Almaniya liberalları: “Qvardiya terrorçudur”
28 aprel 2010 12:00 (UTC +04:00)

Almaniya liberalları: “Qvardiya terrorçudur”

Bir müddət öncə ABŞ İranın elit ordusu sayılan İslam İnqilab Keşikçiləri Qvardiyasını terrorçu qurumlar siyahısına daxil edib.

Lent.az-ın məlumatına görə, Almaniya hökumətində təmsil olunan Azad Almaniya Demokratik Partiyası qvardiyanı terrorçu təşkilat kimi tanımaq üçün hökumət qarşısında məsələ qaldırıb.

Aprelin 22-də “Wall Street Journal”-da bu haqda yazılan məqalədə deyilib ki, bu məsələ sözügedən partiyanın ümumi toplantısında müzakirə edilərək, səs çoxluğu ilə qəbul edilib. “Bu isə özlüyündə İran rejiminin mahiyyətinin beynəlxalq ictimaiyyət tərəfindən daha yaxşı anlaması üçün vacibdir” - deyə, yazıda vurğulanıb.

Qəzetin yazdığına görə, ötən həftə partiyanın ümumi yığıncağında qəbul edilən bu qərar Almaniyanın İrana qarşı siyasətində ciddi dəyişikliyin baş verməsindən, Tehran hakimiyyətinin atom silahı əldə etməsinin qarşısının alınması istiqamətində yeni səylərə başlayacağından xəbər verir.

Liberal yönümlü Azad Almaniya Demokratik Partiyası bu ölkənin ən nüfuzlu və əski partiyalarından sayılır. Bu siyasi qurum 1948-ci ildə Almaniya Demokrat Partiyası və Almaniya Xalq Partiyasının birləşməsindən yaranıb. Hazırda partiyaya Almaniyanın xarici işlər naziri Gido Vestervell rəhbərlik edir. Qəzet onu da əlavə edib ki, baş nazir Angela Merkel də dəfələrlə İrana qarşı daha sərt tədbirlərin görülməsini dilə gətirsə də, ölkədə İranla “isti” münasibəti olan bir sıra partiya rəhbərləri ona etiraz etməyə çalışır.

“Wall Street Journal”ın yazdığına görə, İran iqtisadiyyatının böyük bir hissəsinə nəzarət edən və nüvə proqramının gerçəkləşdirilməsinin əsas dayaqları olan qüvvələrə qarşı embarqoların tətbiqi, nüvə silahlarının məhdudlaşdırılması Vestervellin siyası proqramına yeni anlam verə bilər.

Mətbu orqanı əlavə edib ki, qvardiyanın terror təşkilatı adlandırılması İranla hələ də ticarət əlaqələrinin saxlanılmasını və əməkdaşlığı məsləhət bilən müşavirlərə kəskin ismarıc sayıla bilər. İranın AFR-dəki lobbisi bütün imkanlarından istifadə edərək, bu ölkədə belə müzakirələrin keçirilməsinə mane olmağa çalışsalar da, Əfqanıstanda NATO qüvvələrinə qarşı keçirilən hərbi əməliyyatlar, təmas xətlərində baş verən partlayışların çoxunda İranın, konkret olaraq qvardiya tərəfindən planlaşdırıldığı bütün dünyaya bəllidir. Qəzet yazıb: “Qvardiyanın “Taliban” yaraqlılarına hərbi təlimlər keçməsi haqda bir çox danılmaz faktlar mövcuddur. Ötən üç həftə ərzində Əfqanıstanda baş verən partlayışlar nəticəsində Almaniyanın 7 hərbçisi həlak olub.

Beləliklə, terror təşkilatı elan edilməsi qvardiyanın törətdikləri cinayətlərə, bölgədə sabitliyi pozmaq cəhdlərinə və Almaniya hərbçilərinin qətlə yetirmələrinə tutarlı cavab olardı”.

Yazının davamında bildirilib ki, Almaniya hakimiyyəti ilə Azad Almaniya Demokratik Partiyasının qvardiyaya qarşı işbirliyi beynəlxalq ictimaiyyət üçün də önəmli ismarıc olardı. Uzun illər boyu İranla danışıqlara üstünlük verən bir partiya və hökumətin bu qəti addımı, İrana qarşı yeni embarqoların tətbiqində tərəddüd edən Çin və Rusiyanın durumunun ağırlaşdırmaqla yanaşı, bu ölkələri iradəli olmağa sövq edə bilər.

BMT Təhlükəsizlik Şurasının yeni qətnamə layihəsi yayılmasa da, ehtimal edilir ki onun əsas maddələrindən biri İran İnqilab Keşikçiləri Qvardiyasına embarqonun tətbiqi və bu qurumun təmsilçilərinə qarşı beynəlxalq məhdudiyyətlərin gücləndirilməsidir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642

Oxşar yazılar