Mübariz İbrahimov kimdir?  - Bir ordu adamla tək vuruşan QƏHRƏMAN
18 iyun 2026 17:23 (UTC +04:00)

Mübariz İbrahimov kimdir? - Bir ordu adamla tək vuruşan QƏHRƏMAN

0

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdür. 

Lent.az "Bioqrafiya" rubrikasında şəhid haqqında məlumatı təqdim edir:

-Mübariz İbrahimov kimdir?

Mübariz İbrahimov 2010-cu il iyunun 18-də Tərtər rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşən Azərbaycan şəhididir.

-Mübariz İbrahimov harada və nə zaman dünyaya gəlib?

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

-Mübariz İbrahimovun təhsil həyatı necə keçib?

1994-cü ildə M.Piriyev adına Əliabad kənd orta məktəbinin birinci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.

-Onun hərbi xidmət illəri hansı dövrü əhatə edir?

Məktəbi bitirdiyi il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. 2009-cu ilin avqust ayında könüllü olaraq hərbi xidmətə qayıdıb. Bu dəfə gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. 

-Yenidən hərbi xidmətə qayıtmasını ailəsi necə qarşılayıb?

O, hərbi xidmətə qayıdanda atası Ağakərim İbrahimov çox pis olub. Həyat yoldaşı Şamama İbrahimovaya deyib ki, övladımız əlimizdən getdi. Mübarizə söyləyib ki, müharibə başlayanda gedərsən. Amma o, atasına qulaq asmayıb.

-Mübariz İbrahimov hansı şəraitdə şəhid olub?

2010-cu il iyunun 18-də gecə saat 23:30 radələrində Tərtər rayonunun Çaylı kəndi yaxınlığında 22 yaşlı gizir Mübariz İbrahimov döyüş növbəsində olduğu vaxt düşmən tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində başlanan atışmada şəxsi rəşadət nümayiş etdirib. O, təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv edib. Daha sonra düşmənin öz silahlarını ələ keçirərək onlara qarşı istifadə edib. M.İbrahimov 5 saat onlarla təkbətək döyüşüb. Qəhrəman şəhidimiz düşməni ağır itkilərə məruz qoyub. Azərbaycan döyüşçüsü səhər saatlarında döyüşdə qəhrəmancasına şəhid olub.

-Şəhid olması haqqında ailəsi nələr danışıb?

"Oğlumun şəhidliyi bizim üçün ağır dərd oldu. Amma onun Vətən uğrunda canından keçməsi ilə qürur duyuram",-atası hər zaman onun haqqında danışarkən deyib. "Mübariz şəhid olandan sonra uzun müddət özümə gələ bilmədim. Elə bilirdim qapı açılacaq, içəri girəcək",-anası açıqlamalarının birində qeyd edib. 


 

-O, nə vaxt dəfn edilib?

Şəhid olduqdan sonra Mübariz İbrahimovun nəşi uzun müddət qarşı tərəfdə qalıb. Beynəlxalq təşkilatların, o cümlədən humanitar qurumların vasitəçiliyi ilə aparılan danışıqlardan sonra onun nəşi 141 gün sonra Azərbaycana qaytarılıb. 2010-cu il noyabrın 7-də Bakıda keçirilən vida mərasimindən sonra o, II Fəxri Xiyabanda dəfn edilib.

-Nə zaman Milli Qəhrəman adı verilib?

Azərbaycan Prezidenti tərəfindən 22 iyul 2010-cu ildə Mübariz İbrahimova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Bu ali dövlət mükafatı onun Vətən qarşısındakı xidmətlərinin və göstərdiyi igidliyin rəsmi təsdiqi olub.

 

-Mübariz İbrahimovun ailəsi vəziyyəti necə idi?

M.ibrahimov subay idi. 

-Ailəsinə sonuncu sözləri nə olub?

“Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim... Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”,-deyə son məktubunda yazıb.

-O, xalqın yaddaşında necə qalıb?

Bu gün Azərbaycanın müxtəlif bölgələrində Mübariz İbrahimovun adını daşıyan küçələr, məktəblər və abidələr mövcuddur. Onun haqqında sənədli filmlər çəkilib, kitablar yazılıb və hər il anım tədbirləri keçirilir. Azərbaycan Silahlı Qüvvələrində və gənclər arasında Mübariz İbrahimov vətənpərvərlik və qəhrəmanlıq nümunəsi kimi yad edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar