“Cihad mələyi”nin Şeyxin hüzurunda qanlı rəqsi - HEKAYƏT
30 avqust 2012 12:03 (UTC +04:00)

“Cihad mələyi”nin Şeyxin hüzurunda qanlı rəqsi - HEKAYƏT

Dağıstanını nüfuzlu din xadimi Səid Əfəndi və daha 7 nəfərə qarşı terror edən 30 yaşlı Aminat Saprıkinanın (əsl adı Saprıkina Olqa Andreyevna) kimliyi, həyatı barədə xəbərlər yayılıb. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, Olqa Saprıkina bir neçə il əvvəl Marat Qurbanov adlı bir nəfərə ərə gedərək, islamı qəbul edib və adını dəyişərək, Aminat qoyub. Maratın qardaşı Renat isə həmin vaxtlar artıq vəhabiliyi qəbul etmiş və dağlara, yaraqlıların yanına getmişdi.

Marat isə Mahaçqala Dövlət Dram Teatrında çalışırmış. O, gələcək həyat yoldaşı Aminatla elə burda tanış olublar. Aminat həmin vaxt teatrda breyk-dans qrupuna rəhbərlik edib. Sonradan Maratla birgə “Snetç” rəqs qrupunu yaradıblar.

Bundan əvvəl Aminat Dağıstan Dövlət Universitetinin Mədəniyyət fakültəsində təhsil alıb. Həmin fakültənin dekanı Nina Qəhrəmanova xatırlayır ki, Aminat çox qabiliyyətli tələbə olub. Hətta universiteti qırmızı diplomla bitirib. Ona görə təyinatını da məhz Dağıstanın ən nüfuzlu mədəniyyət ocağına - Dövlət Dram Teatrına veriblər.

Aminatın qaynı Renat öldürüldükdən sonra Marat qisas məqsədi ilə yaraqlılara qoşulur. “Qafqaz əmiri” Doku Umarov tezliklə onu “Dağıstanın əmirliyi”nin Mahaçqala şəhər “əmiri” təyin edir. Bir müddət sonra Marat da öldürülür.

Məhz bundan sonra Aminat Saprıkina yaraqlılarla əlaqə yaradır, cihada qoşulmaq niyyətində olduğunu bildirir.

Maratdan sonra Aminat onun dostu Timur Kurmaqomedova ərə gedir. Timur ondan xahiş edir ki, tutduğu yoldan əl çəksin, “bu cihad məsələsinin sonu yoxdur. Hər şeyi atıb Dağıstandan köçüb getmək lazımdır”. Aminat razılaşmır. Hətta onu qorxaqlıqda ittiham edir və onlar ayrılırlar.

Bundan sonra Aminat Maqomed İlyasova ərə gedir. İlyasov ona əməlli-başlı təlim keçir; Gəncləri necə “verbovka” eləməli. Aminat bu işin öhdəsindən o qədər uğurla gəlir ki, hətta Marina Xoroşeva və Sergey Razdobudko soyadlı ər-arvadı da islama gətirə bilir. Sonradan onlar da cihad çağırışlarına qoşulurlar, amma öldürülürlər.

2001-ci ilin dekabrında İlyasov da öldürülür. Bundan sonra Aminat tək fəaliyyətə başlayır. Onun ən qanlı aktı mayın 3-də Mahaçqalada törədilən terror aktıdır. Həmin vaxt Əliyev soyadlı bacı-qardaşlar şəhid kəməri ilə güclü partlayış törətmişdilər və 15 nəfərin ölümünə, yüzə yaxın insanın isə yaralanmasına nail olmuşdular.

Bundan sonra Aminat Dağıstandan Saratova getmək istəyib. Hətta avtobusa belə minib, amma Həştərxan istiqamətində avtobusdan düşərək, geriyə qayıdıb. Dağıstanın Kizilyurt rayonunun Komsomolskaya kəndində kirayə ev tutub.

Elə şeyxi öldürməyə də bu kənddən gedib. Onu Buynaksk rayonunun Çirkey kəndinə, şeyx Səid Əfəndinin yaşadığı evə 47 yaşlı taksi sürücüsü Abdulkadır Kiziyev aparıb. Aminat ona 750 rubl (təxminən 25 dollar) verərək, həm də geri qaytarmağı xahiş edibmiş.

Şeyxin evinə çatanda məlum olub ki, evdə xeyli ziyarətçi var. Aminat hamilə olduğunu deyərək, növbəsiz içəri keçə bilib. Bundan sonra o, şeyxə rus olduğunu və islamı qəbul etmək istədiyini deyib. Şeyx isə, necə deyərlər, onun ürəyindəkiləri, məqsədini sanki oxuyub. Aminata deyib ki, sən vaxtı ilə islamı qəbul etmisən. Amma qəlbinə şeytan girib, düz yolda deyilsən. Sənə kömək edərəm. Bunu deyərək, Aminatı başqa bir otağa keçirib, özü isə başqa ziyarətçilərə və tanışlarla danışmaq üçün bayıra çıxıb.

Şeyx yenidən otağa qayıdan kimi Aminat şəhid kəmərini işə salıb və sözgedən dəhşətli terror aktı baş tutub. Şeyxlə bərabər evdə olan bir neçə nəfər, o cümlədən Şeyxin 12 yaşlı nəvəsi də həlak olub...

Səbuhi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4630

Oxşar yazılar