ABŞ-ın İraq macərası sona çatır
30 avqust 2010 19:10 (UTC +04:00)

ABŞ-ın İraq macərası sona çatır

ABŞ prezidenti Barak Obama avqustun 31-də televiziya ilə amerikalılara müraciət edərək İraqda müharibənin bitdiyini bildirəcək. Barak Obamanın videomüraciəti Ağ Evin rəsmi bloqunda yerləşdirilib. Müraciətində prezident İraqı suveren, müstəqil ölkə elan edib. Barak Obama prezident səlahiyyətlərinin icrasına başladığı gündən İraqdan 90 mindən çox hərbçi çıxarıldığını, avqustun 19-da ABŞ-ın sonuncu döyüş briqadasının İraqı tərk etdiyini, 2011-ci ilin sonunadək İraq ordusuna təlim keçən 56 min ABŞ əsgərinin də evlərinə dönəcəyini bildirib.

Qeyd edək ki, Səddam Hüseyn rejiminin kütləvi qırğın silahına malik olduğunu iddia edən ABŞ 2003-cü ilin martında İraqa hücum çəkib. Ancaq İraqda kütləvi qırğın silahı tapılmayıb. Müstəqil siyasi müşahidəçilər bu hücumda ABŞ-ın əsas məqsədinin dünya neft ehtiyatlarının 10 faizinə sahib olan İraqda enerji mənbələrinə nəzarət etmək olduğunu bildiriblər. İraqda 2003-cü ilin mart ayında müharibənin başlamasından indiyə qədər 4400-dən çox ABŞ əsgəri həlak olub. Həlak olan iraqlıların sayı milyonlarla ölçülür. Səddam Hüseyn də edam olunub. 2009-cu ilin məlumatına görə, ümumilikdə İraqdakı əməliyyatla bağlı xərclər 748 milyard dollar xərc çəkilib. Bu vəsaitin üzərinə bu il də 30 milyard dollardan çox vəsait əlavə edilib.

ABŞ-ın müdaxiləsindən sonrakı dövrdə İraqda müqavimət hərəkatı başlayıb. Eyni zamanda şiə və sünni qruplar arasında qanlı qarşıdurmalar yaşanıb, əhalinin sıx toplaşdığı yerlərdə, məscidlərdə bombalar partladılıb. Ölkənin şimalındakı kürdlər isə öz bölgələrində peşmərgə adlanan silahlı birləşmələri qanuniləşdirilib və ABŞ hərbçiləri bu qüvvələrə təlim keçməyə başlayıb. Bu gün kürd siyasi qüvvələrinin əsas məqsədi neftlə zəngin Tahmin vilayətini bölgəsini kürd muxtariyyətinin ərazisinə daxil etmək, vilayətin mərkəzi Kərkük şəhərinə sahib olmaqdır. Siyasi müşahidəçilər ABŞ hərbçilərinin İraqdan tamamilə çıxdıqdan sonra ərəb və kürdlər arasında məhz bu ziddiyyət səbəbindən silahlı qarşıdurma yaşanacağından ehtiyatlanırlar.

ABŞ-ın İraqa hücumundan sonrakı dövrdə ölkənin şimalında, Türkiyə ilə sərhəd bölgələrdə PKK terror təşkilatının bazalarının yerləşməsi də əsas problemlər sırasındadır. Bu bazalardan terror təşkilatı mütəmadi olaraq Türkiyə ərazisinə sızır, müxtəlif terror aktları həyata keçirirlər. Türkiyə parlamenti bu terror bazalarının ləğv edilməsi istiqamətində orduya ölkə sərhədlərindən kənarda hərbi əməliyyatlar keçirmək səlahiyyəti verib. Türk qırıcıları mütəmadi bu bazalara hərbi zərbələr endirir, 1 dəfə isə quru əməliyyatı keçirilib. ABŞ-ın səyi nəticəsində Türkiyə ordusunun geniş quru əməliyyatının keçirilməsinin qarşısı indiyə qədər alınıb. Siyasi müşahidəçilər ABŞ qoşunları İraqı tərk etdikdən sonra Türkiyə ordusunun terror bazalarını ləğv etmək üçün Şimali İraqda əməliyyatlara başlayacağını istisna etmirlər.
Qeyd edək ki, Azərbaycan İraq müharibəsində ABŞ-ın müttəfiqləri sırasında yer alıb. 2003-cü il avqustun 15-dən hərbçilərimiz İraqın Hədisə Su Elektrik Stansiyasını və bəndini mühafizə etməyə başlayıblar. Azərbaycan hərbçiləri 14 zabit, 16 çavuş və 120-si əsgərdən ibarət olub. İraqdakı sülhməramlı əməliyyatlarda 1 azərbaycanlı əsgər həlak olub.
Milli Məclis 2008-ci il noyabrın 11-də keçirilən iclasında “Azərbaycan Respublikası Silahlı Qüvvələri kontingentinin İraqdan geri çağırılması haqqında” qərar layihəsini təsdiq edib. 150 nəfərdən ibarət azərbaycanlı sülhməramlı hərbçilər 2009-cu il dekabrın 7-də İraqda öz vəzifələrini yerinə yetirərək vətənə dönüblər. Azərbaycanda onları təntənəli sürətdə Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri, Azərbaycandakı ABŞ və İraqın səfirləri və yaxınları qarşılayıblar.
Sülhməramlılarımızın geri çağırılması ilə əlaqədar İraqın Azərbaycandakı səfirliyi İraq hökumətinin minnətdarlığını bildirən açıqlama yayıb. Açıqlamada Azərbaycan rəhbərliyinin tutduğu cəsarətli qardaş mövqeyinə görə İraq hökuməti dərin təşəkkürünü və minnətdarlığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 755

Oxşar yazılar