Dünyada bu gün - VİDEO
27 noyabr 2020 09:04 (UTC +04:00)

Dünyada bu gün - VİDEO

CAHANGİR ASLANOĞLU

(1919-1998)

 

Azərbaycanın əməkdar mədəniyyət işçisi, aktyor və ssenarist Cahangir Aslan oğlu Məmmədov 27 noyabr 1919-cu ildə Bakı şəhərində dünyaya gəlib. “Sönməyən ulduzlar” Assosiasiyasının ilk sədri olub. 1997-ci ildə Azərbaycan Satira və Yumor Cəmiyyətini yaradıb, cəmiyyətin ilk sədri olub. Bir çox filmlərdə yaddaqalan obrazlar yaradıb. Rusiya və Litvanın müştərək istehsalı olan “Azadlıq şirin sözdür”, “Ad günü”, “Onun bəlalı sevgisi”, “İşarəni dənizdən gözləyin”, “Yay gününün xəzan yarpaqları”, “Qəzəlxan” və başqa filmlərə çəkilib. Cahangir Aslanoğlu 18 yanvar 1998-ci ildə Bakıda vəfat edib.

 

 

MUSA ABDULLAYEV

(1927-1979)

 

Azərbaycanın görkəmli hematoloq alimi, tibb elmləri doktoru, professor, filoloq-tərcüməçi Musa Mirməmməd oğlu Abdullayev 1927-ci il noyabrın 27-də Masallı rayonunun Qızılağac kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində, eləcə də Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsində təhsil alıb. 1942-1943-cü illərdə yaradılan “İldırım” antisovet millətçi tələbə-gənclər təşkilatına üzv olub. 1948-ci il noyabrın 11-də SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən həbs olunub və 10 il müddətinə Sibirə sürgünə göndərilib. 1955-ci il iyulun 22-də SSRİ Ali Məhkəməsinin qərarı ilə cinayət işinə xitam verilib, 1956-cı ildə bəraət alıb. 1958-ci ildə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Mərkəzində çalışarkən qanın laxtalanma sistemini tədqiq edib. 1963-1966-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda elmi katib işləyib. 1970-1979-ci illərdə Tibb İnstitutunun ikinci daxili xəstəliklər kafedrasına rəhbərlik edib. Əməkdar elm xadimi Fuad Əfəndiyevin yetirməsi olan Musa Abdullayev 8 avqust 1979-cu ildə Bakı şəhərində vəfat edib.

 

 

BRYUS Lİ

(1940-1973)

 

Dünyanın ən məşhur döyüşçü aktyoru, rejissor, ssenarist və idmançı Bryus Li 1940-cı ilin bu günü ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olub. Əsl adı Jun Fan Li olan aktyorun atası və anası Çin operasında aktyor olub. San-Fransiskoda Edisson Texniki Məktəbində və Vaşinqton Universitetində təhsil alıb. Film karyerasına 8 yaşında Honqkonqda başlayıb. Ümumilikdə 20 Çin filminə çəkilib. “Böyük döyüş”, “Çin səlistliyi”, “Əjdahanın yolu”, "Ölüm oyunu" və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. Qısa müddətdə Amerika kinosunda super ulduza çevrilib. Kunqfu ilə bərabər cüdo, ciu-citsu və boksu, müxtəlif silah növlərindən istifadə etməyi öyrənib, kunqfuda “Cit Kun Do” adı üslub yaradıb. Bryus Li 1973-cü il iyulun 20-də Honqkonqda vəfat edib və Sietldə dəfn olunub.

 

 

ZAKİR QARAYEV

(1941-2020)

 

AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Zakir Ömər oğlu Qarayev 27 noyabr 1941-ci ildə Qərbi Azərbaycanın Dilican mahalının Göyərçin kəndində ana­dan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya-gigiyena fakültəsində təhsil alıb. Azərbaycan İmmunoloqlar Cəmiyyətinin sədri, “İmmunitet və infeksiya” jurnalının baş redaktoru, Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və İmmunologiya kafedrasının müdiri, professoru, Mərkəzi Elmi Tədqiqat Laboratoriyasının direktoru, Leninqrad Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi-tədqiqat laboratoriyasının müdiri, Elmi-Tədqiqat Mikrobiologiya, Virusologiya və İmmunologiya İnstitutunun direktoru, İstanbul Universitetinin Tibb fakültəsinin professoru vəzifələrində çalışıb. 300-dən çox elmi əsərin, 4 monoqrafiyanın, 2 iri həcmli dərsliyin və bir dərs vəsaitinin müəllifidir. 2014-cü ildə AMEA-nın “Akade­mik Mirəsədulla Mirqasımov adına mükafatı”na layiq görülüb. Zakir Qarayev 2020-ci il noyabrın 24-də Bakıda vəfat edib.

 

 

ARAZ ELSƏS

(1971)

 

Azərbaycanlı ozan Araz Elsəs 1971-ci il noyabrın 27-də Güney Azərbaycanın Sulduz şəhərində doğulub. Uşaq yaşlarından musiqiyə böyük maraq göstərib. Siyasi baxışlarına görə 1991-ci ildə Quzey Azərbaycana köçmək məcburiyyətində qalıb. 1997-ci ildə Avropa Yazarlar Parlamentinin təşəbbüsü ilə Norveçdə siyasi sığınacaq alıb, 2000-ci ildə isə İsveçə köçüb. Araz Elsəs dəfələrlə Bakıda və müxtəlif ölkələrdə konsertlər verib.

 

 

MİRZƏ KAZIMBƏY

(1802-1870)

 

Böyük Azərbaycan alimi, filosof, dilçi və şərqşünas Mirzə Məhəmməd oğlu Kazımbəyin anım günüdür. O, 22 iyun 1802-ci ildə iranın Rəşt şəhərində anadan olub. 9 yaşında ikən anası ilə birlikdə Rəştdən Dərbəndə atasının yanına gəlib. Rus, ərəb, fars, ingilis, alman və fransız dillərini mükəmməl öyrənib. 17 yaşında ikən “Ərəb dilinin qrammatikası təcrübəsi” adlı ilk əsərini yazıb. 26 yaşında London Kral Asiya Cəmiyyətinin həqiqi üzvü, 33 yaşında isə Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib. 1824-cü ildən Kazan Universitetində, 1849-cu ildən isə Peterburq Universitetində çalışıb, burada Şərq dilləri fakültəsinin ilk dekanı olub. Qafqazda Şeyx Şamil hərəkatı, Azərbaycan tarixi, türk dillərinin qrammatikası haqqında və s. əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub. Mirzə Kazımbəy 27 noyabr 1870-ci ildə Peterburqda vəfat edib.

 

 

TOFİQ HACIYEV

(1936-2015)

 

Görkəmli türkoloq alim, akademik, filologiya elmləri doktoru, professor Tofiq İsmayıl oğlu Hacıyevin xatirə günüdür. O, 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Azər­­bay­can Dövlət Univer­site­tinin Fi­lolo­gi­ya fa­­kül­tə­sində təhsil alıb. Azərbaycanın maarif naziri, AMEA-nın Nəsimi adına Dil­çilik İnsti­tu­tu­­nun direktoru, Bakı Dövlət Uni­ver­si­te­tinin Türkologiya ka­fed­rasının müdi­ri vəzifələrində çalışıb. 20 kitabın, 400-dən çox elmi məqalənin müəllifidir. Elmi ya­ra­dı­cı­­lı­ğında “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı təd­qiqatlar mühüm yer tutub. “Şöhrət” ordeni ilə təltif edilən Tofiq Hacıyev 2015-ci il noyabrın 27-də dəm qazından zəhərlənərək vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

ƏJDƏR AĞAYEV

(1937-2018)

 

Azərbaycanın əməkdar müəllimi, pedaqoji elmlər doktoru, professor, şair və tənqidçi Əjdər Əbdülhüseyn oğlu Ağayev də bu gün xatırlanır. O, 1937-ci il oktyabrın 10-da Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsində və Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasında təhsil alıb. Salyan rayonunda müəllim, Təhsil İnstitutunda elmi işçi, baş elmi işçi, bölmə müdiri, şöbə müdiri, direktor müavini, Lənkəran Dövlət Universitetində kafedra müdiri, Təhsil Nazirliyi nəzdində Elmi-Metodiki Şuranın sədri, Ali Attestasiya Komissiyasında ekspert komissiyası sədrinin müavini vəzifələrində çalışıb. "Azərbaycan məktəbi" jurnalının baş redaktoru olub. 40 kitabın, monoqrafiya və dərsliyin, proqram və metodik tövsiyənin, 600-dən çox məqalənin müəllifidir. 200-dək şeirinə mahnı bəstələnib. Əjdər Ağayev 2018-ci il noyabrın 27-də Bakıda vəfat edib.

# 1432
avatar

Oxşar yazılar