Zəngilanda sərvətlərimizi talayan şirkətin rəhbərliyi beynəlxalq axtarışa verildi - RƏSMİ
02 noyabr 2020 11:25 (UTC +04:00)

Zəngilanda sərvətlərimizi talayan şirkətin rəhbərliyi beynəlxalq axtarışa verildi - RƏSMİ

Xəbər verildiyi kimi, Azərbaycanın işğal olunmuş Laçın, Kəlbəcər və digər işğal olunmuş rayonların ərazilərində erməni əsilli xarici dövlətlərin vətəndaşları olan şəxslərin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları üzrə Baş Prokurorluğun İstintaq idarəsində 2015-ci il oktyabrın 21-də və 2018-ci il aprelin 30-da Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci maddələri ilə (dövlət sərhədini qanunsuz keçmə) cinayət işləri başlanıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, həmin cinayət işlərindən biri – işğal olunmuş, lakin Milli Ordumuzun uğurlu əməliyyatları nəticəsində son günlərdə işğaldan azad olunmuş Zəngilan rayonunun Vejnəli kəndi ilə bağlı olub.

Belə ki, istintaq zamanı Baş Prokurorluğun İstintaq idarəsinin qərarı əsasında Azərbaycanın Vergilər Nazirliyi tərəfindən müəyyən edilib ki, Zəngilan rayonu Vejnəli kəndində əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edən İsveçrə Konfederasiyasında rəsmi qeydiyyatdan keçmiş “Vallex Group” şirkətlər qrupunun filialı olan «Base Metals» Qapalı Səhmdar Cəmiyyəti 2009-2017-ci illər ərzində cəmi 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə edib.

Qeyd edilən cinayət faktları ilə əlaqədar “Vallex Group” şirkətlər qrupunun maliyyə investoru, İsveçrə Konfederasiyasının vətəndaşı Vartan Sirmakes və rəhbəri Valeriy Mejlumyan, o cümlədən həmin şirkətlər qrupuna daxil olan “Base Metals” QSC-nin icraçı direktoru Artur Mkrtumyan Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barələrində məhkəmənin müvafiq qərarları ilə qiyabi həbs seçilməklə istintaq orqanı tərəfindən beynəlxalq axtarış elan edilib.

Həmin cinayət işi üzrə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş ziyanın məbləğinin dəqiqləşdirilməsi və digər istintaq üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə oktyabrın 30-da işğaldan azad olunmuş Vejnəli kəndində yerləşən uzun illər ərzində istismara məruz qalmış qızıl yataqlarının yerləşdiyi əraziyə hadisə yerinə baxış da daxil olmaqla digər zəruri istintaq hərəkətləri həyata keçirilir.

Həmçinin, cinayət işi üzrə Baş Prokurorluq tərəfindən zəruri istintaq hərəkətlərinin icrası məqsədi ilə İsveçrə Konfederasiyasının səlahiyyətli dövlət orqanlarına beynəlxalq hüquqi yardımın göstərilməsi haqqında vəsatətlə müraciət olunub.

Baş Prokurorluq bəyan edir ki, Ermənistan tərəfindən işğal olunmuş və artıq işğaldan azad edilmiş ərazilərimizdə qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərin milli və beynəlxalq qanunvericilik əsasında məsuliyyətə cəlb olunmaqla sanksiyaların tətbiq edilməsi məqsədi ilə beynəlxalq hüquq normaları çərçivəsində bütün mümkün olan tədbirlərin görülməsi təmin ediləcəkdir.

# 634
avatar

Mehman Nəbiyev

Oxşar yazılar