“Gördüm divar uçdu anamın üstünə...” – 11 oktyabr Gəncə dəhşətlərini Səbuhi Məmmədli yazır
16 oktyabr 2020 10:24 (UTC +04:00)

“Gördüm divar uçdu anamın üstünə...” – 11 oktyabr Gəncə dəhşətlərini Səbuhi Məmmədli yazır

“Gəncədə müharibə gedir? Gəncəni niyə vurursunuz? Döyüşürsünüz, kişi kimi döyüşün. Uşaqla döyüşürsünüz? O həmsədrlərdi-nədi, dünya birliyidi-nədi, görmür bunları?”..

Hamısı eyni sözü deyir. Sinirə bilmirlər. İllərdi yaşadıqları evlər bir gecənin, yox, nə gecə, bir anın içində dağılıb məhv olub. 10 nəfər həyatını itirib, onlarla yaralı var ermənilərin xain hücumu nəticəsində.

Oktyabrın 11-i gecə saat 2-yə qalmış şirin yuxudaykən evləri başlarına uçurub, bir anın içində toz-torpaq ərşə qalxıb, qışqırıq, həyəcan, heç kim nə baş verdiyini anlaya bilməyib əvvəlcə. Bir də onda ayılıblar ki, kiminin nəvəsi, kiminin övladı, kiminin atası, anası yanında yoxdur. Kimi dağılmış evlərin qalıqları altında qalıb, kimini isə partlayışın dalğası atıb neçə metr kənara.

***

Hadisənin baş verdiyi yerdəyik. İlk təəssürat: Burdan, bu dağıntılar arasında necə salamat çıxmaq olarmış?

Akifə Bayramova Lent.az-a danışır:

- Gəl bura, gəl bax, oğlum, mən burdan çıxmışam. Məni burdan tapıblar. Bu şüşə qırıntılarının, bu daş-kəsəyin içindən. Huşum da özümdə olmayıb. Səhər mənə deyəndə ki, səni burdan çıxardıq, Allahım, dedim, sənə şəkk eləyənə lənət, dedim. Nə baş verdiyini bilmirdik. Hər tərəf toz-duman içində. Əvvəl elə bildik zəlzələdir. Kimin ağlına gələr ki, cəbhə bölgəsindən on kilometrlərə uzaq olan bir şəhəri vursunlar?! Bu, faşizmdir. Özü də gecə vaxtı. Biz gözümzü açana kimi FHN, əsgərlər, qohumlar, dostlar özlərini yetirdilər. Səhərə kimi fənər, lampa işığında qəhrəman kimi çalışıblar o uşaqlar. Azca gecikmə olsaydı, ölən sayı çox olardı. Sübh açılanda əraziyə baxırıq, dəhşətə gəlirik. Ya rəbbim, deyirəm, sən özün bizə kömək ol. Biz burdan sağ çıxmışıq?

 

***

Məlumata görə, xain hücum nəticəsində 58 mənzil tam dağılıb, yerlə-yeksan edilib. Yüzdən çox mənzil və Qələbə parkının yaxınlığındakı həyət evlərinə ziyan dəyib. Ziyan dəyib deyəndə, artıq orda yaşamaq mümkünsüzdü. Eyni zamanda, şəhərdəki ticarət obyektlərinə, digər yaşayış binalarına da müxtəlif dərəcəli ziyan dəyib.

 

*** 

- Axşam yatmışdıq, gördük möhkəm səs gəlir. Mən yerimdən dik atıldım. İlk gördüyüm o oldu ki, divar anamın üstünə düşüb. İlk əlimdən gələn dəli kimi qışqırmaq oldu. İşıq sönüb, zil qaranlıq. Nə kibrit tapa bilirəm, nə şam. Huşum özümə gələndə artıq həkimlərin əhatəsindəydim. Anamı soruşdum. Sən demə, o da bütün gecə nalə çəkib, məni axtarıb.

 

Bu isə Sevinc deyir. Hələ də baş verənlərin şokundan ayrılmadığı üz-gözündən bəllidir.

 

***

- Yer yerindən oynadı qəfil. Hər şey - qapı-pəncərə, evdəki mebellər, divarlar üstümüzə gəldi. Hər şey, hamı yadımdan çıxmışdı. Gözüm Məryəmi axtarırdı. Uşaq yoxa çıxmışdı sanki evdən. Anası da havalı kimi qışqırırdı. “Məryəm” deyə hamımız bağırırdıq. Partlayışın dalğası Məryəmi kənara atmışdı. Uşaq dağıntıların altında qalmışdı.

 

Bunu isə Elmira Qurbanova deyir. 2 yaşlı Məryəmin nənəsi. Nə nənə, nə Məryəmin anası baş verənlərin stressindən çıxa bilməyib. Anası hələ də özünə gələ bilmir.

 

- İndi Məryəmi qucağımızdan yerə qoymuruq. Birimiz yorulanda, o birimiz götürür. Allah ikinci dəfə bəxş elədi onu bizə.

 

***

 

Söhbətləşdiyim insanların əksəriyyəti nə vaxtsa ermənilərin Gəncəyə kütləvi qırğına səbəb olacaq raket zərbəsi endirəcəyini heç xəyalına belə gətirmirmiş. Özü də SKAD-la vurulacağını. Bu lənətə gəlmiş SKAD-ın bir başqa adı “Elbrus”du. Biz hadisə yerində olanda ANAMA-nın mütəxəssisləri dağıntılar arasında qırğına səbəb olan raketin qalıqlarını axtarıb tapırdılar. Adının çəkilməsini istəməyən mütəxəssislərdən biri raketin mühərrik hissəsindən bir detalı göstərir. Barmağıyla həmin detalın üstündəki şifrəni açıqlayır:

 

- Baxın, bu, “Elbrus”un mühərrikinin detalıdır. Üstündəki şifrə bunu deyir. Bu raket kütləvi insan qırğını üçün deyil. Təyinatı başqadır. Ermənilər isə məhz daha çox adam qırmaq, panika yaratmaq üçün bundan istifadə ediblər. Biz indi bunları yığırıq – əliylə sellofan örtüyə yığılmış raket detallarını göstərir - araşdırmanı davam etdirəcəyik. Bu raketdən dinc insanlara qarşı istifadə etmək bəşəri cinayətdir.

 

***

 

Raketin düşdüyü yerdə böyük bir çala əmələ gəlib. Bütün evlərin dam örtüyü yerlə bir olub. Adama elə gəlir ki, ümumiyyətlə, burda nə ev olub, nə də insan yaşayıb. Qələbə parkında onlarla ağac qırılıb yerə düşüb. Parkın özünə də külli miqdarda ziyan dəyib. Ətrafda olan bir neçə avtomobili isə sanki yerə basdırıblar. Torpağın altındadı. Onlar daha heç nəyə yaramayacaq. Ətraf ərazi isə ev əşyaları, yorğan-döşək, qab-qacaq, mebellərlə doludur. Salamat qalan az şey var. Çox az adam evindən nəsə çıxara bilib. Hər şey dağıntılar altında, böyük əksəriyyəti isə yararsız.

 

***

 

- Bizim qonşu təzə ev almışdı burda. Elə sevinirdi ki, kirayədən canı qurtarıb. Təzəcə təmirə başlamışdılar. Bu qansızlar onu axıracan sevinməyə də qoymadılar. Amma yenə də Allaha şükür edir ki, özü və övladı sağdır. Maşın da qayıdacaq, ev də qayıdacaq, hər şey yaxşı olacaq. Əvvəlkindən də yaxşı olacaq” - deyib də gülür Akifə xala. Üzündən nikbinlik yağır. Baxmayaraq ki, həmin dəhşətli gecədə nəvəsi onu dağıntılar arasından zorla dartıb çıxarıb. Baxmayaraq ki, ömrü boyu yaşadığı ev...daha yoxdur.

 

***

 

“Gəncəyə ermənilərin raket atması nəticəsində evləri dağılan insanlar hamısı kirayə evlərə yerləşdirilib. Onlara yeni mənzillər tikilib veriləcək”. Bunu sakinlərlə görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov deyib. O, bildirib ki, həmin insanlar yaxşı şəraitli mənzillərlə təmin olunacaqlar: “Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman bu insanların yanındadır. Daim burada zərərçəkənlər barəsində maraqlanırlar”.

 

*** 

 

Hər gün viran qoyulmuş evlərinin kənarına yığışırlar. Dərdləşirlər. İllərlə qurduqlarını itiriblər, Həlak olanları, yaralananları var. Amma bircə anlıq da nikbinliklərini itirməyiblər.

- Əsgərimizdən artıq deyilik ki? Yağışın, günün altında vuruşurlar. Canlarından keçirlər, Bir evdi, itirmişik, qurban olsun dövlətimizə.

Bu vaxt həyətə böyük bir sinidə 5-6 çaydan çay gətirirlər. Qonşu kafedəndi, - deyirlər, - ürəyiniz nə istəyir, deyin, gətirək.

- Gəl otur bir çay içək.

Əyləşirik. Balaca uşaqlar isə dağıntılar arasında öz əşyalarını axtarır…

SON!

# 1867
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar