsiz, qansız-qadasız!

Özəlləşdirmə, 1980-ci illərin ortalarında dünya hökumətləri üçün yeni bir qavram idi. Ancaq 1980-ci illərin axırlarında bütün qitələrdə 50-yə yaxın hökumət özəlləşdirmə əməliyyatlarına girişmişdi. Bu hökumətlər dövlət mülkiyyətində olan şirkətlərin hissələrini birjalarda xalqa açıq elan etmiş və ya onları birbaşa təşəbbüskarlara təhvil verərək qazanc gətirən şirkətlərə çevirmişdilər. Hətta özəlləşdirməyə o qədər də yaxşı baxmayan sol görüşlü hökumətlər belə dövlətin çiynində artıq yük olan iqtisadi qurumların sayını yavaş-yavaş azaltmağa başlamışdılar. Digər tərəfdən, İngiltərə bu ölkələrə özəlləşdirmə əməliyyatlarını aparmaqda yol göstərirdi. Bu hal, ünlü iqtisadçı Adam Smitin iqtisadiyyat sahəsində yenilik olan “Millətlərin zənginliyi” əsərini yazmasından və Con Keynesin keynesçilik (keynesianizm) modelini meydana qoymasından etibarən, İngiltərənin praktik iqtisadiyyata ən böyük töhfəsi kimi qiymətləndirilirdi. Tetçer bəlkə yalnız öz ölkəsi üçün düşünüb həyata keçirdiyi proqramlarla sürətlə və qarşısıalınmaz şəkildə ümumdünya hadisəsinə çevrilmişdi! Bəli, o özü də, proqramları, addımları, gedişləri də hadisə idi – İngiltərə sərhədlərini aşan hadisə! Yeni bir ingilis hadisəsi!

(Yeri gəlmişkən, onunla eyni dövrdə iş başında olan qardaş Türkiyənin Baş naziri rəhmətlik Turqut Özal da Tetçerin liberal mühafizəkarlığını və özəlləşdirməyə əsaslanan iqtisadi siyasətini Türkiyədə tətbiq etməyə başlamışdı.)

Fəqət Tetçer, ancaq iqtisadiyyatla maraqlanmırdı. Onu yaxından maraqlandıran başqa mövzular da var idi – məsələn, müharibə…

Möhtəşəm Tetçer

1982-ci ildə Argentinada hərbi xunta iqtidarda idi. Bütün xunta hökumətləri kimi, onlar da iqtisadi çətinliklər üzündən azalan xalq dəstəyini təzədən əldə etmək məqsədi ilə diqqətləri başqa məsələlərə çəkməyə çalışırdılar. Argentina, 1830-cu illərdən etibarən özünə aid olduğunu iddia etdiyi və qitə torpaqlarına çox yaxın olan ingilis müstəmləkəsi Folklend adalarına hücum etdi və zəbt etdi. II Dünya müharibəsindən etibarən ilk dəfə idi ki, ingilislərə məxsus olan torpaqlar zəbt edilirdi! Ola bilsin, Argentinada düşünürdülər ki, iqtisadi üzüntüləri olan, üstəlik bir qadının başçılıq etdiyi ölkə ordan bura müharibəyə gəlməz!.. Amma o, hələ elə çağırılmasa da, Dəmir Ledi idi!..

Xunta, əslində köklü iqtisadi dəyişikliklər səbəbiylə müvəqqəti çətinliklərlə üzləşən İngiltərədə populyarlığı azalan Tetçerin də köməyinə çatmışdı. İqtisadi çətinliklərdən əziyyət çəkən bir tərəf, eyni çətinliklərlə üzləşmiş digər tərəfin xilaskarı olmuşdu!

Tetçer öz qadınlığı ilə qətiyyətli mövqeyini birləşdirərək İngiltərəni Argentinaya qarşı müharibəyə daxil elədi və əzici bir zəfər qazanaraq, öz adını bütün dünyada bir daha eşitdirdi. O, siyasətçilərin, qəti nəticələr əldə etmək üçün hərbçilərə əmrlər verməsini, fəqət qəti nəticəyə aparan yolun seçimini hərbçilərin özlərinə həvalə etməsi görüşünü müdafiə edirdi. Buna baxmayaraq, müharibədə itirdiyi əsgərlər, gəmilər və təyyarələr onu qəzəbləndirmişdi. Hərbçilərin cavabı isə çox aydın idi: “Möhtərəm Baş nazir, biz də bu itkiləri daha az göstərmək üçün daha çox təyyarə və gəmi istəyirik.”

Qətiyyəti, cəsarəti və sədaqəti ilə diqqətləri öz üzərində toplayan Tetçer, qısa müddətdə başqa qadın siyasətçiləri də özünə heyran etdi və onlar üçün bir örnək oldu! Tetçerin özünü təsdiqləməsindən sonra, Qitə Avropasında qadın siyasətçilərin sayı əməlli-başlı çoxaldı. Onun uğurları Avropada qadın siyasətçilərə etimadın yüksəlməsinə böyük təsir göstərdi və o, həm də bu xidmətləri ilə də adını dünya tarixinə yazdı!

1982-ci ildə Folklend adaları uğrunda gedən hərbi əməliyyatlarda Böyük Britaniyanın qələbəsi Tetçerin ictimaiyyət arasında reytinqini daha da qaldırdı. O, yorulmadan çalışırdı. Hətta mətbuata verdiyi müsahibələrinin birində demişdi ki, hamı yaşamaq üçün işləyir, mənsə işləmək üçün yaşayıram. O, həmkarlarına da bunu aşılayardı. Elə bu keyfiyyətlərinə görə idi ki, seçkilərdə mühafizəkarlar yenidən qalib gəldilər. “Folklend fatehi” 1983-cü ildə keçirilən seçkiləri də çətinlik çəkmədən uddu. Xatırladaq ki, elə həmin ərəfədə "İRA"-nın döyüşçüsü tərəfindən partiyanın Braytonda keçirilən qurultayına bomba qoyması və Marqaret Tetçerin oradan salamat qurtulması hər tərəfdə həyəcanla qarşılanmışdı. Sonralar ona - "siz konkret olaraq nədənsə qorxursunuzmu" sualına belə cavab vermişdi: "mən bu haqda, ümumiyyətlə, düşünə bilmirəm".

***

Tetçerin siyasəti təkcə Böyük Britaniya üçün hesablanmamışdı. Onun ideyaları və fəaliyyəti artıq dünya siyasətinə təsir etməyə başlamışdı. Artıq Xanım Tetçerlə hesablaşırdılar. Tetçerə heyran olan kişi siyasətçilər arasında ondan 18 ay sonra hakimiyyətə gələn ABŞ Prezidenti Ronald Reyqan da var idi... Dünyanın ağası kimi görünən ABŞ Prezidenti, tezliklə bu ingilis qadınının arxasınca getməyə başlamışdı. Amerika da “dilçək effektindən” əziyyət çəkirdi. Reyqan, dövlətin azad bazardakı rolunu xeyli məhdudlaşdıraraq (de-requlyasiya) vergiləri azaltmaqla və özəl təşəbbüsçülərə daha geniş imkanlar yaratmaqla, durumu lehinə çevirməyə nail oldu.

Tetçerin azad bazar iqtisadiyyatı və dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsi haqqında sözlərinə Reyqan diqqətlə qulaq asırdı. Əlbəttə, onların danışdıqları yeganə mövzu iqtisadiyyat deyildi. İkisinin də siyasi karyeralarının zirvəsində olduqları dövr – 80-ci illər eyni zamanda soyuq müharibənin də zirvədə olduğu dövr idi. Onlar, aralarındakı yaxşı münasibəti tezliklə xarici siyasət sahəsində müttəfiqliyə çevirdilər. Ortaq hədəf, “Şeytan imperiyası” adlandırdıqları SSRİ idi…

80-cı illərdəki "soyuq müharibə"nin ən gərgin dövrlərində o, beynəlxalq məsələlərin müzakirəsində, siyasətin formalaşdırılmasında Amerikanın həmin dövrdəki dövlət başçısı Ronald Reyqanla intensiv iş rejimi qurmuşdu. Dünya siyasətinin böyük fiqurlarından birinə çevrilən Tetçer elə həmin illərdə "Dəmir ledi" adını qazandı. Kommunizmin qatı düşməni olan "Dəmir ledi" NATO-nun bütün dünya boyu genişlənməsinin tərəfdarı idi. Xanım Tetçer deyirdi: "düşməni sifətindən tanımaq lazımdır".

SSRİ-ni Andropov və Çernenkonun idarəsi zamanı təsvirində, xanım Tetçer bir abzasda, "manipulyasiya, hədə-qorxu, qəddarlıq, səriştəsizlik və xəstəlik" (!) sözlərini işlətmişdi.

Məlumdur ki, baxışlarının əyani ifadəsi üçün Tetçer qlobusdan istifadə edərdi. O, SSRİ-nin tutduğu nəhəng ərazini göstərərək, iki məqamı qeyd edirdi: Sovet İttifaqının yoxsulluğunu və onun ekspansionist siyasətini. Onun fikrincə, əsas təhlükəni məhz bu faktorlar yaradırdı.

Tetçerə “Dəmir ledi” ləqəbini, onun əsas düşməni olan rus siyasətçiləri vermişdilər. SSRİ-ni şiddətlə tənqid etdiyi bir çıxışında Tetçer belə demişdi: “Ruslar bütün dünyaya hakim olmaq istəyir, tarixin gördüyü ən işğalçı dövlət olmaq üçün silah tədarük edirlər. Xalqın nə fikirləşdiyi Kremldəki adamların vecinə deyil. Onlar üçün silah, kərə yağından daha vacibdi. Amma bizim üçün hər şey, silahlardan daha vacibdir.”

Tezliklə cavab gəldi. Rus qəzeti “Krasnaya zvezda” Tetçerə “Dəmir Ledi” ləqəbini verdi. Moskva radiostansiyası da bu ləqəbi sürətlə bütün dünyaya yaydı. Maraqlı burasıdır ki, bu ləqəb Tetçerin çox xoşuna gəldi və o, ləqəbi öz üzərində məmnuniyyətlə gəzdirməyə başladı. (Bu arada, ədalət naminə, Tetçerin “kərə yağı” barəsində demaqogiyasının həqiqətə çox da uyğun olmadığını demək lazımdır. Çünki İngiltərə də o dövrdə silahlanma yarışında ən qabaqda gedən ölkələrdən biri idi…)

Eyni zamanda Britaniyanın nüvə nəzarəti sistemindən çıxması mümkünlüyünü xanım Tetçer ümumiyyətlə müzakirə etməkdən boyun qaçırırdı.

Britaniyalılara da "dəmir ledi" adı çox xoş gəldi. Onlar hətta indi də fəxrlə deyirlər ki, "bizim dəmir kimi kişimiz olmasa da, qadınımız var".

Öz baxışlarında dönməzlik və ardıcıllıq, həyatda qəbul etdiyi qərarların üzərində ciddi şəkildə dayanma onun üzərində "dəmir ledi" titulunu möhkəmləndirdi.

Tetçer: “Əsas odur ki, SSRİ dağılsın…”

İkisi də şahin xarakterli olan, həm siyasi, həm də eyni dildə danışan ingilis və Amerikalı liderlər, iqtidarda olduqları müddətdə islahatlara meyl etməsi, dağılması və ya öz-özünü ləğv eləməsi üçün SSRİ-yə böyük təzyiq göstərmişdilər. Bu, onların ikisinin də dəyişilməyən siyasi mövqeyi idi. Rusları qorxudaraq müzakirə masasına oturmaq məcburiyyətində qoymaq üçün Tetçer, Reyqanı silahlanmağa daha çox vəsait ayırmağa razı salmışdı. O, SSRİ haqqında belə deyirdi: “Nə qədər tez dağılsa, o qədər yaxşı olar.”

SSRİ lideri Mixail Qorbaçovu “aşkarlıq” siyasətini son həddinə qədər həyata keçirmək məcburiyyətində qoyan da Reyqanla Tetçer idi. SSRİ Əfqanıstanı işğal edərək isti dənizlərə çıxmağa çalışarkən “Dəmir Ledi”nin əmri altındakı “xüsusi təyinatlı dəstə” ruslara qarşı döyüşən əfqan mücahidləri təşkilatlandırırdı!

Kommunizmin qatı düşməni və NATO-nun sadiq müttəfiqi olan Tetçer, Alyansın Qərbi Avropada ABŞ-ın "Perşinq" və qanadlı raketlərinin yerləşdirilməsini dəstəkləmişdi.

Lakin xanım Tetçerin ABŞ-la xarici siyasət sahəsində fikir ayrılıqları da az deyildi. Məsələn, Polşada 1981-ci ildə hərbi vəziyyət elan edildikdən sonra, Vaşinqton SSRİ-yə qarşı iqtisadi sanksiyaların şiddətləndirilməsini istəyirdi. Amma Baş nazir Tetçerin buna qarşı çıxması, tez-tez ABŞ-ın o vaxtkı dövlət katibi Kaspar Uaynbergerlə mübahisələrə səbəb olurdu.

Memuarlarında xanım Tetçer kommunizm və kapitalizmin tamamilə bir-birinə zidd olduğunu yazsa da, qarşılıqlı güzəştlər əsasında yanaşı mövcud olmalarının mümkünlüyünə inanırdı. O deyirdi: "Düşməni sifətdən tanımaq lazımdır."

Marqaret Tetçer 1984-cü ildə Mixail Qorbaçovla görüşmüş ilk Qərb liderlərindən biri oldu. O, Qorbaçovu "bizim işləyə biləcəyimiz adam" adlandırmışdı.

Ancaq Tetçer SSRİ-yə sadəcə dəyənək göstərmir, bəzən hədiyyə də verirdi. Dediyimiz kimi, Qorbaçovun iqtidara gəlməsini müsbət qarşılayan ilk Qərb lideri o idi. Qorbaçov iqtidara gəlməmişdən üç ay öncə, Tetçer onun barəsində, “Birgə işləyə biləcəyimiz bir adam” demiş və hisslərinin nə qədər güclü olduğunu bir daha isbat etmişdi.

Əlbəttə, tarixçilər, SSRİ-nin dağılmasına səbəb olan siyasi aktyorların rolu barəsində şiddətli mübahisələrə girişə bilərlər; ancaq Tetçerin bu işdəki rolu mübahisə götürməyəcək dərəcədə açıqdır. Çünki Tetçerin istədiyi olmuş və onun iqtidarı dövründə SSRİ tarix səhnəsindən silinmişdi…

Yelizavetanın davamçısı Tetçer…

1987-ci il seçkilərində ölkədə özəl mülkiyyətçilərin artması mühafizəkarlar partiyasına elə bir şəkildə dayaq oldu ki, Britaniya tarixində ilk dəfə olaraq Tetçer 3-cü dəfə baş nazir seçildi!

Həmin seçkilərdəki mübarizədən o, qalib çıxdı və üçüncü dəfə baş nazir postunda oturaraq ilk qadın kimi Böyük Britaniyanın siyasi həyatına adını yazdı! Həmin dövrlərdə hətta belə bir deyim yayılmışdı: Böyük Britaniya iki sərvətə malikdir - biri Marqaret Tetçer, digəri neftdir.

Tetçer Baş nazir olduğu müddətdə xarici siyasət sahəsinə “Üzərində günəş batmayan Britaniya imperiyası”nın prizmasından baxırdı. Hər bir beynəlxalq hadisədə səhnəyə hamıdan öncə çıxan o olurdu. Məsələn, 1984-cü ildə Çinə səfər edib, Den Syaopin ilə Çin-İngiltərə deklarasiyasını imzalayaraq, 1 iyun 1997-ci ildən etibarən Çinin idarəsi altına keçəcək olan ingilis müstəmləkəsi Honkonqda “liberal” iqtisadi rejimin daha 50 il davam etməsini təminat altına almışdı.

İraqın keçmiş dövlət başçısı Səddam Hüseyn 1990-cı ildə Küveyti işğal edəndə, “Dəmir Ledi” amerikalılardan öncə hərəkətə keçdi. O dövrdə Amerika Prezidenti olan ata Corc Buşa, Orta Şərqə ordu göndərmək üçün (Səddam Hüseyni Küveytdən çıxarmaq məqsədi ilə) təzyiq göstərmiş və Buşun ağır hərəkət etdiyini görəndə, “Tərəddüd etməyə vaxt yoxdu” deyərək I Körfəz müharibəsini tezləşdirmişdi...

Avropa Birliyini qətiyyən xoşlamırdı!

Tetçer, öz ölkəsi də bu qurumun üzvü olmasına baxmayaraq, bəzən Avropa Birliyinin (o dövrdəki adıyla Avropa İqtisadi İttifaqının) bəzi iqtisadi-siyasi xəttini şiddətlə tənqid edirdi. Məsələn, 1979-cu ildə o, İngiltərənin bu İttifaqa verdiyinin aldığından çox olduğunu iddia etmiş və “zərərlər”inin ödənilməsini tələb etmişdi: “İttifaqdan, ya da başqalarından pul istəmirik. Sadəcə olaraq öz pulumuzu istəyirik!” Maraqlı burasıdır ki, 1984-cü ildə Tetçerin bu iddiası qəbul edildi və aradakı fərqin 66 faizi hələ də qüvvədə olan bir müqavilə ilə illik paylar kimi İngiltərəyə ödənilməyə başlandı. Bu müqavilə Avropa Birliyinə üzv olan ölkələri hələ də qəzəbləndirməkdədir. Fəqət artıq ox yaydan çıxmış – Marqaret Tetçer istəyinə nail olmuşdu!

Tetçer Avropa İqtisadi İttifaqının iqtisadi ittifaq olmaqdan çıxaraq siyasi ittifaqa çevrilməsinə də etiraz edirdi. 1988-ci ildə Belçikadakı çıxışında İttifaqın federal bir xarakter qazanmasına və qərarların yeganə mərkəzdə (Brüsseldə) verilmək istənməsinə etiraz etmiş və İttifaqın rolunun azad bazar və müstəqil rəqabət şəraiti təmin etməklə məhdud qalmasına tərəfdar olduğunu bildirmişdi. O, özü İngiltərədə dövlətin ictimai həyatdakı rolunu məhdudlaşdırmağa çalışdığı halda, Avropanın böyük bir dövlətə çevrilməsini qəbul edə bilmirdi. Tetçer qəzəbini bu sözlərlə ifadə edirdi: “İngiltərədə dövlətin fəaliyyət sərhədlərini ona görə daraltmadıq ki, bu sərhədlərin yenidən Avropa səviyyəsində genişlənməsinə və Brüsseldə bir Avropa fövqəldövlətinin təzədən hakimiyyət qurmasına şahid olaq.”

Birliyin maliyyə siyasəti də onu qəzəbləndirirdi. Yeganə pul vahidinin (avronun), Birliyə üzv olan bütün ölkələrin pul vahidlərinin yerini tutmasına xüsusilə etiraz edirdi. Onun mövqeyi, özündən sonrakı siyasi xadimlər tərəfindən də mənimsənildi və hal-hazırda İngiltərə, Avropa Birliyinin üzvü olduğu halda avrodan yox, öz pul vahidi olan sterlinqdən istifadə etməkdədir.

Dəmir Ledi Böyük Britaniyanın Avropa Birliyi ilə yaxınlaşmasının qəti əleyhdarı idi. O, tam şəkildə ölkəsinin ümumavropa institutunun yaradılması oyununun qurbanı olmasını tənqid edirdi. Buna əsas səbəb isə Avropa Birliyi qismində "superhökumətin" yaranmasını və dövlətin iqtisadiyyata qarışmasını istəməməsi idi.

Tetçer siyasətdən əl çəkəndən sonra da Avropa Birliyinə qarşı müxalifliyini davam etdirəcək və AB-nin siyasi quruma çevrilməsində önəmli rol oynayan Maastrixt müqaviləsini “həddini aşan bir müqavilə” adlandıracaqdı. Vaxt keçdikcə, Tetçerin AB-yə qarşı etirazı daha da şiddətləndi və o, 2002-ci ildə nəşr edilən “Dövlət sənəti” adlı kitabında, İngiltərənin milli hegemoniyasını qoruyub saxlamaqdan ötrü AB-yə üzvlük şərtlərinə təzədən baxılmasını, bu mümkün olmadıqda isə AB-dən çıxaraq NAFTA-ya (Quzey Amerika Sərbəst Ticarət Birliyinə) üzv olmasını tövsiyə edirdi…

Xanım Tetçer inandırmağa çalışır ki, bəşəriyyətin bütün problemləri - marksizmdən nasizmə qədər - Avropa qitəsində yaranıb. Bütün bu məsələlərin həlli isə xaricdən gəlib. O, İngiltərə ilə AB-nin ümumi xarici siyasət, ticarət və təhlükəsizlik sistemini qəbul etmir. Onun fikrincə, Britaniya ticarət siyasətinə nəzarət mexanizmini geriyə qaytarmalıdır. O, İngiltərəyə azad ticarətə aid ABŞ, Kanada və Meksikanın daxil olduğu Şimali Amerika sazişinə qoşulmağı məsləhət görür.

Tetçer tam olaraq, AB-dən uzaqlaşmağın da tərəfdarı deyil. Yalnız onunla olan münasibətləri, Britaniyanın azadlığını məhdudlaşdıran fəaliyyəti dəyişdirməyin tərəfdarıdır. Tetçer deyir ki, "acı həqiqət ondadır ki, digər Avropa ölkələrindən fərqli olaraq, onların bizə daha çox ehtiyacı var, nəinki bizim onlara".

Kitab boyunca əsas qorxu Birləşmiş Avropa Ştatlarının yaradılması ideyasının həyata keçə bilməsidir. "Bu Ştatların yaradılması qaçılmazdır, çünki birləşmə prosesi getdikcə güclənir. O biri dünya olan Amerikaya isə yeni Avropanın vura biləcəyi ziyanları azaltmağa çalışmaq qalır. Bu konstruksiya ümumi maraqların olmaması səbəbindən dağılandan sonra, o biri dünyaya qırıntıları yığmaqda kömək etmək lazım gələcək".

Maraqlı Tetçer, usta Tetçer

11 illik iqtidarı müddətində İngiltərənin imperiya günlərindən etibarən beynəlxalq aləmdə azalmaqda olan nüfuzunu qaldıraraq, onu lider ölkələrdən birinə çevirməyə səy göstərdi (və bacardı!)… (Yuxarıda vurğuladığımız kimi, 70-ci illərdə İngiltərə, bir çox insan tərəfindən XX yüzilin başındakı Osmanlı kimi "Avropanın xəstə adamı" qəbul edilir, hətta, bəzi yorumçular bir dövlət olaraq varlığını sürdürə bilməyəcəyi iddia edirdi. Buna qarşılıq, İngiltərə, modern Avropadakı ən inkişaf etmiş iqtisadiyyata sahib olan ölkələrdən biri halına gəldi.)

Seçkilərdə uduzmasa da kreslosunu təhvil verdi!

Hər şeyin axırı var və bu qanun Tetçerin siyasi karyerası üçün də qüvvədəydi. Ancaq onun uğurlu karyerası xarici təsirlər üzündən başa çatmadı. Tetçer şəxsən özü öz karyerasına son qoydu. Seçkilərdə heç məğlubiyyətlə qarşılaşdımı? – Xeyr, əksinə, üç dəfə arxa-arxaya qalib gəldi və onun dövründə Mühafizəkarlar Partiyası öz tarixinin ən uğurlu illərini yaşadı. Tetçer seçkilərdə heç vaxt uduzmayan bir Baş nazir olmağına baxmayaraq, partiya daxilindəki demokratiyaya (ingilis şərhçilər bunu partiya daxili çevriliş də adlandırırlar) əsasən öz kreslosunu təhvil verməli oldu!

Vergi siyasəti, iqtisadi vəziyyət barədə xalq arasında yayılmağa başlayan pessimizm, inflyasiyanın artması, biznes çevrələrinin dəstəyinin azalması və Avropanın birləşməsinə qarşı güzəştsiz müxalifətinin partiyanın daxilində meydana gətirdiyi çalxalanma və s. 1990-cı ildə Mühafizəkarlar Partiyasının xeyli zəifləməsinə səbəb olmuşdu. Nazirlər Kabinetində Tetçerin sadiq müttəfiqlərindən olan Ceffri Hounun, Tetçerin Avropa siyasətinə etiraz əlaməti olaraq Baş nazirin müavini postundan istefa verməsini də bunların üzərinə gələndə, “Dəmir Ledi” dövrünün axırının yaxınlaşmağa başladığı üzə çıxdı...

Bir zamanlar mətbuata "mən heç vaxt baş nazir olmaqdan yorulmaram" deyən Tetçer bütün bunların sonunda - üç ildən sonra istefaya getdi.

Partiya liderliyi üçün keçirilən səsvermədə rəqibindən daha az səs toplayan kimi, Tetçer istefa etdi. 11 illik Tetçer dövrü başa çatmışdı! İstefasının səbəbini izah etdiyi məktubda, o, uğurlarının sirrini də açıqlayırdı: “Partiyada birliyin qorunması və gələcək seçkilərdə uğur qazanılması naminə yarışdan çəkilərək hökumətin digər üzvlərinə liderliyə namizəd olmaq imkanı vermək daha doğru olar, qənaətindəyəm. Həm hökumətdə, həm də kənarda məni fədakarlıqla dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm.”

Bir dəfə Britaniyanın baş naziri Marqaret Tetçer mənə dedi ki, siyasətdə həmişə gözlənilməz şeyləri gözləmək lazımdır. ...
(Bənəzir Bhutto)

1990-cı ilin noyabrında Tetçer 65 yaşında istefaya verdi. Baş nazir postuna isə partiya lideri Con Meycer gəldi. Amma buna baxmayaraq 20-ci əsrin nəhəng fiqurlarından olan Marqaret Tetçer ideyaları tamam rədd edilmədi. Hətta indinin özündə də Tetçerizm ideyaları nəinki Böyük Britaniyada, hətta bütün dünyada öz təsirini saxlayır.

Vəzifədən istefa verdi, populyarlıqdan yox…

İstefa verəndən sonra keçirilən rəy sorğusunda ingilis xalqının 52 faizi onun ölkə üçün faydalı işlər gördüyünü dedi.

O, xidmətlərinə görə Kraliça tərəfindən, İngiltərənin ən böyük ödüllərindən olan “Şərəf ordeni” ilə təltif edildi.

Baş nazir postundan istefa verəndən sonra nəhəng tütün şirkəti olan “Filipp Morris”də illik 250 min dollar maaş və öz fonduna ildə eyni miqdarda ianə köçürülməsi şərtiylə geosiyasi məsləhətçi kimi işlədi.

Bəzi şərhçilər, Tetçerin İngilis iqtisadiyyatını durğunluqdan qurtardığını söyləyərək onu öyürlər. Nyu Statesman dərgisinin 2006-cı ildə düzənlədiyi bir “sorğu”da, xanım Tetçer "Zəmanəmizin qəhəmanları" arasında beşinci olub. “Reason” dərgisi isə onu "Özgürlük qəhrəmanı" elan etmişdi. Tetçer, 2002-ci ildə hazırlanan "Ən Böyük 100 Britaniyalı" siyahısında, həyatdakı insanlar arasında tutulan ən yüksək dərəcəni – 16-cı yeri qazanıb. Onu satiristlər də öz yaradıcılıqlarında unutmadı, karikaturaçılar da... Məsələn, fransız şərqiçi Renauld, Miss Maggie adlı şərqisində, qadınları kişilərin çeşidli yaramazlıqlarını təkrar etməyən bir cins olaraq anladır – tək Tetçer bu qadınların istisnasıdır, deyə...

***

Dünyanın böyük siyasi liderləri kimi onun haqqında da birmənalı fikir yoxdur. Bir çox solçular üçün o, eqoist kapitalizmin rəmzidir. Onlar indi də xanım Tetçerin "Cəmiyyət adında məfhum yoxdur" kəlamını qəzəblə xatırlayırlar. Sabiq Baş nazirin tənqidçiləri onun Avropa inteqrasiyasına mənfi yanaşmasını da tez-tez xatırlayırlar.

Bir çoxları üçünsə "Dəmir ledi" ölkəsi, dünya siyasəti üçün əvəzsiz xidmətlər göstərmiş lider hesab edilir. Onun qətiyyətini, siyasi addımlarını nümunə göstərirlər. Pərəstişkarları Marqaret Tetçeri tarixi bir şəxsiyyət sayırlar. Şərqi Avropada onu sevənlər üçün Marqaret Tetçer, kommunizmə qarşı mübariz kimi xatırlanır.

Xanım Tetçer kapitalizimin sosialist üsul-idarəsi üzərində qələbəsinin ilhamvericilərindən biri oldu və azad bazar iqtisadiyyatının sivil inkişafın ayrılmaz hissəsi olduğunu əməli hərəkətləri ilə sübut etdi. O, ABŞ-AB münasibətlərində birmənalı şəkildə, Vaşinqtonun sadiq müttəfiqi kimi çıxış etdi. Həmişə qərarlı oldu, “güzəşt” nədir, bilmədi və buna görə də dünyanın hər yerində çağırıldığı ada - “Dəmir Ledi”liyə nə qədər layiq olduğunu əməli fəaliyyəti ilə hər kəsə sübut etdi...


Siyasət sonrası həyatı

İstefasından cəmi 2 il sonra Tetçerə əbədi pyerlik titulu verildi, az keçmədən isə o, lordlar palatasında baronessa kimi əyləşdi.

“Dəmir Ledi” 1992-də Baronessa titulu aldı. Bunun sayəsində Lordlar Palatasına girmə imkanı əldə etdi. Palatada “Maastrixt Anlaşması”nı tənqid edən silsilə çıxışlar etdi, sənədi "Artıq irəli gedən bir anlaşma" kimi dəyərləndirdi, 1993-cü ilin iyununda isə Lordlar Palatasında "Mən bu anlaşmanı əsla imzalamazdım" - dedi. Ayrıca, anlaşmanın referenduma çıxarılmasının, xalqın münasibətinin soruşulmasının lazım olduğu fikrini müdafiə etdi.

Bu işgüzar qadın hələ də ölkənin ən güclü siyasətçilərindən biri sayılır. O, işləyərkən sutkada bəzən 1 saat yatıb. Hətta hədsiz yorğunluqdan bir neçə dəfə kabinetində ürəyi gedib. Yəni sözün əsl mənasında çalışıb. Bismark demişkən: "Başçısı yatmayan xalq rahat yatar".

Tetçer vəzifədən getsə də o, bir qadın və bir siyasətçi kimi hələ də aktualdır, sevilir.

Ayrıca, əri Denis Tetçerə də 1991-ci ildə baron adı verildi (beləcə oğulları Mark, bir “şəcərə ünvanı” qazanmış oldu). Bunun, 1965-ci ildən bəri baron adının ilk verilişi olduğunu da vurğulamalıyıq. 1993-ci ildən 2000-ci ilə qədər ABŞ-ın Virciniya ştatındakı “Villyam və Mari” Kollecində rektor oldu. Həmçinin İngiltərənin Bukinhem Universitetinin rektoru vəzifəsində çalışdı. Bu işindən 1998-ci ildə təqaüdə çıxdı.

1995-ci ildə xanım Tetçer, İngiltərənin ən yüksək cəngavərlik təşkilatı olan Karter Təşkilatı üzvlüyünə qəbul edildi. 1997-ci ildə isə Ronald Reyqan Azadlıq Mükafatını aldı.

Baronessa həm də Britaniyada "Hərbi xidmətinə görə” mükafat alan ilk siyasətçi qadındır. Britaniyanın nüfuzlu mükafatı olan "Çesni qızıl medalı" məhz hərbi xidmətlərinə görə ona verilib. Çünki öz zamanında o, ölkənin hərbi gücünün artırılmasına həqiqi mənada böyük diqqət yetirmişdi, Folklend (Malvin) adalarına görə, Argentina ilə müharibədə həlledici və uğurlu qərarlar qəbul etmişdi. Özü də bu mükafat ondan əvvəl yalnız U. Çerçilə verilib. Hətta mükafatın təqdimat mərasimindəki nitqində də xanım siyasətçi sərt mövqeyindən dönməyərək bildirib ki, "Avropa Amerika ilə birgə olan proqramları dəstəkləməlidir. Bizə raket əleyhinə qlobal müdafiə sistemi çox vacibdir, hətta dünəndən lazımdır". O, hətta Avropa güc strukturunun tez-tələsik NATO-ya qarşı hazırlanmasından da narahat olduğunu qeyd edib.

Hakimiyyətdən gedəndən sonra bu yaşlı xanım boş oturmadı, geniş bilik, təcrübə və xatirələri əsasında kitablar yazdı və onlar yüksək reytinqlə satıldı. 2002-ci ildə yayımladığı “Dövlət Sənəti (Dəyişən Dünya üçün Strategiyalar)” adlı kitabında, 1990-cı ildəki istefasından bəri beynəlxalq əlaqələr mövzusunda inkişaf etdirdiyi düşüncələri dilə gətirdi. Fəlsəfi traktatların yer aldığı kitabda siyasətçilər üçün dərs vəsaitinə bənzəyir. Bəzi fəsillərin çox maraqlı adları var: "Soyuq müharibə haqqında düşüncələr", "Amerikanın kəşfi", "Rusiya tapmacası", "Asiya nəhəngi", "Kapitalizm və onun tənqidçiləri", "Avropa: arzular və gecə kabusları". Son fəsil Avropa Birliyinə aid əks mövqeyinə həsr olunub. Kitabın özəlliklə Avropa Birliyi mövzusundakı bölümləri mübahisə yaradıcı mahiyyətdə idi. Burada Avropa Birliyinə girərkən bütün ölkələrə bu addımı bir dəfə də düşünməyi təklif edir. İsrarla deyir ki, "Avropa Birliyini bürokratiyasız, hesabat verməli olan və məsuliyyətli bir təşkilat etmək mümkün olmayacaq. Yeni valyuta "avro" isə iflasa məhkumdur".

11 iyun 2004-cü ildə, Tetçer, dostu, keçmiş ABŞ Prezidenti Ronald Reyqanın Vaşinqtonda Milli Katedraldakı cənazə törənində video yazılışıyla göstərilən təsirli bir vida çıxışı etdi.

Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer Soyuq Müharibədə bircə güllə açılmadan belə zəfər əldə edilməsində eks prezident Reyqanın heç bir liderin çatmadığı yüksəkliklərə ucaldığını deyib.

13 sentyabr 2005-ci ildə, Tetçer, Hayd Parkdakı Mandarin Oriental Otelində, Kraliçə və Edinburq Dükünün də qatıldığı bir tədbirlə 80-ci doğum gününü qed etdi. Orada, artıq Aberavon Lordu ünvanını almış olan Geoffri Hov, Tetçerin siyasi karyerası üçün "Onun gerçək zəfəri sadəcə bir deyil, iki partiyanı dəyişdirmiş olmasıdır. Belə ki, İşçi Partiyası təkrar iqtidara gəldiyində, Tetçerizmin ana gövdəsinin artıq dəyişdirilə bilməyəcəyi qəbul edilmişdi" dedi...

İstefaya gedərkən Marqaret Tetçer, baş nazir olduğu müddətdə yığılmış sənədlərdən, məktublardan, stenoqram və memorandumlardan ibarət nəhəng bir arxiv yaratmışdı. Bütün bu materialları o Kembric Universitetinə təhvil verdi. Arxiv hazırda Uinston Çörçil Kollecində saxlanılır. Bu sənədlərin çox az hissəsi dərc olunub. Çarlz Mur Marqaret Tetçerin bioqrafiyası üzərində işləyib qurtardıqdan sonra tədqiqatçılara arxivdə işləməyə icazə verilib. Bu arxivin bir neçə məxfilik səviyyəsi var. Bəzi sənədlər tədqiqatçılar üçün hələ də əlçatmazdır. 20-ci əsrin son 20 ilində dünya tarixində baş vermiş və dünyanın mənzərəsini tamamilə dəyişən bir çox hadisələrin pərdəarxasında nələrin baş verdiyinə dair çox sualların cavabı var bu arxivlərdə… Gələcək nəsillər üçün neçə-neçə maraqlı kitablar çıxacaq bu arxivlərdən…

Bu xanım həm də Britaniyada yeganə siyasi xadimdir ki, sağlığında şərəfinə möhtəşəm heykəl qoyulub. 2007-ci ildə Britaniya Parlamentinin qarşısında xanım Tetçerin bürünc heykəlinin qoyulması krallığın ali qanunverici orqanının bəzi dairələrində hiddət doğurmuşdu. Məsələn, rəqib leyboristlər partiyasının deputatı olan Stiven Xepbern bu heykəlin götürülməsini istəyib. İcmalar palatasının üzvləri də bu etiraza qoşuldular, çünki xanımın gözləri və şəhadət barmağı qəzəblə onların işlədikləri otağa dikilmişdi.

Belə reaksiyaya səbəb heykəltəraş Entoni Dyüfortun məharəti idi. Hətta xanım özü qoyulmazdan əvvəl bu heykələ baxanda heyrətlə demişdi ki, "ola bilsin ki, mən dəmirdən düzəldilmişəm, amma heç bürünc də pis deyil". Bu heykəl parlamentin həyətində U.Çerçilin heykəli ilə üzbəüz dayanıb! Britaniya parlametini ziyarətimiz zamanı Tetçerin əzəmətli heykəlinin yanında keçəndə mənə elə gəldi ki, o bu gün də Britaniyaya əlinin işarəsi ilə özünün doğru bildiyi yolu göstərir! Elə sabah da göstərəcək… Tetçerin ölkəsinə məsləhətlərinin əksəriyyəti həmişə həyatda özünü doğruldub. İngiltərədə hələ də inanırlar ki, bu qadın olmasaydı, Britaniya böyük dövlətlər sırasında öz yerini tuta bilməyəcəkdi.

Heykəli bu cür qoymaq ideyasının müəlliflərinin dəqiq fikirlərini bilməsək də, Böyük Britaniyaya imperiya gücünü yenidən özünə qaytarmış, addımları və əməlləri ilə adını dünya TARİXİNƏ əbədi yazmış bu böyük QADINın ardınca Avropa siyasətində qadınların rolunun surətlə artması kimi inqilabi bir hərəkatın daha da genişlənəcəyinə əminəm! Bəlkə də, Marqaret Tetçer əlinin bu işarəsi ilə qadınlara İrəli, ancaq İrəli, haqqınız olan haqqı almağa doğru, haqqınız olduğu yerə çatmağa doğru irəli deyə yol göstərir! Bu yolun sonunda isə öz heykəlinlə birlikdə şəkil çəkdirmək kimi gözəl bir sonluğun olduğunu da xatırladır hətta… Xatırladım ki, Tetçerin ən sevdiyi sitat yunan dramaturqu Sofokla aiddir: "Qadınla kişini yalnız bir dəfə eyni mövqelərdə qoymaq kifayətdir ki, onun kişini ötdüyünü görəsən".

Bu, Tetçer idi!

Uzun, uzun olduğu qədər də zəngin, zəngin olduğu qədər mənalı ömür yaşamış bir qadından, Liderdən söhbət açdıq...

Portretini cızmağa çalışdığımız dünyaca ünlü bu qadın Tetçer idi. Ancaq heç şübhəsiz, Tetçer ancaq bizim anlatdıqlarımız deyil! Onun həyatı, çalışmaları hələ çox kitabların, tədqiqatların mövzusu olacaq, ona, Tetçerizmə hələ çox müraciət olunacaq...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3084

Oxşar yazılar