Dünyanı ayağa qaldıran filmin böyük sirri - ARAŞDIRMA
13 sentyabr 2012 15:15 (UTC +04:00)

Dünyanı ayağa qaldıran filmin böyük sirri - ARAŞDIRMA

Misir və Liviyada qanlı aksiyalara, ABŞ-ın Liviyadakı səfirinin ölümünə səbəb olan, avqust ayında “YouTube” saytında “Sam Bacile” adlı istifadəçi tərəfindən yayımlanan “Innocence of Muslims” filmi ilə bağlı araşdırma maraqlı məqamları üzə çıxarıb.

Lent.az-ın verdiyi məlumata görə, “Associated Press” agentliyi dünən apardığı araşdırma zamanı internetdə “Innocence of Muslims” filminin reklamını aparan amerikalı mühafizəkar kopt xristianı (Misirdə yaşayan xristianlar - red.) Morris Sadek vasitəsi ilə filmin rejissoru olduğu bildirilən Sam Bacilenin telefon nömrəsini əldə edib.

Sam Bacile də telefon danışığı zamanı 56 yaşlı İsrail əsilli bir yəhudi yazar və rejissor olduğunu söyləyib. Lakin filmin çəkilməsində dəstək verənlər sırasında yer alan xristian fəal Steve Klein Sam Bacile adının qondarma olduğunu, filmin rejissorunun xristian olduğunu bildirib. İsrail dövlət qurumları da Sam Bacile adlı bir yəhudi barədə rəsmi məlumat olmadığını açıqlayıb. Steve Klein filmin üzərində Suriya, İraq, Türkiyə, Pakistan, İran və Misirdə yaşayan 15 xristianın çalışdığını, onların bir çoxunun qorxularından adlarını açıqlamağa icazə vermədiklərini qeyd edib.

ABŞ-ın Florida ştatında yaşayan və 11 sentyabr olaylarının doqquzuncu ildönümündə “Quran” kitabını yandırmaqla bağlı aksiyası ilə dünyanı ayağa qaldıran keşiş Terri Cons isə filmin rejissoru ilə telefonla danışdığını və onun üçün dua etdiyini etiraf edib. Onun sözlərinə görə, filmi ərsəyə gətirənləri şəxsən tanımır, ancaq bir həftə əvvəl bir nəfər onu arayaraq film üçün dəstək istəyib. Keşiş qeyd edib ki, Sam Bacile ilə şəxsən tanış deyil və bu adda insan da yoxdur, başqa adlı bir insandır, sadəcə, baş verən olaylardan sonra qorxduğu üçün adını gizlədir.

Filmdə rol alan aktyorlar da artıq ortaq açıqlama yayıblar. Aktyorlar onlara film layihəsi barədə yanlış məlumat verildiyini və filmdəki bəzi dialoqların, xüsusən Məhəmməd peyğəmbərin adının çəkildiyi yerlərin sonradan dublyaj edildiyini, dəyişikliklərə məruz qaldığını vurğulayıblar.

“Associated Press” agentliyi isə araşdırmalarını davam etdirib və Sam Bacile olduğu ehtimal edilən Nakoula Basseley Nakoula adlı bir amerikalını tapıb. Məlum olub ki, Nakoula Basseley Nakoula bundan əvvəl saxta şəxsiyyət vəsiqəsi ilə bağlı dələduzluğa görə 21 ay həbs və yüz min dollar cərimə ödəməyə məhkum edilib. Agentlik müxbirləri Nakoula Basseley Nakoulanın məhkəmə zamanı ifadələrini, istintaq materiallarını da araşdırıblar və məlum olub ki, o, şəxsiyyət vəsiqəsi ilə bağlı saxtakarlıqlar edərkən Bacily və Ervin Salameh kimi qondarma adlardan istifadə edib. O, Los-Ancelesdəki evinin qarşısında “Associated Press” agentliyinə açıqlamasında deyib ki, film çəkilişlərinə həqiqətən dəstək verib, ancaq rejissor o deyil. Nakoula Basseley Nakoula Sam Bacile adlı rejissoru tanıdığını da iddia edib. Associated Press” agentliyinin müxbirləri telefonda Sam Bacile olduğunu söyləyən şəxsin telefon qeydlərindəki ünvanın da Nakoula Basseley Nakoulanın evi olduğunu üzə çıxarıblar.

Ancaq bütün bunlara baxmayaraq, Sam Bacilenin məhz o olduğunu yenə inkar edən Nakoula Basseley Nakoula özünün kopt xristianı olduğunu, filmin rejissorunun da müsəlmanlar tərəfindən təzyiqlərə məruz qalan kopt xristianlarının durumundan narahat olduğunu söyləyib. O, Sam Bacile adı altında filmə rejissorluq etdiyini inkar etmək üçün şəxsiyyət vəsiqəsini də müxbirə göstərib, ancaq bu zaman adındakı “Basseley” sözünü barmağı ilə qapatmağa çalışıb...


Araşdırmalar zamanı o da üzə çıxıb ki, əslində bu film keçən il “Çöl savaşçıları” adı altında Los-Ancelesdə bir kino zalında nümayiş etdirilib. Kino zalının sahibi isə deyib ki, filmin nümayişi “Sam” adlı bir nəfər tərəfindən təşkil olunub. Hazırda hüquqi yolla film “YouTube” saytından çıxarılsa da, internet istifadəçiləri filmi müxtəlif yollarla əldə edərək baxa bilirlər...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4746

Oxşar yazılar