Mixail Saakaşvili: «Bu görüntülər sentyabrın 24-də nümayiş edilməli idi»
22 sentyabr 2012 23:43 (UTC +04:00)

Mixail Saakaşvili: «Bu görüntülər sentyabrın 24-də nümayiş edilməli idi»

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu fikirlər Gürcüstan prezidenti Mixail Saakaşviliyə məxsusdur.

O, son günlər ölkədə baş verən hadisələrlə bağlı açıqlamasında bildirib ki, Gürcüstan televiziyasında göstərilən işgəncələrlə bağlı görüntülər əvvəlcədən hazırlanıb: “Bu görüntülər sentyabrın 24-də nümayiş edilməli idi. Onlar bu görüntüləri yayımlamaqla seçkilər zamanı aranı qarışdırmaq, xalqı qəzəbləndirmək və iğtişaşlar törətmək istəyirdilər ki, bizim hadisələri araşdırmağımıza vaxt çatışmasın. Lakin məqsədlərinə nail ola bilmədilər. Biz bir az tez tərpəndik. Bu işgəncələri törədənlər ciddi cəza almalıdırlar. Bu hadisələri maliyyələşdirənlərə isə Gürcüstanda yaşayan əhali seçkilərdə lazımi cavab verməlidirlər.”

“Biz Giorgi Tuquşi ilə birlikdə yeni penitensiar sistem yaradacağıq və buna artıq başlamışıq. Mən ədliyyə naziri olmuşam və keçmişdə həbsxanalarda məhbuslara bütün səviyyələrdə necə əziyyət verildiyini bilirəm. Bu günkü həbsxanada demək olar ki, bunlar yoxdur, harada varsa, bundan köklü surətdə qurtaracağıq”-deyə, Saakaşvili bildirib.

Gürcüstanın baş naziri Vano Merabişvili də qarşıdan gələn seçkilərə münasibət bildirib. Onun sözlərinə görə, indiki vaxtda ən başlıca məsələ azad və ədalətli seçkilər keçirməkdir. “Bunun üçün Gürcüstan Daxili İşlər Nazirliyinin istənilən resurs və təcrübəsi var. Biz elə etməliyik ki, seçkilər zamanı zorakılıq baş verməsin. Biz seçicilərə elə şərait yaratmalıyıq ki, onlar azad seçim edə bilsinlər.”

Baş nazir həbsxanalarda yeni sistemin yaradılacağını da bildirib. “Bunun üçün lazım olarsa, patrul xidməti hələlik yeni kadralar seçilənəcən həbsxanalarda olacaq və verilən tapşırıqları yerinə yetirəcəklər.”

Qeyd edək ki, indi Qldan həbsxanasının rəhbərliyi 24 saat ərzində məhbuslarla görüşmək imkanı yaradıb.

APA-nın məlumatına görə, Gürcüstan patriarxlığının nümayəndələri də bu gün həmin həbsxanada olaraq, məhbusların son durumu ilə maraqlanıblar. Məhbuslar son günlər həbsxanada vəziyyətin xeyli yaxşılaşdığını vurğulayıblar. Bütün Gürcüstanın katalikos-patriarxı II İlya hamıya ölkədə sülh və əmin-amalıq üçün dualar etmələrini xahiş edib.
84 yaşlı eks-prezident Eduart Şevardnadze də müasir gəncliklə fəxr etdiyini və onların törədilən işgəncələrin düzgün və ədalətli araşdırılması tələblərini alqışlayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstan televiziyalarında Qldan həbsxanasında məhbuslara verilən işgəncələri əks etdirən görüntülər yayımlanmış və bu ictimaiyyətin geniş etirazına səbəb olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1169

Oxşar yazılar