10:38
12 Oktyabr 2020

Goranboy və Tərtər top atəşinə tutuldu, yaralanan var - RƏSMİ

Ermənistanın silahlı qüvvələri oktyabrın 10-da saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluqdan Lent.az -a verilən məlumata görə, bu gün səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər, Ağdam və Goranboy rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Tərtər rayonu, Kəngərli kəndində top mərmilərinin partlaması nəticəsində 50 yaşlı Bəylərov Firudin Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda prokurorluq əməkdaşları mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Dİgər xəbərlər