Bir çox cütlük çətin söhbətləri sonraya saxlayır və hər şeyin öz-özünə yoluna düşəcəyini düşünür. Lakin məhz toydan sonra pul, məişət, sərhədlər və gələcək planlarla bağlı fərqli gözləntilər üzə çıxmağa başlayır. Bu məsələlər əvvəlcədən müzakirə olunarsa, birgə həyat daha aydın, sakit və proqnozlaşdırılan olar.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər məhz yeddi mövzunun toydan əvvəl müzakirə edilməsini tövsiyə edirlər.
1. Maliyyə - kim nəyi ödəyir və pulu necə idarə edirsiniz?
Maliyyə məsələləri evlilikdə ən çox münaqişə yaradan səbəblərdən biridir. Büdcənin ümumi, yoxsa ayrı olacağını, böyük alış-verişləri kimin ödəyəcəyini və kreditlərə münasibətinizi əvvəlcədən danışmaq vacibdir. Hazırda hər şey aydın görünsə də, zaman keçdikcə baxışlar fərqlənə bilər.
Xərcləmə səviyyəsi, vərdişlər və prioritetlər də müzakirə olunmalıdır. Bir tərəf üçün qəfil alış-veriş normal ola bilər, digər tərəf isə ciddi büdcə nəzarətinə üstünlük verə bilər. Razılıq olmazsa, bu, daimi gərginliyə və qarşılıqlı narazılığa səbəb ola bilər.
2. Məişət - evdə kim, nə edir?
Romantika çox vaxt “zibili kim atacaq?” sualı ilə reallığa çırpılır. Buna görə də məişət işlərinin necə bölüşdürüləcəyini əvvəlcədən müzakirə etmək daha yaxşıdır: növbə ilə, şəxsi üstünlüklərə görə, yoxsa konkret qaydada.
Burada təkcə görüləcək işlər deyil, gözləntilərin səviyyəsi də önəmlidir. Bir tərəf üçün səliqə təmiz səthlər deməkdirsə, digər tərəf üçün evin hər küncünün ideal təmiz olması vacib ola bilər. Bu fərqlər danışılmasa, narazılıq və ədalətsizlik hissi yarana bilər.
3. Şəxsi məkan və sərhədlər
Yaxın münasibətlərdə belə hər kəsin şəxsi məkana ehtiyacı var. Bu, vaxt keçirmə tərzinə, dostlarla ünsiyyətə, hobbilərə və istirahət vərdişlərinə aiddir. Sərhədlər müzakirə olunmadıqda tərəflərdən biri təzyiq hiss edə, digəri isə uzaqlaşma kimi qəbul edilə bilər.
Birlikdə nə qədər vaxt keçirmək istədiyinizi, ayrıca vaxta nə qədər ehtiyac duyduğunuzu əvvəlcədən anlamaq vacibdir. Şəxsi yazışmalara, zənglərə və boş vaxta münasibət də açıq danışılmalıdır. Bu, narahatlığı azaldır və etimadsızlıq üçün zəmin yaratmır.
4. Qohumlarla münasibətlər
Toydan sonra valideynlər və qohumlarla münasibət məsələsi daha həssas olur. Ailələrə kim və nə qədər tez-tez baş çəkəcək, qohumların sizin qərarlarınıza müdaxiləsi nə dərəcədə qəbul ediləndir, sərhədlər haradan başlayır ?
Prioritetləri müəyyən etmək də vacibdir. Mübahisəli vəziyyətlərdə bir-birinizi necə dəstəkləyəcəyinizi əvvəlcədən bilmək münasibətlər üçün sağlam əsas yaradır. Bu, tərəfdaşla ailə arasında seçim etmək deyil, cütlük daxilində dəstəyi və şəxsi sərhədlərə hörməti qorumaqdır.
5. Uşaqlar və tərbiyə baxışları
Yaxın zamanda uşaq planlaşdırmasanız belə, bu mövzunu müzakirə etmək vacibdir. Ümumiyyətlə uşaq istəyib-istəmədiyinizi, nə vaxt, neçə uşaq arzuladığınızı və hansı tərbiyə prinsiplərinə yaxın olduğunuzu danışmaq lazımdır.
Fərqli baxışlar toydan sonra ciddi problemə çevrilə bilər. Məsələn, tərəflərdən biri sərt intizamın tərəfdarı, digəri isə daha yumşaq yanaşmanın tərəfdarı ola bilər. Bu fərqləri əvvəlcədən müəyyən etmək və ortaq məxrəcə gəlmək daha sağlamdır.
6. Karyera və həyat tərzi
Toydan sonra həyat ritmi tez-tez dəyişir: köçmək, iş dəyişmək, məsuliyyətlərin artması mümkündür. Hər biriniz üçün karyeranın nə qədər vacib olduğunu və tərəfdaşınızın işi naminə hansı kompromislərə hazır olduğunuzu danışmaq lazımdır.
Arzuladığınız həyat səviyyəsi barədə də söhbət etmək faydalıdır: səyahətlər, böyük alış-verişlər, istirahət forması və gündəlik həyat tərzi. Bu, gözləntilər reallıqla üst-üstə düşməyəndə yaranan məyusluğun qarşısını almağa kömək edir.
7. Münaqişələr - problemləri necə həll edirsiniz?
Hər cütlük mübahisə edir və bu normaldır. Vacib olan münaqişələrdən qaçmaq deyil, onları necə yaşadığınızı anlamaqdır. Kim susmağa meyllidir, kim dərhal danışmaq istəyir, hansı sözlər və davranışlar qarşı tərəfi incidə bilər. Bunları bilmək münasibət üçün önəmlidir.
Mübahisələr üçün qaydalar müəyyən etmək yaxşı təcrübədir: şəxsi təhqirlərə keçməmək, keçmiş inciklikləri xatırlatmamaq, emosiyalar güclənəndə fasilə vermək. Bu yanaşma çətin anlarda belə hörməti qorumağa kömək edir.
Toydan əvvəl səmimi söhbətlər etimadsızlıq deyil, münasibətlərə yetkin yanaşmadır. Vacib mövzular əvvəlcədən müzakirə olunduqda qeyri-müəyyənlik azalır, onunla birlikdə bir çox münaqişələrin də qarşısı alınır. Bu sualları sakit və düşünülmüş şəkildə müzakirə etmək cütlüyə dayaq hissi verir, birgə həyatı daha aydın və rahat edir.