Bin Ladenin reklam etdiyi avtomat – ARAŞDIRMA
27 noyabr 2010 15:58 (UTC +04:00)

Bin Ladenin reklam etdiyi avtomat – ARAŞDIRMA

Lent.az-ın məlumatına görə, bu silahı istehsal edən zavod ötən il 35 milyon ABŞ dolları borcuna görə fəaliyyətini dayandırsa da, anbarda uzun illərdir satılmayaraq yığılıb qalmış “Kalaşnikov” avtomatları üçün son 4 ayda “Rosoboroneksport” dövlət şirkətinin cidd-cəhdləri müqabilində bir sıra dövlətlərdən sifarişlər alınması mümkün olub. Şirkət bazara təqdim olunan modellərin əvvəlkilərdən çox fərqləndiyini, hətta bu modellərin NATO standartlarına tam cavab verdiyini, bunun üçün bəzi NATO ölkələrindən sifarişlər alındığını bəyan edib. Bu sifarişlər həm silahın tədarükü, həm də lisenziya əsasında istehsalına aiddir.

Artıq bu çərçivədə Rusiya ötən həftə ilk böyük silah partiyasını Əfqanıstana çatdırıb. Bir müddət əvvəl arsenalındakı “Kalaşnikov”ları M4 və M16 karabinləri ilə əvəz edən Əfqanıstana 20 min ədəd yeni “Kalaşnikov” avtomatının satışına dair sifarişi icra etdiyini bəyan edən Rusiya tərəfi paralel olaraq NATO üzv olan Yunanıstandan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı birlikləri üçün açıqlanmayan sayda “Kalaşnikov” avtomatının tədarükünə dair sifariş alındığını bildirib.

Xatırladaq ki bir il əvvəl Venesuela da dünyada ən böyük atıcı silah alışını həyata keçirərək Rusiyaya 100 min ədəd “Kalaşnikov” avtomatı sifarişini verib. Bu avtomatlar Venesuelada “Çavez” adı ilə istifadə olunacaq olunacaq.

Ötən həftə NATO üzvü Bolqarıstan da “Kalaşnikov” avtomatlarının istehsalına dair Rusiyadan lisenziya alıb. Maraqlısı odur ki, ötən əsrin 70-80-ci illərində Varşava blokuna daxil olan Bolqarıstan, Rumıniya və bir sıra Şərqi Avropa ölkələri, həmçinin Çin daxil olmaqla 27 ölkə SSRİ-nin razılığı əsasında “Kalaşnikov” avtomatlarının müxtəlif modellərini istehsal edib. Xüsusilə Bolqarıstan ötən əsrdə “Kalaşnikov” avtomatının AKK, AKKS, AKKMS, AKKN-47, AK-47M1, AK-47MA1/AR-M1 (NATO 5.56 mm standartlı) AKS-47M1 (AKMS-in NATO 5.56x45 mm versiyası), AKS-47MA1, AKS-47S, AKS-47UF, AR-SF, AKS-93SM6, RKKS və AKT-47 modellərinin istehsalını həyata keçirib ki, bu silahlardan müəyyən sayda ixrac da olunub. Vaxtı ilə SSRİ-nin “xeyir-duası” ilə istehsal edilən bu atıcı silahlar sonradan “Kalaşnikov”un dünya çapında geniş yayılmasını təmin edib, eyni zamanda bu silahın rəqiblərindən keyfiyyətsiz olması fikrini ortaya çıxarıb. Digər maraqlı bir məsələ isə ondan ibarətdir ki, bu gün silah idxalçıları keyfiyyət baxımından Rusiya istehsalı olan “Kalaşnikov” avtomatlarını digər ölkələrin istehsal etdiyi analoji silahlardan üstün tuturlar. Amma bütün hallarda AK keyfiyyət, rahatlıq və çoxfunksiyalılıq baxımından “FN Herstal” və “Kolt” şirkətinin istehsalı olan avtomatlara uduzmaqda davam edir.

AK ixtira, yoxsa altaylı gəncin fərasəti

Hazırda dünyada ən çox surəti istehsal olunan AK-nın özü də almanlardan oğurlanmış silah kimi tanınır. Məlumat üçün bildirək ki, II Dünya Müharibəsi ərzində almanlar avtomatik hücum tüfənglərinin təkmilləşdirilməsi istiqamətində tədqiqatlar apararaq bir sıra yeni atıcı silah modellərini yaratmağa nail olublar. Müharibənin sonlarına yaxın almanlar indiki AK-nın “atası” sayılan “Sturmgewehr 44” (StG 44) hücum tüfəngini yaradaraq praktiki istifadəyə veriblər. Amma bu dövrdə artıq müharibənin taleyi həll olunmaq idi və bu silah Berlin civarlarına yaxınlaşan Sovet ordusunu dayandıra bilməzdi. Əksinə döyüşlərdə yüksək effektlilik göstərən, avtomatik özü doldurulan hücum tüfəngi təcrübəli sovet hərbçilərinin diqqətini çəkir və döyüşlərdə almanların qabaqcıl hərbi texnologiyalarını mənimsəyən sovetlər bu silahı da dərindən öyrənməyə başlayır.

Altaylarda doğulmuş, bəzi mənbələrdə əslən rus olmadığı, yerli altay xalqlarından birinə mənsub olduğu göstərilən Mixail Timofeyeviç Kalaşnikov gənc yaşlarından silah texnologiyalarına maraq göstərib. Artıq yeddinci sinifdə oxuyarkən o silahları, xüsusən də mauzeri sökərək daxili mexanizmləri ilə tanış olub, onları təkrar yığıb. 18 yaşında Mixail Kalaşnikovun ailəsi Qazaxıstana köçüb və gələcəyin mühəndisi burada dəmir yolunda tokar, depo çilingəri kimi çalışıb. 1938-ci ilin payızında hərbi xidmətə çağırılan Mixail Kiyev Xüsusi hərbi dairəsində kiçik komandirlər kursunu oxuyub və tankın mexanik-sürücüsü olub. Daha sonra Qərbi Ukraynada tank alayında xidmətini davam etdirib. Hərbi xidmətdə öz ixtiraçılıq qabiliyyətini göstərərək tank topundan atəşlərin inersiya sayğacını hazırlayıb. Həmçinin tankın qülləsindən atışın təsirliliyini artırmaq üçün üzərinə pulemyot inteqrasiyasını təklif edib. Onun ixtirası Kiyev hərbi dairəsinin komandanı general Georgi Jukova bildirilib və sonuncu bu ixtiraların tətbiqi üçün Kalaşnikovu Kiyev tank texniki məktəbinə göndərib.

Kalaşnikov İkinci Dünya Müharibəsinə böyük serjant rütbəsində tank komandiri kimi qatılıb. Bryansk ətrafında yaralanaraq hospitala düşən Kalaşnikov müharibənin nə olduğunu bilib, xüsusilə də Allahın adama bir dəfə yazığı gəldiyini anlayıb. Hospitalda o sonradan adını tarixə yazacaq bir addım atıb. Çox saylı mühəndisin üzərində baş sındırdığı silahı yaratmaq istiqamətində işlərə başlayıb. Bunun üçün o, hospitalda yoldaşlarının fikirləri və təklifləri nəzərə alınmaqla, eləcə də ingilis və amerikan ordusundakı mövcud karabinlərin xüsusiyyətlərini öyrənməklə gələcək silahının cizgilərini hazırlayıb. Özünün sonradan dediyinə görə, gələcək silahın hazırlanmasında ona hospitalda yoldaşı olduğu bir desantçı leytenantın məsləhətləri kömək edib. Vaxtı ilə hansısa elmi-tədqiqat institutunda işləmiş bu leytenant atıcı silahlar barədə yüksək biliyə malik olub.

Beləliklə Kalaşnikov almanların StG 44 silahının atış mexanizmlərini üzərində kiçik dəyişikliklərlə təkmilləşdirib, xarici dizaynında fərqlilik etməklə öz silahını yaradıb. Burada o, həmçinin Birləşmiş Ştatlar ordusunun o dövrdə istifadə etdiyi “M-1 Garand” karabinindən də müəyyən köçürmələr edib. Öncə silahın atış sistemi 1943-cü ildə Elisarov və Semin tərəfindən təkmilləşdirilmiş 7.62x41 mm çaplı patronlara hesablanıb. Kalaşnikov həmçinin silahın daxili mexanizmlərini Sovet İttifaqının iqliminə uyğunlaşdırılması, nəmə və soyuğa davamlı olması üçün bəzi təkliflər də hazırlayıb.

Bacarıqlı Mixail Kalaşnikovun yaradıcılığı elə ilk vaxtdan sovet hərbi rəhbərliyinin diqqətini cəlb edib. Özünün mühəndisliyini sübuta yetirməklə o, məqsədinə çatıb. Döyüş əməliyyatlarından uzaqlaşdırılıb və texniki yaradıcılıqla məşğul olması üçün arxa cəbhəyə göndərilib. Burada Sovet ordusuna yeni silahın yaradılması üçün onun komandası formalaşıb. Kalaşnikovun alman keyfiyyəti və Amerika texnologiyasının sintezindən ortaya çıxardığı yeni silah mühəndis Simonov və Sudayev tərəfindən təqdim edilən silahları bəzi xüsusiyyətlərinə görə geridə buraxaraq müsabiqəyə qəbul edilib.

Birinci mərhələni keçən Kalashnikovun AK-1 və AK-2 tüfəngləri yarışın ikinci mərhələsinə Demetev və Bulkinin silah layihələr ilə birlikdə qəbul olunub. 1946-cı ildə silahların testi zamanı Kalashnikovun köməkçilərindən biri, Aleksandr Zaytsev AK-nın yenidən təkmilləşdirilməsini təklif edib. Yarışlarda rəqiblərini üstələyən Kalaşnikov əvvəlcə bu təklifə həvəssiz yanaşıb. Amma Zaytsev Kalaşnikovu sonda inandırmağı bacarıb. Yeni tüfəng test və çöl sınaqları ərəfəsində istehsal edilib və öz etibarlılığını sübuta yetirərək 1947-ci ildə silahlanmaya qəbul olunub. İndi Azərbaycan ordusunun da geniş miqyasda istifadə etdiyi silah 1949-cu ildə Sovet Ordusunun arsenalına daxil edilib.

Ziddiyyətli nüfuz

Bəzi postsovet ölkələrinin silahlanmada M16 və digər silahlarla əvəzlədiyi AK barədə hələ də ziddiyyətli fikirlər var. Bu gün dünyada 100 milyondan artıq AK istifadə olunur. Bunların arasında SSRİ ilə yanaşı digər sosialist ölkələrində, Bolqarıstan, Albaniya, Polşa, Çin, Vyetnam, Ukrayna, Belarus, Çexiya, Rumıniya, keçmiş Yuqoslaviya, Şimali Koreya, Pakistan, İraq, Suriya, Misir və s. ölkələrdə istehsal edilmiş AK modelləri ilə rastlaşmaq mümkündür. Artıq bəzi ölkələrin “milli silah” olaraq qəbul etdiyi AK-lar başqa adla lisenziyasız istehsal olunur.

Silah ekspertləri hesab edirlər ki, AK-47 əvvəlki ən yaxşı tüfəng texnologiyalarının innovasiyalarının hibridindən yaranıb. Bu silahda özündən əvvəlki “M1 Garand” karabininin, “Remington M8” tüfənginin və StG44 avtomatının özəlliklərindən istifadə olunub. Hətta Kalaşnikov özü də dəfələrlə mətbuata müsahibələrində hansısa silahların nümunəsindən istifadə etməsini dolayısı ilə təsdiqləyib.

“Military Channel” telekanalının 2008-ci ildə keçirdiyi sorğu zamanı ekspertlər böyük əksəriyyətlə Kalaşnikovun avtomat tüfəngini son 100 ildə hazırlanan ən yaxşı avtomat olduğunu müəyyənləşdiriblər.

Hərbi ekspert İldırım Məmmədovun sözlərinə görə, AK-nın geniş yayılmasını onun ucuz qiyməti, asan istifadə olunması və kiçik bir sexdə belə istehsal edilib yayılması şərtləndirib. Ümumilikdə bu silah bir sıra xüsusiyyətlərinə görə, SCAR, M16, “Tavor” və M14-dən geri qalır. Məsələn, AK-dan atışda mütləq silah sağ çiyinə dayanmalıdır. Solaxay insanlar bu silahdan ümumiyyətlə istifadə edə bilmirlər. Silahın geri təpmə qüvvəsi böyük, dəqiqliyi isə azdır. Digər tərəfdən, bu silahın üzərinə durbin, gecəgörmə cihazları, lazer nişangahlar taxmaq üçün NATO ordularında istifadə olunan silahlardakına bənzər çıxıntılar yoxdur.

Faktlar

AK-lara bu gün bəzi ölkələrin gerblərində və bayraqlarında da rast gəlmək olur. Məsələn, Mozambikin gerbində AK süngü-bıçaqla, Zimbabvenin, Burkina-Faso (1984-dən 1997-ci ilə qədər), Şərqi Timorun (2007-ci ildən) gerblərində AK rəsmləri yer alıb. Bundan başqa, adıçəkilən silah Mozambik və “Hizbulla”nın bayraqlarında da əks olunub.

AK və onun modifikasiyaları dünyada atıcı silahların 15%-dən çoxunu təşkil etməklə Ginnesin rekordlar Kitabına da düşüb. “Playboy” jurnalının hazırladığı “Dünyanı dəyişdirmiş 50 məmulat” reytinqində AK “Apple Macintosh”, hamiləliyin qarşısını alan həb və “Sony Betamax” videomaqnitofonundan sonra dördüncü yerdə qərarlaşıb.

Maraqlısı odur ki, AK-nın ən geniş istifadə olunduğu Afrika qitəsinin bəzi ölkələrində uşaqlara avtomatın şərəfinə Kalaş (Keleş) adının verilməsi faktları mövcuddur. Vaxtı ilə İraqın xüsusi simvolu olan AK-nın şərəfinə Səddam Hüseynin göstərişi ilə avtomat formasında minarələri olan məscidlər inşa olunub, onun oğlunun sifarişi əsasında qızıl suyuna çəkilmiş avtomat istehsal edilib. Hətta AK-nın 60 illiyi şərəfinə Yeni Zelandiyada 2 dollar nominalında, üzərində bu silahı daşıyan əsgərlər və M.Kalaşnikovun rəsmi olan gümüş sikkələr zərb olunub.

Ən maraqlı faktlardan biri isə, “əl-Qaidə” lideri Üsəma bin Ladenin və digər terrorçu qrupların rəhbərlərinin efirdə bu silahla görünmələridir. Hesablamalara görə, bin Ladenin 2001-ci ildən sonra tez-tez əlində “Kalaşnikov” avtomatı (AKSU modifikasiyalı) olmaqla videogörüntüləri yayımlanması bu silahı terrorçular arasında daha da populyarlaşdırıb. Silah ticarətində mühüm rol oynayan terror təşkilatları və ekstremist qüvvələr vaxtı ilə qərb ölkələrinin onlara verdiyi silahlarından imtina edərək, kütləvi şəkildə AK-ya üz tutublar.

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2416

Oxşar yazılar