Pozğun, dahi və canı para Paracanov -  PORTRET
21 iyul 2010 18:30 (UTC +04:00)

Pozğun, dahi və canı para Paracanov - PORTRET

Tiflisdə doğuldu, Ukrayna milliyyətçiliyi üstündə tutuldu, erməni olsa da, Azərbaycanı və onun mədəniyyətini sevdi, sənəti siyasətin ayağına vermədi…

Bəlkə də aradan iki qərinə ötdükdən sonra tatar qızı Nigarın qatar relsinin üstünə hansı səbəbdən düşməsinin heç bir əhəmiyyəti olmazdı. Ancaq o dilbər gözəlin aşiq olduğu erməni Sergeyin sümükləri çürüsə də, adı-sanı fiziki ömründən çox sürdüyündən bu adamın bioqrafları üçün Nigarın ölümünün səbəbini bilmək böyük əhəmiyyət kəsb edir… Bu gün – iyulun 21-i Tiflisdə doğulan, Ukrayna milliyyətçiliyi üstündə həbsxanaya düşən, Azərbaycanı və onun mədəniyyətini sevən erməni Sergey Paracanovun öldüyü gündür…

…Atası İosif Tiflisin ən varlı adamlarından biriydi. Əntiq əşyalar alveriylə məşğul idi, fahişəxana saxlayırdı və arvadıyla birgə guya Fransadan, hətta Parisin orta göbəyindən qızlar gətizdirirdi. Ümumiyyətlə, bu erməni ailəsi üçün pul qazanmaqdan ötrü dünyanın ən axmaq işlərinə getmək su içmək kimi asan və adiydi. Gələcəyin məşhur rejissoru olacaq Sergey Paracanov 1924-cü il yanvarın 9-da belə bir ailədə doğulmuşdu və valideynlərinin pul qazanmaq, var-dövlət yığmaq ehtirası uşaqlıqdan onun da başında çatlamışdı. Böyüyəndə etiraf edirdi ki, bir dəfə hökumət adamları evlərini yoxlamağa gələndə atası qiymətli əntiq daş-qaşları ona uddurub. Yoxlama bitəndən sonrasa onu ayaqyoluna salıb udduğu daşları “doğmağa” məcbur eləyiblər…

…Onun müsibətli və dolanbac həyat yolu olub. Ancaq bir tərəfdən baxanda görürsən ki, bu müsibətləri həyat yox, özü öz başına açıb. Əvvəlcə Tiflis Dəmiryolu İnstitutuna daxil olan Sergey bir ildən sonra buranı tərk eləyir və birdən-birə iki yerdə – konservatoriyada və opera teatrı nəzdində xoreoqrafiya məktəbində təhsilini davam etdirir. Bir neçə il sonra Moskva Konservatoriyasına keçir, burada oxuya-oxuya “VQİK”ə daxil olur, Dovjenkodan dərs alır. Paracanov ilk məhəbbətini – Moldaviyadan olan tatar qızı Nigarı burada oxuyanda tapır. Hər iki gənc valideynlərindən xəbərsiz evlənirlər. Bir neçə aydan sonra qızın qardaşları Moskvaya gəlir və Sergeydən başlıq istəyirlər. Kasıb tələbə pul üçün atasına məktub yazır, simic İosif imtina eləyir. Deyirlər, bundan sonra Moldaviyaya getmək istəməyən Nigarı qardaşları qatarın altına atırlar…

Ümumiyyətlə, Paracanovun arvad məsələsində bəxti gətirməyib. 1950-ci ildə evləndiyi ukrayna gözəli Svetlana ona 11 il dözə bilib və “səninlə yaşamaq gözəldir, ancaq dözülməzdir” deyib evdən çıxıb. Müasirləri isə Sergey Paracanovun həqiqətən məişətdə çox dözülməz olduğunu bildirirlər. Deyirlər, onun şıltaqlığı hətta tərəvəzlərin müəyyən edilmiş formada dilimlənməsi, boşqabda kotletlərin düzülüşündə simmetriyanın gözlənilməsi tələblərinə qədər gedib çıxırmış. Ancaq onun qeyri-adi hərəkətləri, danışıqları, həyata, insanlara, hadisələrə özünəməxsus baxışları yalnız məişət səviyyəsində qalmırdı. Bütün bunlar Sergey Paracanovun sənətinə sirayət elədiyindən o, kinematoqrafiyada özünəməxsus üslub yarada bildi…

…1964-cü ildə Ukraynada çəkdiyi “Unudulmuş əcdadların kölgəsi” filmiylə Paracanovun məşhurluğu başlayır. Filmdə çəkilən aktyorlar danışırlar ki, Paracanov təbiətdən istədiyi rəngi almaq üçün xüsusi pulevizatorlarla ağacları, gülləri belə rəngləyibmiş. “Unudulmuş əcdadların kölgəsi” filmi “Qızğın atlar” adıyla Avropada nümayiş olunur və kino tənqidçiləri Ukraynada yeni poetik kinonun yarandığı haqda danışmağa başlayırlar. Film Böyük Britaniya kinoakademiyasının və müxtəlif festivalların 28 mükafatını alır.
Bundan sonra Paracanov Böyük Vətən Müharibəsindən bəhs eləyən “Kiyev freskaları” filminin çəkilişlərinə başlayır. Ancaq kino məmurları çəkilmiş materiala baxdıqdan sonra çəkilişlər dayandırılır və rejissor “qəhrəmanlıq tarixinə mistik-subyektiv fikirlərlə yanaşır” ittihamına tuş gəlir. Onun növbəti filmi də fiaskoya uğrayır. İrəvanda Sayat Novanın həyatı və yaradıcılığı haqda çəkdiyi film erməni senzorların qəzəbinə tuş gəlir, material başdan-ayağa doğranır. Paracanov üç dildə – azərbaycan, gürcü, ermənicə səsləndirilməsini nəzərdə tutduğu filmi yığmaqdan imtina eləyir və çəkilmiş materialın montajına başqa rejissor dəvət olunur.

…Paracanovda cinsi problemlər olub. Bu baxımdan, “qondarma homoseksual ittihamıyla həbs olundu” iddiası Paracanovsevərlərin təəssübkeşliyindən savayı bir şey deyil. Hər halda xeyli əvvəl, özü də hələ 25 yaşındaykən bir dəfə də eyni ittihamla həbs olunmuşdu. Ancaq insaf naminə demək lazımdır ki, ikinci dəfə onun həbsinə səbəb axmaq meyli və istəyi olmaya bilərdi. Axı, 1971-ci ildə Ukraynada milliyyətçilərə qarşı aparılan repressiyalara etiraz eləyənlərin ön sırasında dayanmasını, əcnəbi qəzetlərə “Mərkəzi Komitə üzvlərinin 20-siylə yatmışam” sayaq gic-gic açıqlamalarını kim ona bağışlayardı? Bağışlamadılar və bir neçə yalançı şahid, yalançı zorlama epizodları kifayət elədi ki, 1973-cü ildə rejissora 5 il iş versinlər…

Həbsxana həyatı ona baha başa gəlir. Məhbus məktublarının birində yazır: “İndi Tiflisdə istidir, burada isə dayanmadan leysan tökür. Ayaqlarımda dəhşətli ağrılar var. Kamerada insanlıq simasını itirənlərlə bir yerdəyəm. Məni onların yanına qəsdən salıblar ki, məhv olum…”

Ancaq dostları, xüsusən Mayakovskinin sevgilisi Lilya Brik onu bu darlıqdan qurtarmağa çalışdılar. 80 yaşlı Brik Fransanın kommunist yazıçısı Lui Araqondan xahiş etdi ki, Paracanovun həbsdən çıxması üçün Brejnevə müraciət etsin. Brejnev fransız yazıçının sözünü yerə salmır: 1977-ci il dekabr ayının 30-da rejissor həbsdən buraxılır. Ancaq üstündən 5 il keçəndən sonra Paracanov təzədən hakim qarşısında dayanır. Bu dəfə onu rüşvətvermə maddəsiylə suçlu bilirlər. Burada da Sergey bəlaya doğru özü yerikləyir. Rejissor bacısı oğlunun instituta girməsi üçün qəbul komissiyasının rəhbərinə verdiyi brilyant üzük barədə hər yerdə danışır və 1982-ci ildə ona təzədən 5 il iş kəsilir, bu dəfə şərti. Bu illərdə Paracanov bir neçə dəfə Ermənistana film çəkmək xahişi ilə müraciət eləsə də, yenə Gürcüstan ona arxa durur. 1984-cü ildə rejissor düz 16 illik fasilədən sonra “Gürcüfilm”də “Suram qalasının əfsanəsi” filmini çəkir və bu film də bir sıra ciddi kinofestivalların qalibi olur…

…Bilirəm, yəqin, hətta səbrli oxucular belə bura qədər özlərini saxlamayıb “erməni Sergey Paracanovdan yazmaq bu qədərmi vacibdir” kimi qənaətə gəliblər. Düzdü, Paracanovun adı dünya kinematoqrafiyasının ən adlı-sanlı isimləriylə yanaşı çəkilir və o, Kurasava, Fellini, Pazolini, Tarkovski kimi kinematoqrafiyada öz dilini, sintaksisini yaratmış rejissor idi. Düzdü, Paracanov qeyri-adi dərəcədə istedadlı adam olub və ətrafında olan hər kəsi də dünyanı bu qeyri-adi istedadının gözüylə baxmağa vadar edirmiş, onun filmləri qədər də maraqlı rəsmləri, əl işləri var, “sənətdə Paracanov üslubu” deyilən bir anlayış mövcuddur və sair və ilaxır. Ancaq pisdir, ya yaxşıdır, bilmirəm, şəxsən mən bütün bunlara görə deyil, Sergey Paracanovun sonuncu filmi olan “Aşıq Qərib”ə görə ölüm günündə onun haqqında yazmağı vacib bildim. Paracanov bu filmin çəkilişlərini aparanda artıq Qarabağ hadisələri başlamışdı. Ancaq o, yuxarıda barəsində sadalanan yüksək sənətkarlıq keyfiyyətlərinin hamısına layiq olduğunu bir daha sübut elədi və Azərbaycan türkcəsində dünyanın ən gözəl filmlərindən birini yaratdı. O, bütün təzyiqlərə baxmayaraq, ayağını bir başmağa dirəyib “bu film Azərbaycanda çəkilməli, burada Azərbaycan xanəndəsi oxumalı və filmin musiqisini azərbaycanlı bəstəkar yazmalıdır” dedi. Fikirləşin, görün son 30 ildə hansı Azərbaycan rejissorunun tutarlı bir filmində Aşıq Ələsgərin adı çəkilib, mahnısı oxunub? Mənim yadıma “Bəxt üzüyü” filmi düşdü, ancaq burada Aşıq Ələsgər tərif edilməyib, lağa qoyulub… Erməni Sergey Paracanov isə elə təkcə Cavanşir Quliyevin musiqisi, Alim Qasımovun səsi, Aşıq Ələsgərdən mahnıyla bu filmə bir Azərbaycan möhürü vurdu…

…Paracanov qısa ömür yaşamadı. O, 66 illik həyatında dünya kinematoqrafiyasında özünəməxsus ənənə qoydu, heç kimin yoluyla getmədi. Ancaq onun unikallığı və qeyri-adiliyi ondaydı ki, Tiflisdə doğulsa da, Ukrayna milliyyətçiliyi üstündə həbsxanaya düşdü, erməni olsa da, Azərbaycanı və onun mədəniyyətini sevdi, sənəti siyasətin, intriqanın, saxtakarlığın ayağına vermədi…

İlham Tumas
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1482

Oxşar yazılar