Musiqili Teatr Laçına layihə həsr etdi
02 dekabr 2020 12:48 (UTC +04:00)

Musiqili Teatr Laçına layihə həsr etdi

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bir-birinin ardınca maraqlı layihələr təqdim edir.

Teatrın mətbuat xidmətindən Lent.az-a bildirilib ki, yaradıcı heyətin tamaşaçılara təqdim etdiyi yeni layihə Laçın rayonunun işğaldan azad olunmasına həsr edilib.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin bədii rəhbərliyi ilə ərsəyə gələn “Laçına ithaf” kompozisiyası artıq sosial şəbəkə izləyicilərinə təqdim olunub.

Kompozisiyada ABŞ-da yaşayan həmyerlimiz, kamança ustası İmamyar Həsənovun (ANNA RF qrupu ilə) ifasında “Ay Laçın” xalq mahnısından və tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızının “Laçın” şeirindən istifadə olunub. İdeya müəllifi Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Zakir Ağayev olan gözəl sənət işinin quruluşçu rejissoru Samir Qulamov, quruluşçu operatoru Hikmət Şahverdizadə, quruluşçu rəssamı Vüsal Rəhimdir.

Teatrın istedadlı aktyorları, vokal ifaçıları — Əməkdar artist Səidə Şərifəliyeva, Mehriban Zaliyeva, Gültac Əlili, Aydan Həsənova, Səmədzadə Xasiyev, Əmrah Dadaşov və Emin Zeynallının qəlbi ovsunlayan, məlahətli səsləri, balet artistləri — İranə Kərimova və Məhəmməd Abdullayevin təsirli performansı sanki bizi doğma yurd yerlərimizə səsləyir. Təqdimatın özündə də elə beləcə qeyd olunur: “Yolumuz Laçınadır!”

Kollektiv üzvləri — istər teatrın aktyor heyəti, istər xor, istərsə də balet truppasının artistləri bundan sonrakı planlarını Şuşa, Laçın, Ağdam, Füzulidə və digər doğma məkanlarımızda davam etdirmək arzusunda olduqlarını bildirdilər.

# 1450
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar