7 sot torpaqda elan edilmiş “dövlət”in şok gizlinləri -
09 avqust 2012 12:28 (UTC +04:00)

7 sot torpaqda elan edilmiş “dövlət”in şok gizlinləri -

Tatarıstanın Kazan şəhərində özünü “fayzrəhmançılar” adlandıran dini təriqət üzvlərinin illərlə zirzəmilərdə yaşaması, hətta uşaqları belə gün işığına həsrət qoyulması mediada ciddi rezonans doğurub. Bu barədə Lent.az-da da məlumat vermişdik (http://www.lent.az/xeber_99962_%C3%96lk%C9%99_%C5%9Fokda-_t%C9%99riq%C9%99t%C3%A7il%C9%99r_10_ildir_insanlar%C4%B1_zirz%C9%99mid%C9%99_saxlay%C4%B1rm%C4%B1%C5%9F_-_FOTO)

Özünü təriqət lideri Fayzrəhman Səttarovun davamçıları elan etmiş insanların sayı təkcə Tatarıstanda yüzdən çoxdur. Amma “fayzrəhmançılar”a Başqırdıstanda, Çuvaşiyada, Orenburq vilayətində də rast gəlmək mümkündür.

İndi bir sual maraq doğurur: kimdi axı, bu “fayzrəhmançılar”? Nə istəyirlər? Bu təriqətin mahiyyətində nə durur?

Əvvəlcə gəlin təriqətin banisi Səttarovun kimliyinə diqqət yetirək.

Bioqrafiyasına nəzər salanda, onun savadsız, cahil adam olmadığı görünür. O, SSRİ vaxtı Buxaradakı ali dini ruhani məktəbin təhsil alıb. 9 illik dini təhsildən sonra Leninqrad şəhər müsəlmanlarının imamı olub. Bundan sonra Rostov, Ufa kimi iri şəhərlərinin dini icmalarına da başçılıq edib

80-ci illərin ortalarından başlayaraq özünün yeni təriqətinin yaratdığını elan edib. Bu hərəkətindən sonra hətta bir çox dostları belə ondan üz döndərib.

Amma bununla belə istər Kazanda, istərsə də Tatarıstanın digər iri şəhərlərində, Nijni Kamsk və Naberjnı Çelnıda, Başqırdıstanın paytaxtı Ufada xeyli adamı öz tərəfinə çəkə bilib. Səttarov özünü “Nəsrulla” adlandırır və tərəfdarlarını inandırır ki, hər gecə yuxuda Allahı görür, onunla söhbət edir, ondan göstərişlər alır...

Səttarovun təliminə görə, onun tərəfdarları asket həyat tərzi sürməli, heç bir dünyəvi təhsil almamalı, onlara tibbi yardım belə göstərilməməlidir. Bundan başqa, “fayzrəhmançılar” alaqaranlıq otaqlarda yaşamalı, ətraf aləmlə az təmasda olmalıdır.

“Fayzrahmançılar” Məhəmməd peyğəmbəri sonuncu peyğəmbər kimi tanıyırlar. Quranı qəbul edirlər. Amma onların təliminə görə, Səttarovun yuxuda Allahdan aldığı tapşırıqlar da müsəlmanlar üçün qəbul edilməsi vacib olan məqamlardır.

“Fayzrəhmançılar”a görə, islamın beş əsas sütunu yox, 70 belə sütunu var ki, müsəlmanların çoxu onu bilmirlər. Həmin yerdə qalan 65 əsas əməl barədə isə yuxuda ona Allah özü bildirib.

Ümumiyyətlə, yuxu “fayzrəhmançılar”ın təriqətində önəmli rol oynayır. Təriqət lideri iddia edir ki, məsələn, Həccə getmək lazım deyil. Hər gecə böyük bir quş Məkkədən Kəbə daşını götürüb bir anlıq Kazana, Torfnyaya küçəsinə, “fayzrəhmançıların” yerləşdiyi məkana gətirir və dərhal da geri qaytarır. Bu o qədər sürətlə baş verir ki, gözlə görmək mümkün deyil. Səttarov “fayzrəhmançılar”ı inandıra bilib ki, Allah-təala özü yuxuda ona deyib ki, onun tərəfdarlarının hamısı artıq Hacıdır.

Səttarovun təlimində əsas məqamlardan biri də müxtəlif dini bayramların rədd edilməsidir. “Fayzrəhmançılar”a görə, dini bayramlar üzdəniraq, İslam heç bir dəxli olmayan müfti və imamların qazanc yerindən başqa bir şey deyil. “Fayzrəhmançılar” ancaq Qurban bayramını qeyd edirlər.

Kazan şəhərinin Torfnyaya küçəsində yerləşən mülkə yığışan “fayzrəhmançılar” buranı həm də özlərinin “dövləti” elan ediblər. Mülkün həyəti ilə birgə ümumi ərazisi 7 sotdan ibarətdir. “Fayzrəhmançılar”ın hamısı elə burda yaşayır. Qadınlar burda doğur, uşaqlar burda böyüyür.

“Fayzrəhmançılar”a bu mülkü iş adamlarından biri bağışlayıb. Bu təriqətin yolçusu olan bir iş adamı. Elə təriqət üzvlərini, onun liderini maliyyələşdirən də imkanlı “fayrzəhmançılar”dır. Maraqlıdır ki, imkanlı “fayzrəhmançılar” nədənsə hamı ilə bir yerdə yaşamırlar. Səttarov bununla bağlı suallara cavab da tapıb. Deyir ki, bir dəfə Allah yuxuda ona bəzi istisnalar etməyi tapşırıb.

Dünyasını dəyişən “fayzrəhmançılar” elə öz “dövlətləri”nin ərazisində basdırılır. Bunu onların özləri istəyirlər. Yaddan çıxmamış, təriqət üzvləri çox sadə geyinməyə üstünlük verirlər. Bunu da Səttarov özü təlqin edib. Tərəfdarlarına deyib ki, Allah yuxuda ona “xəlifə Ömər kimi sadə geyinin” - deyə, tapşırıq verib.

Və sonda. Tatarıstan Respublikası Ruhani İdarəsi “fayzrəhmançılar”ı bir təriqət, dini icma kimi rəsmən tanımır. İdarə rəsmiləri Səttarovu psixi xəstə hesab edirlər...

Səbuhi MƏMMƏDLİ
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 748

Oxşar yazılar