Türkiyədə ana müxalifət partiyası parçalandı
04 noyabr 2010 10:26 (UTC +04:00)

Türkiyədə ana müxalifət partiyası parçalandı

Dünən Türkiyənin ana müxalifət partiyası statusunda olan Cümhuriyyət Xalq partiyası (CHP) faktiki iki yerə parçalanıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Baş Prokurorun partiyanın öncəki qurultaylarında çıxarılan, partiya sədrinin müxtəlif sahələrə məsul müavinlər təyin etməsi və baş katibin səlahiyyətlərinin azaldılaraq, yeni müavinlər arasında bölüşdürülməsi ilə bağlı qərarın yerinə yetirilməsini tələb etməsi parçalanmanı qaçılmaz edib.

Kemal Kılıçdaroğlu 13 yeni müavin və yeni baş katib təyin edib. Öndər Sava yaxın gənclər partiya sədrinin tərəfdarlarının toplandığı ortağa hücum da çəkiblər. 60 üzvü olan partiya Məclisində 40 tərəfdarı olan baş katib Öndər Sav isə partiya Məclisini toplayıb. Partiya sədrindən fərqli olaraq, baş katibin tərəfdarlarının qatıldığı Məclis yeni qurultayın keçirilməsi barədə qərar qəbul edib. Bu qərarların hansı hüquqi əsası olduğuna Cümhuriyyət Baş Prokurorluğu qərar verəcək.

Tərəflər isə artıq bir-birinin ünvanına hədələyici bəyanatlar səsləndirirlər. Öndər Sav partiya Məclisinin toplantısına qatılmayan, öz tərəfindən struktur dəyişikliyi aparan Kemal Kılıçdaroğlunun hərəkətlərini hüquqsuz adlandırıb: “Partiya heç kimin atasının malı deyil. Hüquqi bilməyənlərə hüququ başa salmaq da bizim vəzifəmizdir”.

Kemal Kılıçdaroğlu isə deyib ki, CHP-də “qorxu imperiyası”nı yıxıblar 53 ildir ki, bu səbəblərdən partiyanın hakimiyyətə gələ bilmədiyini söyləyən partiya sədri kimsəninsə kreslo sevdasına görə yollarından dönməyəcəklərini bildirib. O, yeni CHP-nin uğurla yoluna davam edəcəyini vurğulayıb.

Türkiyə mətbuatı yazır ki, bu halda tərəflərdən hansının partiyanı təmsil etdiyi və haqlı olduğuna qərar verəcək Cümhuriyyət Baş Prokurorluğunda Kemal Kılıçdaroğlunun davranışının daha çox hüquqa əsaslandığı rəyi üstünlük təşkil edir.

Siyasi müşahidəçilər isə hesab edirlər ki, bu durumda qalib Kemal Kılıçdaroğludur. O, bu yolla CHP-ni faktiki idarə edən baş katibi neytrallaşdıracaq. Gizli qalib isə CHP-nin sabiq sədri Dəniz Baykal sayılır. Çünki məhz Öndər Sav baş katib səlahiyyətlərindən istifadə edərək seks qalmaqalından sonra Dəniz Baykalın qurultayda sədr postuna qayıdışını əngəlləyib və Kemal Kılıçdaroğlunun sədrliyə yolunu açıb. Dəniz Baykal bu xəyanəti üstüörtülü şəkildə dəfələrlə qınayıb.

Ümumilikdə isə son nəticədə CHP-nin parçalanacağı baxışı üstünlük təşkil edir. Çünki Baş Prokurorluq tərəflərdən hər hansı birini hüquqi tərəf kimi tanısa, digər tərəfin partiyadan ayrılaraq yeni siyasi təşkilat qurmaqdan başqa yolu qalmır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 626

Oxşar yazılar