ABŞ-da gələcək həyat yoldaşları toylarında yemək pulunu ödəmələrini tələb edərək qonaqları qəzəbləndiriblər. Bu barədə “Daily Mail” məlumat yayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, dəvət olunanlardan biri qeyri-adi xahişdən danışıb. Onun sözlərinə görə, toya dəvətnamədə cütlüyün qonaqlardan heç bir hədiyyə gözləmədiyi yazılıb. Bunun əvəzinə gələcək həyat yoldaşları tədbirdə veriləcək yemək üçün onlara pul köçürülməsini istəyib. Onlar böyüklərdən 40, 12 yaşınadək uşaqlar üçün isə 20 dollar köçürülməsini istəyiblər.
Qonaq qadın bəylə gəlinin qoyduğu şərtlərdən şoka düşüb və toy dəvətnaməsinin fotosunu internetdə paylaşıb.
Bir çox izləyici gələcək həyat yoldaşlarını qınayıb və bildiriblər ki, əgər toyun pulunu özləri ödəyə bilmirlərsə, toy etməməli idilər. Digərləri, əksinə, bu həlli həm cütlük, həm də qonaqlar üçün faydalı hesab ediblər. “Məncə, ağlabatandır! Bacımın toyuna 40 nəfər dəvətli gəlmədi. O, 40 əlavə yemək üçün pul ödəməli oldu” deyə bir nəfər yazıb.