"Bu, Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir" - POLİTOLOQ
26 oktyabr 2020 10:55 (UTC +04:00)

"Bu, Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir" - POLİTOLOQ

“ATƏT-in Minsk qrupunun həmsədr ölkələri (Rusiya, ABŞ, Fransa) bir daha öz simalarını göstərdilər”.

Bu sözləri Lent.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. O bildirib ki, BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar 19 oktyabrda keçirilən qapalı iclasından sonra hazırladıqları bəyanat bunun sübutu olub:

“Belə ki, sözügedən bəyanatda TŞ-nin 1993-cü ildə qəbul etdiyi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almamışdı. Daha sonra Qoşulmama Hərəkatına üzv olan ölkələrin (İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent, Qrenadin) qətnamələrə istinadın daxil olunması təklifini qəbul etməyən həmsədr ölkələr bəyanatı geri çəkməyə məcbur oldular.

Təəssüf ki, geri çəkilən bəyanat layihəsində sırf atəşkəsdən qeydlər yer almışdı və layihədə Azərbaycan torpaqlarının işğala məruz qalması ilə bağlı heç bir məlumat yox idi. Bununla onlar sübut etdilər ki, Ermənistanın, yəni işğalçının tərəfindədirlər”.

Ş.Həsənovanın fikrincə, maraqlı məqamlardan biri budur ki, sözügedən qətnamələrin lehinə səs verən ölkələr arasında Fransa, ABŞ və Rusiya yer alıb:

“Özlərinin lehinə səs verdikləri qətnamələrin hazırlanan bəyanatda yer almaması isə onların bir daha işğala, haqsızlığa göz yummasının bariz nümunəsi oldu.

Artıq Ordumuzun apardığı uğurlu əks-hücum əməliyyatları ilə Təhlükəsizlik Şurasının sözügedən qətnamələri elə ölkə tərəfindən icra edilir. Hazırda Təhlükəsizlik Şurası tamamilə mənasız, lazımsız bir quruma çevrilib".

Politoloq, Azərbaycanın Qoşulmama Hərəkatına üzv olmasının əhəmiyyətlərindən söz açıb:

“Xüsusilə, bir çox müxalifət nümayəndələri bu Hərəkata qoşulmağın düzgün olmaması barədə əsassız fikirlər bildirirdilər. Hazırda sözügedən Hərəkata üzv olan ölkələrin Minsk qrupunun həmsədr ölkələrinin əsassız hazırladıqları bəyanat layihəsinin geri çəkilməsindəki rolu sübut etdi ki, Prezident İlham Əliyevin xarici siyasət xətti hər xırda detalına qədər uzunmüddətli hədəflərə hesablanıb.

Hesab edirəm ki, BMT-də ədalətsiz bəyanatın geri çəkilməsi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir”. 

# 736
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar