Dünya onun üçün ağlayır
23 avqust 2012 11:52 (UTC +04:00)

Dünya onun üçün ağlayır

Suriyanın Hələb şəhərində həyatını itirən yaponiyalı jurnalist Mika Yamamotonun ailəsi və qohumları İstanbula gəliblər. Dünən axşam Yamamotonun cənazəsi ərinin iştirakı ilə xüsusi maşınla Hələbdən Türkiyəyə gətirilib. Mərhum jurnalist Suriyaya elə bu yolla getmişdi.

Lent.az-ın Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, Atatürk hava limanında təyyarədən enən Mikanın qohumları göz yaşları içində jurnalistlərin bəzi suallarına cavab veriblər. Mikanın bacısı Rumi Şinagava deyib: “Bacımın Suriyaya getdiyindən xəbərim vardı. Ölümündən bir-iki saat əvvələ mənə məktub yazmışdı. Mənə yaxşı olduğunu demişdi, hələ də öldüyünə inanmıram».



Asiya Xəbər Agentliyinin baş direktoru, jurnalistin dostu Akihiro Nonako da Mika haqqında danışıb: “Onu 22 ildir, tanıyıram. Mika Yamamoto daha əvvəl bizim agentlikdə çalışırdı. Kişilərin belə çəkinərək getmədiyi yerlərdən, konfliktli bölgələrdən reportajlar edərdi. İnanıram ki, onun Suriyada görəcəyi çox işlər yarımçıq qaldı. Böyük üzüntü içindəyəm”.

Jurnalistin 77 yaşlı atası isə qızının ölümündən bərk sarsıntı keçirsə də, deyib ki, Mikanın ölümündən bu qədər insanını sarsıldığını görəndə bir qədər təskinlik tapır: “İndi bütün dünya onun üçün ağlayır. Onun məsləkdaşlarına, həmkarlarına minnətdaram”.



Bu arada bir sıra Yaponiya telekanalları və qəzetləri Mikanın ömrünün son anında çəkdiyi videolentləri və fotoları yayımlayıb. Həmin dəhşətli anlarda Əsəd qüvvələrinin Hələbi necə bombardman etdiyi açıq görünür.

Səbuhi MƏMMƏDLİ
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3525

Oxşar yazılar